“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq rəis müavini Mübariz Mədətovun evindən seyf oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəmə prosesi ictimaiyyətdə yenidən “pulu harada saxlamalı” sualını aktuallaşdırdı. Öncə qısa olaraq qeyd edək ki, hadisə bu il mayın 23-də baş verib. Belə ki, Mübariz Mədətova məxsus evdən içərisində 10000 ABŞ dolları və 40000 avro pul olan seyfi oğurlanıb. Bu il bir çox belə pul oğurluğu hadisələri baş verib. Misal üçün ilin ilk ayında Sabunçu sakini Vidadi Hüseynova məxsus seyfdən 80 min manat dəyərində qızıl əşyalar götürülmüşdü.
Azərbaycanda məşhur şəxslərin də evindən seyf aparılıb. İllər öncə iş adamı, aktrisa Leyla Şıxlınskayanın da evindən seyf oğurlanmışdı...
Göründüyü kimi, Azərbaycanda seyf də güvənli yer sayılmır. Xarici ölkələrdə isə insanlar pullarını evdə ümumiyyətlə saxlamırlar. Ekspertlər hesab edirlər ki, bunun əsas səbəbi dünya ölkələrində pulun yatırılması üçün təklif edilən istiqamətlərin çox olmasıdır. Belə ki, əlində yüksək məbləğdə vəsait olan vətəndaş bunu banklara depozit şəkilində qoymaq, qiymətli kağızlara, səhmlərə yatırmaq, daşınmaz əmlak almağa və biznesə yönəltmək kimi üstünlüklərə sahibdir. Azərbaycanda isə son zamanlar yaşanan iqtisadi problemlər banklara da inamı sarsıdıb.
Bəs bankların bağlandığı, oğruların isə artdığı ərəfədə insanlar pullarını harada saxlamalıdır?
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, əslində vətəndaş bankları ciddi şəkildə araşdırarsa uduzmaz: “Hazırda bağlanan banklara diqqət edərsək görərik ki, hətta bu banklarda belə kifayət qədər yüksək rəqəmlərlə ifadə olunan əmanət və depozitlər olub. Bu isə onu göstərir ki, bir çox hallarda vətəndaşlar, biznes subyektləri kortəbii şəkildə yatırımlar edib, əmanət və depozitlər yerləşdirirlər. Bankların maliyyə vəziyyəti ilə bağlı heç bir araşdırma aparmırlar. İlk olaraq ciddi araşdırma aparmaq lazımdır. Əslində hazırda araşdırma aparmaqla əmanət və depozitlərin yerləşdirilməsində ciddi problem yoxdur. Çünki sistem üçün əhəmiyyətli banklar var və onlara əmanətlər, depozitlər yerləşdirmək mümkündür. Eyni zamanda hazırda dövlət istiqrazları da var ki, burada da heç bir maneə yoxdur. Bu günə qədər təcrübə onu göstərir ki, bağlanan banklarda sığortalanmış əmanətlərin geri qaytarılmasında hər hansı bir problem çıxmayıb. Doğrudur, faizlərlə bağlı müəyyən sıxıntılar var. Ancaq düşünürəm ki, bank sektoruna inamın tamamilə itməməsi üçün Əmanətlərin Sığortalanması Fondu bu istiqamətdə də müəyyən irəliyə doğru addım atacaq”.
Ekspert bildirib ki, hazırkı məqamda vəsaitlərin müxtəlif valyutalarda saxlanması ilə növbəti dövrlərdə riskləri minimuma endirmək olar: “ABŞ dolları və avro hazırda yatırım üçün uyğundur. Bundan başqa ”Brexit" hadisəsindən sonra funt-sterlinq öz dəyərini kifayət qədər itirib. Təbii ki, bu ilkin nəticələrdir. Hesab edirəm ki, hazırda bu valyutanın alınması üçün ən uğurlu məqamdır. Düşünürəm ki, funt-sterlinqə edilən yatırımlar, növbəti illərdə xeyli gəlir verə bilər. Daşınmaz əmlak bazarına gəlincə isə orada hazırkı situasiya belədir ki, biznes subyektlərinin ciddi borc yükü var. Məhz bu səbəbdən bəzən bazarda dəyərindən qat-qat aşağı qiymətlərlə təkliflər görürük. Bu istiqamətə yatırımlar edilə bilər. Külçə qızılla da bağlı deyim ki, bu istiqamətə də müəyyən yatırımlar etmək olar. Çünki hazırda dünya iqtisadiyyatında müəyyən dəyişikliklər var. Bu səbəbdən də növbəti illər üçün qızılın qiymətində müəyyən addımlar proqnozlaşdırılır. Belə həssas məqamlarda investorların qızıla meyli artır ki, bu da qiymətin yüksəlməsinə səbəb olur. Bizneslə də bağlı müəyyən addımlar atmaq olar. Belə ki, hökumət hazırda müəyyən istiqamətlərdə təşviq mexanizmləri hazırlayır. Burada kiçik sahibkarlıqla, istehsal-sənaye ilə bağlı müəyyən təşviq mexanizmləri hazırlanır. Düzgün qiymətləndirmə aparıb, müsbət nəticələr almaq olar".
Cia.az
