|
Həmsədrlərin Moskva görüşü - Qarabağ üçün daha bir fürsət, yoxsa...
Apreldəki 4 günlük müharibənin üstündən daha bir ay ötdü. Lakin əgər aprel hərbi eskalasiyasından sonrakı ilk aylarda Qarabağ danışıqlarında müəyyən ümidverici canlanma müşahidə olunurdusa, indi sanki yenidən hər şey təzədən köhnə məcrasına qayıtmış kimi görünür, real nizamlamaya yönəlik fəaliyyəti sülh haqqında ənənəvi şablon və növbətçi bəyanatlar əvəzləməyə başlayıb. 
 
Bəs səbəb nədir, ilkin sülh anlaşması üçün ciddi fürsət sayılan bir dönəm nədən yetərincə dəyərləndirilmədi, yoxsa hələ hər şey itirilməyib? Bu sualların cavabı qarşıdakı aylarda sülh, yoxsa müharibə dilemmasının necə çözüləcəyinə aydınlıq gətirməlidir.

*****    
 
“Dağlıq Qarabağda sülh mümkündür”. Bunu bir neçə gün öncə özünün twitter səhifəsində amerikalı həmsədr Ceyms Uorlik konflikt ətrafındakı son durumla bağlı yazıb. Sülh, əlbəttə ki, mümkündür. Lakin bir şərtlə ki, onu hamı eyni dərəcədə arzulasın. Təkcə arzulamasın, həm də bu yöndə səmimi şəkildə, sinxron fəaliyyət göstərsin, nəinki problemi siyasi bazarlıq predmetinə çevirsin, yaxud daha betəri, ədalətli sülhə əngəllər yaratsın.
 
Image result for Dağlıq Qarabağ
 
Söhbət xüsusilə də vasitəçi dövlətlərdən, ilk növbədə isə Rusiyadan gedir. Niyə məhz Rusiya? Ona görə ki, Kremlin Qarabağ münaqişəsini ədalətli şəkildə çözmək potensialı hamıdan çoxdur. Demək, bu günədək ixtilafın həll olunmamış qalmasının əsas baiskarı da ilk növbədə Rusiyadır - öz potensialını bu problemin çözümünə yönəltmədiyi üçün.
Yeri gəlmişkən, bu həftə rəsmi Moskva Qarabağ problemi müstəvisində daha bir diplomatik təşəbbüsə müəlliflik və ev sahibliyi edəcək. Sentyabrın 8-də Rusiya paytaxtında ATƏT-in Minsk Qrupunun həmsədrləri bir araya gələcəklər. Onlar Qarabağa dair nizamlama prosesinin bundan sonrakı mümkün inkişaf istiqamətlərini müzakirə edəcəklər. 
 
Bu müzakirələr eyni zamanda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tezliklə baş tutub-tutmayacağı məsələsinə də aydınlıq gətirməlidir. Məlum olduğu kimi, belə bir görüş ötən ay Fransanın paytaxtı Parisdə reallaşmalı idi. Lakin alınmadı, vasitəçilərin ön hazırlıqları təmasın baş tutmasıı üçün yetərli olmadı. 
Belə görünür, Minsk Qrupunun Qərbdən olan həmsədrləri - ABŞ və Fransa da buna bir elə maraq göstərmədi. Bəzi siyasi analitiklərə görə, əsas səbəb Fransanın başının daxildə terrorla mübarizəyə, ABŞ-da isə yaxınlaşan prezident seçkilərinə qarışması ilə bağlıdır.  
 
Image result for Uorlik
 
***** 
 
Moskva görüşü həm də belə gəlişmələr fonuna təsadüf edir. Odur ki, Rusiyadakı tədbirin irəliləyişə gətirib-gətirməyəcəyini söyləmək çətindir. Hərçənd aprel müharibəsindən sonra aylar ötdükcə, yeni və daha böyük müharibə ehtimalı da artır və bunu vasitəçi dövlətlər ciddiyə almaya bilməz. 
 
Yəni sülh prosesində hər ləngimə sövq-təbii onun əldə olunmasını çətinləşdirir, hərb variantının xeyrinə işləyir. Rusiyadakı müzakirələrə xüsusi çalar verən daha bir mühüm faktor məhz budur. Bəs Moskva müzakirələri nizamlama prosesini dalan vəziyyətdən çıxarmaq üçün nəhayət, çoxdan gözlənilən katalizator rolu oynaya biləcəkmi, sülh prosesində real dönüş başlayacaqmı? Ümumiyyətlə, Moskva təması ilə əsas gözlənti nədən ibarətdir? 
 
Siyasi icmalçıların bu xüsusda proqnozları birmənalı deyil. Məsələn, Rusiya prezidentinin səlahiyyətli şəxslərindən olan tanınmış politoloq Sergey Markov hələ də ümidlidir ki, ilini sonunadək problemin həllində dönüş yaranacaq. Bənzər fikri Kremlin “danışan” dillərindən sayılan tarixçi-analitik, Rusiyadakı Avrasiya Hərəkatının lideri Aleksandr Duqin erməni KİV-ə müsahibəsində deyib. Duqin onu da bildirib ki, “Lavrov planı” əsasında Dağlıq Qarabağın Azərbaycanın tərkibində de-yure qalması sonsuzadək təmin olunacaq.     
“Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda gedən danışıqlar prosesində çox mühüm hallar baş verir”. Bu sözləri isə axar.az-a açıqlamasında deputat Rövşən Rzayev söyləyib. Onun ehtimalına görə, yaxın zamanlarda prosesin gedişatında yeni hadisələrin şahidi ola biləcəyik.
 
Image result for Sergey Markov
 
“Prezidentin daxili və xarici siyasəti Azərbaycanın ən böyük problemi olan ərazi bütövlüyümüzün təmin olunmasına aparan yeganə yoldur. Bu istiqamətdə xarici işlər naziri Elmar Məmmədyarovun Potsdam görüşü diqqət çəkir. Məmmədyarovun son dövr proseslərinin təhlilini apararaq Almaniyada Azərbaycanın birmənalı mövqeyini səsləndirməsi o deməkdir ki, yaxın gələcəkdə Dağlıq Qarabağ problemi məhz sülh yolu ilə həll ediləcək. Son günlər keçirilən intensiv görüşlər öz məntiqi nəticəsinə gəlib çıxacaq. Rusiya sözsüz ki, prosesi çox yaxşı izləyir. Qarşıda prezidentlərin növbəti görüşü gözlənilir. Artıq elə bir məqam yetişib ki, biz ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən daha ciddi və ədalətli bir mövqe görə biləcəyik”, - deyə deputat öz təxminlərini ümidverici notda qeyd edib.
 
***** 

Həmsədrlərin Moskva görüşü ərəfəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Potsdamdakı qeyri-formal toplantısında etdiyi sərt çıxışı və xəbərdarlığı da yerinə düşür. Azərbaycan XİN başçısı demişdi ki, danışıqlar masasında irəliləyişə nail olmaq və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib.

Image result for Məmmədyarov
 
E.Məmmədyarov ilk növbədə işğalçı Ermənistanı nəzərdə tutmaqla onu da diqqətə çatdırıb ki, bəziləri hətta gücdən istifadə etməklə dövlətlərin ərazi bütövlüyünün əleyhinə onları fəal şəkildə pozur: “Acı şəkildə etiraf etməliyəm ki, ATƏT məkanında bu, ilk olaraq qonşu Ermənistan tərəfindən mənim ölkəmə qarşı başladılıb. Beynəlxalq hüquq və BMT TŞ-nin müvafiq qətnamələrini tam şəkildə pozaraq, Ermənistan 20 ildən çoxdur ki Azərbaycan torpaqlarını işğal edib və zəbt etdiyi bu ərazilərdə bədnam etnik təmizləmə aparıb. 
 
Burada hər kəs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını qəbul edir və yaxşı bilir. Kimdir təcavüzkar?! Kim Azərbaycan torpaqlarını işğal edib?! Kim ölkəmə qarşı güc tətbiq edir?! Kim beynəlxalq və humanitar hüququ pozub?! Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Artıq bəsdir! Danışıqlar masasında irəliləyişə nail olmaq və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib”. 

Azərbaycanlı nazir çıxışında həmçinin qeyd edib ki, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət bütün dünya düzəni və beynəlxalq ictimaiyyət üçün mütləqdir. Qalır buna əməl etməyən təcavüzkar ölkələri, o cümlədən Ermənistanı dünya düzəninə hörmətə vadar eləmək. Bu isə ilk növbədə elə beynəlxalq birliyin vəzifəsidir.
musavat