Türkiyənin baş naziri Binəli Yıldırım Diyarbəkirdəki çıxışında açıqladığı “Doğu və Güneydoğu Yatırım dəstək Hamlesi” paketi geniş müzakirələrə səbəb olub. Paketdə əsasən kürdlər yaşayan bölgələrə 140 milyard yatırım edilməsi nəzərdə tutulur. Bu yardımla özəl sektorların inkişafına daha çox diqqət ayrılacaq.
Bütün bunlar təkcə Türkiyədə deyil, Azərbaycanda da birmənalı qarşılanmayıb. Əksəriyyət külli miqdarda yardımın qardaş ölkənin müharibə apardığı bölgələrə ayrılmasının doğru olmadığını düşünür. Reallıq odur ki, Türkiyə son illərdə ən ağır zərbələri məhz bu bölgələrdə məskunlaşan PKK terrorçularından alıb. İndi isə belə bir paketin hazırlanması suallar doğurur. Ekspertlər hesab edirlər ki, AKP hökumətinin bu qərarının arxasında siyasi çalarlar dayanır. İlk növbədə hökumət bu yolla kürdləri neytrallaşdırmaq xətti tutur. Qardaş ölkənin öz əraziləri olduğuna görə hökumətin bu yerlərin inkişafında maraqlı olduğunu önə sürənlər də az deyil...
Politoloq Şahin Cəfərli PKK terrorunun aktiv olduğu bölgələr üçün yardım edilməsinin təsadüfi olmadığını düşünür: “Türkiyə hökumətinin PKK terrorunun aktiv olduğu bölgənin sosial-iqtisadi inkişafı üçün yeni yatırım planları hazırlayıb, elan etməsi təsadüf deyil. Bu faktı son ayların hadisələri kontekstində qiymətləndirmək lazımdır. Bilirsiniz ki, dövlət 1984-cü ildən bəri Türkiyənin şərq və cənub-şərq bölgələrində PKK-ya qarşı mübarizə aparır, amma 2015-ci ilin sonlarından etibarən bu mübarizə fərqli xarakter alıb. PKK taktikasını dəyişərək Türkiyədə Suriya ssenarisini reallaşdırmağı qarşısına məqsəd qoymuşdu. Bu məqsədlə terror təşkilatı iri qruplar şəklində dağdan enərək şəhər və qəsəbələrin içərilərində möhkəmlənmişdi. Bu yeni taktika təhlükəsizlik qüvvələrinin işini xeyli çətinləşdirdi. Belə ki, onlar bina-bina, ev-ev sərt “təmizləmə” aparmaq məcburiyyəti qarşısında qaldılar. Ağır hərbi texnikanın da istifadə olunduğu əməliyyatlar nəticəsində minlərlə yaşayış binası, çoxlu sayda iş yeri, ofislər, mağazalar dağıldı, bəzi şəhər və qəsəbələr xarabazara çevrildi, yerli əhali öz evini, iş yerini itirərək başqa yerlərə köçməyə məcbur oldu. Bütün bunlar yerli əhalinin dövlətdən narazılığını artırıb. Həmin bölgələrdə rifah səviyyəsi onsuz da çox aşağı idi. Son hadisələr isə yerli əhalinin səfil-sərgərdan durumuna düşməsinə, hər şeyini itirməsinə səbəb olub. Dövlət bu vəziyyəti düzəltmək və yerli kürdlərin simpatiyasını yenidən qazanmaq məcburiyyətindədir. Əks təqdirdə, onların PKK-ya sığınmaqdan başqa alternativi qalmaz və terror təşkilatı yaranmış vəziyyətdən faydalanar”.
Politoloq verilən qərarı müsbət qiymətləndirdiyini söylədi: “Baş nazir Binəli Yıldırımın açıqladığı yatırım proqramına əsasən ölkənin şərq və cənub-şərqindəki 23 vilayətdə 140 milyard lirə həcmində layihələr həyata keçiriləcək. Bu vilayətlərdə 67 min yeni bina inşa ediləcək və əhaliyə pulsuz yeni mənzillər paylanacaq. Ev əşyalarını da dövlət hədiyyə edəcək. İş yerləri zərər görən vətəndaşlara faizsiz kreditlər veriləcək. Bölgədə fabriklər inşa olunacaq və işsizliyin səviyyəsi azaldılacaq. Dağılmış şəhər və qəsəbələr yenidən qurulacaq. Bütün bunlar həm də PKK-nın sosial bazasına zərbə vurmaq, terror təşkilatına qatılan gənclərin sayını minimuma endirmək məqsədilə edilir. Yəni dövlət əslində öz üzərinə düşən vəzifəni yerinə yetirir və atılan addımları bu baxımdan doğru qiymətləndirirəm”.
Ş.Cəfərli Türkiyə hökumətinin yatıracağı sərmayənin batması təhlükəsinin olduğunu da qeyd etdi: “Lakin məsələnin başqa tərəfi də var. Terror hələ davam edir. PKK türk ordusunun son əməliyyatları nəticəsində ağır zərbə alsa da, hələ aktivdir. Dövlət nə qədər ciddi təhlükəsizlik tədbirləri görürsə görsün, terrorçuların yenidən şəhər və qəsəbələrə sızması ehtimalı var. Çünki yerli əhalinin az da olsa, müəyyən faizi PKK-ya rəğbət bəsləyir və ona kömək edir, bu isə terrorçuların partizan taktikası ilə dövlətə qarşı mübarizə aparmasına münbit şərait yaradan amillərdən biridir. Digər tərəfdən, PKK aktiv fəaliyyətə başladığı gündən bu yana bölgədə dövlətin yatırımlarına və layihələrinə qarşı müntəzəm şəkildə diversiyalar həyata keçirir. Məsələn, tikintilərdə yanğınlar törədilir, inşaat işlərində istifadə olunan texnikaya od vurulur, fəhlələr oğurlanır, hətta öldürülür və s. Ötən illərdə çoxlu sayda bu tip hadisə baş verib və dövlət külli miqdarda maddi itkiyə məruz qalıb. Bütün bunların yenidən təkrarlanmayacağına təminat yoxdur. Bu səbəblə, dövlətin bölgəyə yatıracağı sərmayənin batması təhlükəsinin olduğunu söyləmək yanlış olmaz. Dövlət şübhəsiz ki, təhlükəsizlik tədbirlərini gücləndirəcək, amma bunun nə dərəcədə yetərli olacağını söyləmək çətindir. Qonşu Suriya və İraqda cərəyan edəcək proseslər də bu baxımdan böyük önəm daşıyır. Əgər bu ölkələrdə terror təşkilatları zərərsizləşdirilərsə və ərazi bütövlüyü çərçivəsində dövlət hakimiyyəti yenidən təmin olunarsa, onda Türkiyə daxilindəki terror da səngiyəcək. Suriya və İraqda hazırkı qeyri-sabitlik davam edəcəyi təqdirdə isə, indi müşahidə etdiyimiz kimi, bunun Türkiyəyə mənfi təsirləri qaçılmazdır”.
musavat
