Milli valyuta olan manat hər gün ucuzlaşmaqda davam edir. Azərbaycan Mərkəzi Bankı 5 sentyabr tarixinə valyuta məzənnələrini açıqlayıb və ABŞ dollarının rəsmi məzənnəsi 1,6362 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi isə 1,8281 manat təşkil edir. Ölkə bankları on beş günə yaxındır ki, dollar və avro satmaqdan imtina edib. Bəzi banklar yüz dollar satırlar ki, bu da bankların qarşısında uzun növbələrlə nəticələnib. Ekspertlər bildirirlər ki, manatın məzənnəsini bu yolla saxlamaq mümkünsüzdür. Həmçinin dolların satılmaması ajiotajı və manata psixoloji təzyiqləri artırır.
Professor Elşad Məmmədov musavat.com-a bildirib ki, iqtisadiyyatda mövcud olan problemlər səbəbindən son günlər valyuta bazarında baş verən gərginlik bir çox makroiqtisadi problemlərlə nəticələnə bilər: “Belə ki, ekspert hesablamalarına görə, hətta istehlakın azalmasını nəzərə aldıqda belə, hazırkı şəraitdə ölkədə idxalın həcmi təxminən 8-9 milyard dollar təşkil edir. Bildiyimiz kimi, ilin əvvəlindən ölkənin Mərkəzi Bankı faktiki olaraq valyuta bazarında intervensiyaları dayandırıb. Beləliklə, valyuta bazarında dollar təklifinin bu ildən faktiki olaraq tam əksəriyyətini Dövlət Neft Fondu təmin edir. Dövlət Neft Fondunun bazara çıxardığı valyuta isə bir ayda təxminən 400 milyon manat təşkil edir ki, bu da aylıq idxalın pul ifadəsinin təxminən 50 faizinə bərabərdir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, hərraclarda əldə edilən valyutanın heç də hamısı idxalın təmin edilməsinə yönəldilmir. Çünki məlumdur ki, bankların və digər qurumların xarici öhdəlikləri, dollarda ifadə olunan depozitlərə xidmət göstərilməsi, əhalinin, o cümlədən milli valyutaya inamın azalmasına görə dollar əldə etmək səyləri, ölkə xaricində müəyyən investisiya layihələri və digər kapital axınına səbəb olan amillər də mövcuddur. Onlar da dollara tələbatın mühüm hissəsini təşkil edir. Bunları nəzərə aldıqda, Neft Fondunun hərraca çıxardığı dolların həcmi sözsüz ki, mövcud tələbatı ödəmir və ödəyə də bilməz. Mərkəzi Bankın dollar əldə etmək üçün banklara banklararası hərraclara müraciət etmək tövsiyəsinə gəldikdə, bu ən azından təəccüb doğurur. Çünki hazırkı dollara tələbatın dəfələrlə təklifi üstələdiyi şəraitdə Mərkəzi Bank səlahiyyətliləri yaxşı bilməlidirlər ki, banklararası hərraclarda dollar əldə etmək nə dərəcədə problematikdir. Daxili bazarın idxaldan asılılığının yüksək səviyyədə olduğunu və bankların hərraclarda əldə etdikləri dollar resurslarının ilk növbədə idxalçılara deyil, öz cari problemlərinin həllinə yönəldəcəyini nəzərə aldıqda, hazırkı pul siyasətində ciddi korreksiyalar aparılmazsa, idxalda problemlərin yaranması ehtimalı çox yüksələcək. Bu isə daxili bazarın əmtəə resursları ilə təminatında problemlərə səbəb ola bilər. Bu problemlərə qarşı hökumətin iqtisadi bloku təcili profilaktik tədbirlər həyata keçirməlidir. Bu tədbirlər bir tərəfdən dollar resurslarının bazarda artırılmasına istiqamətlənməli, digər tərəfdən isə bu, hazırkı iqtisadi durumda daha tez effekt verən istiqamətdir, ölkədən kapital axınının qarşısı alınmalıdır. Əks halda, daxili bazarın formalaşmasında hazırda mühüm rol oynayan və yaxın gələcəkdə də önəmli rol oynayacaq idxalda ciddi problemlər meydana çıxa bilər ki, bu, yolverilməzdir”.
Ekspert Əkrəm Həsənov isə dollar qıtlığına münasibət bildirərkən deyib ki, əgər bizim valyuta ehtiyatlarımız elan olunandan azdırsa, dollar 2 manatı deyil, 3 manatı da keçəcək. Onun sözlərinə görə, son situasiya göstərir ki, manatla bağlı iki variantdan biri baş verəcək: “Birincisi, Mərkəzi Bank devalvasiyaya gedəcək. Bu, həm kəskin, həm də tədricən ola bilər. Bugünkü vəziyyətdə dollar almaq mümkün deyil. Bu da çox davam edə bilməz. İkinci variant odur ki, dollar satışı davam edəcəyi halda, xaricdəki aktivlər Azərbaycana gətirilməlidir. Bu da o deməkdir ki, valyuta ehtiyatlarımız azalan xətlə gedəcək”. Onun sözlərinə görə, ilin sonuna qədər kəskin devalvasiya qaçılmazdır: “Manat sərbəst buraxılsa, 1 dollar iki manatı keçəcək. Hara kimi gedib çıxacağı da məlum deyil . Dollar 3 manata qədər də gedib çıxa bilər. Bu, valyuta ehtiyatlarının həcmindən asılıdır. Mərkəzi Bank 4 milyard, neft fondunda isə 35 milyard ehtiyat olduğu deyilir. Amma həmin ehtiyatların hamısı pulda deyil. Bu ehtiyatların xeyli hissəsi daşınmaz əmlakda və başqa sahələrdədir. Əgər bizim valyuta ehtiyatlarımız elan olunandan azdırsa, dollar 2 manatı deyil, 3 manatı da keçəcək”.
Ekspert Rəşad Həsənov isə qeyd edib ki, bankların valyuta satışını məhdudlaşdırmasının əsas səbəbi odur ki, banklar tələb olunan valyutanı hərraclarda əldə edə bilmir: “Hərraclara çıxarılan valyutanın həcmi ümumi tələbatdan on dəfə aşağı olur”.
Onun sözlərinə görə, hazırda idxal ilə bağlı mövsüm dövrüdür və belə bir şəraitdə biznesin dollara tələbi artıb: “Banklar daha çox bu istiqamətə üstünlük verir. Məhz bu səbəbdən də bəzi banklar demək olar ki, valyuta satışını həyata keçirmir və yaxud məhdudlaşdırıb”. O deyib ki, manatın məzənnəsinin itirmə ehtimalı da davam edir: “Ölkəyə daxil olan dolların həcmi kifayət qədər aşağı düşüb”. Ekspertin sözlərinə görə, neftin qiyməti hansısa fors-major səbəblərdən qısa müddətə bahalaşmazsa, növbəti dövrlərdə manatın ucuzlaşması davam edəcək və bu, ucuz neft satışının müddətindən asılı olacaq.
musavat
