|
Referenduma 20 gün qaldı-müxalifətin müqaviməti sıfırdır
Sentyabrın 26-də keçiriləcək konstitusiyaya düzəlişlər üzrə referenduma sayılı günlər qaldı. Artıq təşviqat kampaniyasına start verilib. Proseslərdə iqtidara yaxın yalnız üç təşviqat qrupu iştirak edir. Bunlar hakim partiya tərəfindən yaradılmış “Yeni Azərbaycan”, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən yaradılmış “Vətəndaş cəmiyyəti” və Bələdiyyə Şuraları tərəfindən yaradılmış “Bələdiyyə” qruplarıdır.

Kampaniyada müşahidə olunan hal odur ki, ölkə müxalifəti referendumun keçirilməsinə müqavimət göstərmək iqtidarında deyil. Əksər siyasi qurumlar boykot qərarı versələr də, Müsavat və REAL hərəkatı imzatoplama kampaniyasında iştirak etdilər. Müsavatın təşviqat qrupu qeydə alınmadı, REAL isə kampaniyanın bitməsinə iki gün qalmış geri çəkildi. Bununla da müxalifət tamamilə referendumdan təcrid olundu. 

Doğrudur, Milli Şura sentyabrın 11-nə, Müsavat isə 18-nə mitinq təyin ediblər. Əksəriyyət bu tipli aksiyaların müxalifətin varlığını göstərmək üçün edildiyini düşünür. Bütün bunların fonunda iqtidarın da ünvanına qınaqlar var. Müxalifətə qarşı sərt münasibət, təzyiqlər, yaradılan təşviqat qruplarının qeydə alınmaması ciddi şəkildə tənqid olunur.
 
 Image result for Bəxtiyar Sadıqov
 
“Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov bildirdi ki, Azərbaycan hakimiyyəti istər referendum, istərsə də digər seçkilər olsun, müxalifətin daim iştirakını istəyir: “Müxalifətə kifayət qədər şərait yaradılıb. Biz heç zaman müxalifəti proseslərdən təcrid etmək niyyətində olmamışıq. Çünki Azərbaycanda demokratik cəmiyyət mövcuddur. Bu cəmiyyətin mühüm tələblərindən biri mətbuat və söz azadlığıdırsa, digər tələblər müxalifətin mövcudluğu, fikir plüralizmi, çoxpartiyalı sistem və digərləridir. Bütün bunların hamısı Azərbaycanda təmin olunub. Müstəqillik dövründə artıq 3-cü referendum keçiriləcək. Bununla bağlı Konstitusiya Məhkəməsi akta baxıb və müsbət rəy verib. Təşviqat qrupları da müəyyənləşib. Referendumun dünya üzrə qanunvericiliyə əsasən olan tələbləri mərhələlərlə həyata keçirilir. Müxalifətin passivliyini iki səbəblə izah edərdim. İqtidar tərəfdən heç bir məhdudiyyət, onların hüquqlarının məhdudlaşdırılması halları yoxdur. İndiyə qədər elə bir hal olmayıb ki, müxalifət bununla bağlı hansısa bir tədbir keçirmək üçün müraciət etsin, iqtidar da cavab verməsin. Belə hal ola da bilməz. Müxalifətin mövcudluğunu qəbul edirik və buna görə də onların fəaliyyətini məhdudlaşdırmaq niyyətində deyilik. Qeyd etmək istədiyim iki məqamdan biri odur ki, bu proseslərdə iştirak etmək üçün ilkin mərhələdə 2 min, sonradan isə 40 min imzanın toplanmasından söhbət gedir. Azərbaycanda hazırda mövcud olan siyasi qurumların sosial bazaları olduqca zəifdir. Fəalları da olduqca azadır. Onlar artıq bu cür müxalifətçiliyin düzgün olmadığını dərk ediblər və onun sıralarını tərk ediblər. Ona görə təşviqat qrupu yaratmaq, proseslərdə iştirak etmək üçün kifayət qədər sosial bazaları, kadrları yoxdur. İmza toplamaq imkanları sıfırdır. İkinci əsas məqam isə budur ki, müxalifət ediləcək dəyişikliklərlə tanış olub və bunların zamanın tələbindən irəli gəldiyini dərk ediblər. Müstəqil Azərbaycanın inkişafına bu dəyişikliklərin müsbət keyfiyyətlər verəcəyini yaxşı anlayırlar. Ona görə yığışıb bunu analiz ediblər, sonda bunlara qarşı çıxmağın düzgün olmadığı qənaətinə gəliblər. Mövqeyimiz daim bu olub ki, biz konsturuktiv müxalifətin tərəfdarıyıq. Əgər bir məsələ Azərbaycanın gələcəyinə xeyir verəcəksə, inkişafa yol açacaqsa, burada süni müxalifətçilik etməyə gərək yoxdur. Əksinə, müxalifət bu işlərə dəstək verməlidir. Etmirsə, razılığını bildirməlidir. Hesab edirəm ki, hər iki variant mümkündür. Mənə elə gəlir ki, müxalifət bu dəfə referendumdan razıdır. Ona görə müəyyən mənada passivlik göstərir. Bu da müxalifətin özünəsayaq razılıq əlamətidir”.
 
Image result for Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev
 
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev iqtidar təmsilçisinin dediklərinin əksini düşünür:“Azərbaycanda siyasi düşərgənin sıradan çıxarılması üçün hakimiyyət əlindən gələni edir. Açığı, Heydər Əliyevin prezident olduğu dönəmlərdə ölkənin siyasi sferası zəiflədilməmişdi. Normal şəkildə onun mövcudluğu qorunub saxlanılırdı. Müxalifətin təşkilatlanmağına maneələr yaradılmırdı. Amma sonradan, yəni Heydər Əliyevin hakimiyyətindən sonra müxalifətin imkanları daralmağa başladı. Hazırda Azərbaycan müxalifəti formal olaraq mövcudluğunu qoruyub saxlamağı bacarıb. Hakimiyyət hər vəchlə müxalifəti proseslərdən kənarda tutmağa çalışır. Düşünürəm ki, bu duruma düşməyimizə ilk səbəb iqtidarın ölkədə yürütdüyü siyasətdir. Güclü hakimiyyətlər güclü də müxalifətə sahib olurlar. İnkişaf etmiş ölkələrdə bunun şahidi oluruq. Ölkə müxalifətinin qarşıdan gələn referendumla bağlı passivliyi hakimiyyətin apardığı siyasətlə birbaşa bağlıdır. Bütün bunlar hakimiyyəti getdikcə zəiflədəcək. Hesab edirəm ki, konstitusiya dəyişikliyi iqtidarı düşdüyü mövcud vəziyyətdən çıxara bilməyəcək. Bütün bunlara müqavimətimiz bu gün bəyanatlara və müşahidələrimizə əsaslanır”.
musavat