|
ABŞ Tehranın himayəçisinə çevrilir?
Türkiyə tanklarının İŞİD və kürd silahlı birləşmələrinin nəzarətində olan Suriya ərazilərinə daxil olmasından sonra keçən günlərdə Rusiya aktivlik nümayiş etdirsə də, İranın sanki proseslərdən bir qədər kənarda dayanması, seyrçi qalması müşahidə olunur. Bölgənin nəhəng dövlətlərindən olan İranın yaxınlığında gedən proseslərdən narahatlıq keçirmədiyi, nəyəsə arxayın olduğu təəssüratı yaranır.   

Siyasi ekspertlər isə İranın kənara çəkilmiş kimi görünməsinin aldadıcı olduğunu düşünürlər.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, İranla çoxtərəfli gizli danışıqlar gedir. Tərəflər çoxdur və hər tərəf də öz maraqlarını irəli aparmaq üçün müxtəlif açıq və gizli siyasi diplomatik, operativ əlaqələr qurublar, öz maraqlarını təmin etməyə çalışırlar: “Amma mən İranın heç də passiv dayandığını, arxa planda olduğunu düşünmürəm. Rusiya ön planda olduğu üçün İran arxa planda görünür. Amma Rusiyanın ön plana çıxması da İranın təşəbbüsüdür. Həm İranın, həm Bəşər Əsəd rejiminin maraqlarını üst səviyyədə indi Rusiya təmsil edir. Ona görə də İran özü bilərəkdən bir qədər arxa planda görünür. Bu, Tehranın öz istəyidir. Mən burada İranın maraqlarının qorunduğu düşüncəsindəyəm. İran indiyə qədər Suriya məsələsində xeyli enerji sərf edib, çoxlu itki verib. Suriya münaqişəsi İrana çox baha başa gəlir. Ona görə də İranın kənara çəkildiyini və çəkiləcəyini düşünmürəm. Əksinə, İran çox aktivdir. Xüsusən də Rusiya ilə, Əsəd rejimi ilə, Türkiyə ilə çox sıx işləyir. ABŞ və bəzi Avropa Birliyi ölkələri ilə də İranın müəyyən əlaqələri var. Açıq əlaqələri də, eyni zamanda gizli əlaqələri də mövcuddur”. 
 
İranın əlavə hərbi hissələr yaratması barədə deyilənlərə gəldikdə, S.Əkbər qeyd etdi ki, İranın xaricdə əməliyyatlar həyata keçirən “Qüds briqadası” deyilən hərbi birləşmələri var. Ona görə də yeni bir ordunun yaradılmasına əslində ehtiyac yoxdur. Sadəcə olaraq, Qüds briqadası çoxlu itkilər verib. Onların yerinin doldurulmasından, əlavə qüvvələrin cəlb olunmasından söhbət gedə bilər".
 
Politoloq Xaləddin İbrahimli isə bizimyol.info-ya müsahibəsində deyib ki, Türkiyənin indi olduğu mövqedən, yəni Cerablusdan cənuba və şərqə irəliləməsi çox vacib və alternativsizdir. Onun qarşısında maneələr çoxdur. İndi Rusiya xaric bütün güclər Türkiyəyə qarşıdır. 
 
ABŞ-a ən çox dəstək verən isə İrandır. Arada görüşlərin, danışıqların olmaması heç kəsi aldatmamalıdır:“İran ”Birləşmiş Şiə Azadlıq Ordusu" yaradır. Maraqlı olan odur ki, buraya bütün şiələrin cəlb olunması düşünülür. İran İnqilabı Keşikçilərinin tanınmış isimlərindən olan Məhəmməd Əli Fələki bir açıqlamasında bildirdi ki, sözügedən ordu 3 mərkəzə - Yəmən, İraq və Suriyaya istiqamətlənəcək. İndi Suriyada İran hərbçilərinin rəhbərliyi altında döyüşənlərin içərisində Pakistandan, Livandan və başqa müsəlman dövlətlərindən olan şiə silahlıları var. İran öncə özünü islam aləminin xilaskarı, İslam dininin müdafiəçisi kimi təqdim edirdi. Gördü ki, bu şüarla islam aləmini qarışdırır. “Ərəb baharından” sonra Orta Doğuda şərait dəyişdi və aləm xaos girdabına sürüklənib. Buna görə Tehranın siyasəti dəyişdi və dünya şiələrinin hamisi kimi görünmək taktikası seçdi. Əslində şiələrin müdafiəsi adı altında İran İraqda, Suriyada və Yəməndəki maraqlarını gerçəkləşdirmək istəyir. Çalışır ki, bu dövlətlərdə şiə rejimləri iqtidara gəlsin və İranın bölgədə nüfuzu güclənsin, xaricdən gələn təhlükələr azalsın. Çünki İranın ən böyük qorxusu içəridəki 30 milyonluq türk toplumudur. Onlar ayrılsa, farslar gücünü itirib, təxminən Özbəkistan səviyyəsində bir dövlətə çevriləcək. Şiə ordusu yaratmaq, “sünni ordusu da yaradılsın” deməkdir. Bu Orta Doğuda Türkiyəyə qarşı çevrilən bir niyyətdir. Bu mənada İran ABŞ-la birgə hərəkət edir, başqa sözlə onun planlarının gerçəkləşməsinə açıq-aşkar yardım edir. İranın mövqelərini gücləndirən ABŞ-dır. Onu Türkiyəyə və Səudiyyəyə qarşı bir oyunçu olaraq gücləndirir".

Politoloqun fikrincə, ABŞ İranın bölünməsini istəmir. Ən azı yaxın zamanlarda onun yenidən şəkillənməsi gündəmdə deyil: “ABŞ bilir ki, İran bölünsə, ortaya böyük bir Azərbaycan dövləti çıxacaq və Türkiyənin dünyada ağırlığı daha da artacaq, Orta Asiyaya təsiri artacaq. Turan ideyası bir növ reallıq müstəvisinə çıxacaq. ABŞ bunu yaxşı bilir və Avrasiyada yeni, həm də tarixən buranı hər kəsdən yaxşı tanıyan bir gücün səhnəyə çıxmasını istəmir. O, Türkiyəyə qarşı İrandan istifadə edir. İran ABŞ və İsrailə qarşı bəyanatlar verməkdən başqa nə iş görür? Aradabir ”düşmənsən, asacam, kəsəcəm, Yer üzündən siləcəm" kimi populist və xalq kütlələrini aldatmağa hesablanan sözlər danışır. İrandan nə İsrailə, nə də ABŞ-a real təhlükə olmayıb, olmayacaq. İndiki durumda İran ABŞ-a da, İsrailə də lazımdır və mən bu dövlətlərin arasında gizli əlaqələrin, fəaliyyət koordinasiyasının olmasını da istisna etmirəm. Təbii ki, toqquşan maraqlar da var. Belə toqquşan maraqlar isə ən yaxın dövlətlər arasında da olur". 
Cia.az