|
Azərbaycanın ÜTT-yə üzvlüyü niyə yubanır?
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsi yenidən müzakirə olunur. Ekspertlər iyirmi ilə yaxın müddətdə aparılan danışıqların nəticəsinin olmamasının səbəblərindən danışıblar. 

Bəzi ekspertlərin fikrincə, ölkə bu quruma üzvlüyə hazır olmadığı üçün hələ ki bu addımı atmaq istəmir. Üstəlik, monopoliyanın qalmasında maraqlı olan çevrələr Azərbaycanın ÜTT-yə üzvlüyünün gecikməsinə çalışır. Bəzi ekspertlər isə qeyd edirlər ki, Azərbaycanın bu quruma daxil olmaması həm də siyasi məsələdir və ölkə Rusiya ilə müəyyən manevr imkanlarına görə bu addımı atmır.

Ekspert Rəşad Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, ÜTT-yə üzvlüklə bağlı bir sıra problemlər qalmaqdadır: “Məsələ ondadır ki, Azərbaycan hökuməti ÜTT-yə daxil olmamasında əsas problem kimi iki əsas istiqamət göstərir. Birincisi kənd təsərrüfatına ayrılan yardımların həcmi ilə bağlıdır. İkincisi isə Azərbaycanın gəlirli ölkə olaraq quruma qəbul olunması istəyi ilə əlaqədardır. Çünki Azərbaycan bu statusda daxil olmaq istəmir. Rəsmi açıqlamalar onu göstərir ki, bu şərtlər daxilində Azərbaycan bu quruma daxil olmaqda maraqlı deyil. Diqqətçəkən təcrübədir ki, 18 ildir ÜTT ilə danışıqlar gedir, bir çox ölkələrlə ikitərərfli razılaşmalar var. Amma hələlik açıq məqamlar kifayət qədər çoxdur. Burada hökumətin daha çox üzərində dayandığı məsələ məhz kənd təsərrüfatına dotasiyaların həcmi ilə bağlı məsələdir. Çünki hökumət əsaslandırır ki, Azərbaycanda məşğulluğun əsas təminatı kənd təsərrüfatı sektorudur. Bu sektorun inkişafı istiqamətində hələlik bundan sonrakı uzunmüddətli dövrdə subsidiyaya, yardımlara ehtiyac var.  
Bir məsələyə diqqət çəkmək istəyirəm ki, hazırkı müzakirələr heç də tam əsaslandırılmış məqamlar deyil. O baxımdan ki, son dövrlərdə ÜTT-yə daxil olan ölkələrin təcrübəsindən görürük ki, hansısa məqamlar üzərində ayrı-ayrılıqda yanaşma ortaya qoyulur. Son olaraq Rusiyanın ÜTT-yə qəbul olunması yeddi il müddətində Rusiyaya güzəştlərdən istifadə hüququnun verilməsi şərtləri daxilində oldu. Azərbaycan da bu imkanlardan istifadə edə bilər. Əgər həqiqətən də ÜTT-yə qəbul olmaqda qərarlıdırsa, güzəştlər istəyə bilər. Burada düşünürəm ki, əsas məqamlardan biri məhz Azərbaycanda əvvəlki dövrlərdə formalaşmış oliqarx biznesi, monopoliya, inhisarçılıq kimi məqamlar idi və bu, imkan vermirdi ki, Azərbaycan hökuməti birbaşa olaraq ÜTT-yə üzv qəbul olunmaq barədə qərar versin. Çünki Azərbaycan ÜTT-yə qəbul olunursa, bu zaman iqtisadiyyatın liberallaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır. 
 
Belə olduğu təqdirdə də təbii ki, artıq Azərbaycanda hansısa istiqamətlərdə inhisarçılığın qorunub saxlanması mümkünsüz məsələyə çevrilə bilər. Belə məqamlar var və məhz bu kimi məqamlar liberal iqtisadi mühitinin formalaşmasına ölkə tam hazır olmadığına görə bu istiqamətdə konkret qərar qəbul olunmur. Lakin düşünürəm ki, hazırkı şərtlər daxilində Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsində, ixrac potensialının istifadəsində əsas məqamlardan biri də məhz quruma daxil olma prosesinin sürətləndirilməsi və ən qısa müddətdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasının təmin edilməsidir”.
İqtisadçı alim Fikrət Yusifov isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, artıq bir neçə ildir Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı müxtəlif səviyyələrdə müzakirələr keçirilir: “Ümumdünya Ticarət Təşkilatına üzv olmaqla bağlı Azərbaycan hökuməti hələ 23 iyun 1997-ci il tarixdə bu quruma müraciət etmişdi. Bu illər ərzində Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı çoxtərəfli danışıqlar davam etdirilir. Azərbaycan üzrə ÜTT katibliyində yaradılmış İşçi Qrupun 2004-cü ildən başlayaraq ardıcıl olaraq toplantıları keçirilir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı sonuncu, 13-cü iclas 22 iyul 2016-cı il tarixdə Cenevrə şəhərində keçirilib. Bu illər ərzində Azərbaycan ÜTT-yə üzv olması məqsədilə 21 dövlətlə ikitərəfli danışıqlar aparır. Danışıqlar zamanı Azərbaycanın mal və xidmətlər bazarına çıxışına dair məsələlər müzakirə olunur, xüsusi əhəmiyyət kəsb edən sahələrin qorunması ilə bağlı zəruri tədbirlər görülür. Danışıqlar prosesi bizi bu təşkilata nə qədər yaxınlaşdırsa da hesab edirəm ki, hələlik bu təşkilata tam hüquqlu üzv olmağın zamanı çatmayıb. Biz yalnız ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafını lazım ola biləcək səviyyəyə qədər inkişaf etdirdikdən sonra bu təşkilata üzv ola bilərik”.
 
Ekspertin sözlərinə görə, bu gün bizim əsas vəzifəmiz yerli istehsalı xarici bazarların təsirindən qorumaqla onun sürətli inkişafını təmin etməkdən ibarətdir: “Real sektorun inkişafının indiki məsuliyyətli mərhələsində Azərbaycan hökumətinin ÜTT-yə üzvlüklə bağlı tutduğu mövqe tamamilə doğru bir mövqedir. Bu məsələdə tələsmək olmaz. Belə bir təşkilata üzv olmaqda məqsədimiz onun imkanlarından maksimum bəhrələnmək olmalıdır. Ona görə də üzvlük yalnız ona tam hazır olacağımız zaman baş tuta bilər”.
 
Bütün deyilənlərə rəğmən əksər ekspertlər danışıqların sürətləndirilməsinin tərəfdarıdır. Onların fikrincə, ÜTT-yə üzvlük ölkə iqtisadiyyatı üçün neftin qiymətinin aşağı düşməsi fonunda daha vacibdir. Bildirilir ki, Azərbaycan ÜTT-yə üzvlüyünü gecikdirməklə çox böyük risk altına girir. Gecikmə ölkəni gələcəkdə əsassız tələblərlə üz-üz qoya bilər. Ancaq ortalıqda siyasi iradə olsa, Azərbaycanın qısa zamanda təşkilata üzv olması mümkündür. 
musavat