|
Neftin qiymət proqnozları:
Neftin qiyməti ilə bağlı proqnozlar fərqlidir. Bəzi ekspertlər neftin qiymətinin balansı tapdığını vurğulasalar da, bəziləri əks fikirdədirlər. Neftin yaxın müddətdə qiymətinin artacağı barədə fikirlər də maraq doğurur. 

BP-nin prezidenti Robert Dadli 2017-ci ildə neftin 1 barrelinin qiyməti 50 dollar səviyyəsində olacağını vurğulayıb. “Hesab edirəm ki, neftin qiyməti balansı tapıb. Mənim proqnozuma əsasən, gələn il neftin 1 barrelinin qiyməti 50 dollar ətrafında olacaq”,- deyə R.Dadli qeyd edib. (APA).
 
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə qeyd edib ki, Əlcəzairdə neft hasilatının dondurulması ilə bağlı keçiriləcək forum birjalara informativ baxımdan müsbət təsir edir. Ekspert neftin yaxın müddətdə bahalaşacağını bildirib: “Bu ilin əvvəlində yekun anlaşma olmasa da, hasilatın dondurulması ilə bağlı keçirilən ilk görüş nəticəsində neftin qiyməti dünya bazarında 30 faiz artdı. Hazırda bu məsələ yenidən gündəmə gəlib və neftin qiyməti 50 dollar ətrafında cərəyan edir. Yəni bu, birjalara informativ baxımdan müsbət təsir edir. Hesab edirəm ki, yaxın 1 aydan da artıq dövrdə neftin qiyməti 50-55 dollar diapazonunda dəyişəcək. Yəni neftin qiyməti artıma doğru gedəcək. Neft hasilatçısı olan ölkələrin yüksək vəzifəli rəsmilərinin açıqlamaları da bu mənada birjalara öz təsirini göstərəcək. Söhbət 50-55 civarında gözlənilən korreksiyalardan gedir. Ancaq bu, o demək deyil ki, bazar iştirakçılarının əhval-ruhiyyəsini yaxşılaşdıracaq bir şərait yaranacaq. Güman etmirəm ki, Əlcəzairdə hasilatın dondurulması ilə bağlı yeni qərar olacaq. Çünki bazarda 50-dən yuxarı qiymət formalaşırsa, bu, indiki şəraitdə həm hasilatçılar, həm də istehlakçılar üçün komfortlu bir qiymətdir”. Qeyd edək ki, sentyabrın 26-28-də Əlcəzairdə neft hasilatının “dondurulması” ilə bağlı beynəlxalq enerji forumu keçiriləcək.

Ekspert Elşad Məmmədov musavat.com-a bildirib ki, yaxın gələcəkdə neftin qiymətinə təsir edəcək bir neçə amil var: “Azərbaycan iqtisadiyyatı üçün dünya bazarlarında neftin qiymətinin hansı səviyyədə olmasının strateji əhəmiyyət kəsb etdiyini nəzərə aldıqda, neft qiymətlərinin perspektivdə hansı dinamika ilə inkişaf edəcəyinin dəqiq proqnozlaşdırılması ölkə iqtisadiyyatı ilə bağlı idarəetmə qərarlarının qəbul edilməsi üçün son dərəcədə vacibdir. Hazırkı mövcud iqtisadi problemlərin bir hissəsi də iqtisadi blokun bu istiqamətdə son illərdə proqnozlaşdırma siyasətindəki nöqsanlarla bağlıdır. Bunları nəzərə alaraq, neft qiymətlərinin dünya bazarında gələcək dinamikasına təsir edən amillər təhlil edilməlidir. Fikrimcə, hazırda neftin qiymətinin formalaşdırılmasına təsir edən əsas amilləri beş hissəyə qruplaşdırmaq olar. Birinci, geosiyasi amillərdir. Qərb-Rusiya münasibətlərinin kəskinləşməsi fonunda Qərbin sınaqdan keçmiş ”silahlarından" biri məhz neft qiymətlərinin endirilməsi siyasətidir. Hazırki Rusiya hakimiyyətinin inadkarlığını nəzərə aldıqda bu siyasətin  hələ uzun müddət davam edəcəyini proqnozlaşdırmaq olar".
 
Müsahibimiz  həmçinin texnoloji amillərdən də danışıb: “İkinci amil texnoloji  amildir. Neft hasilatında inqilabi sayıla biləcək şişt texnologiyalarının tətbiqi dünya neft bazarının, o cümlədən neft qiymətlərinin formalaşmasına artıq etdiyi və gələcəkdə edəcəyi təsir o qədər böyükdür ki, hesab edirəm ki, neft erasının, neftlə bağlı geosiyasi və iqtisadi məsələlərə dünyada tamamilə yeni rakursdan yanaşmanın biz yaxın gələcəkdə şahidi olacağıq. Hesab edirəm ki, bu texnoloji sıçrayış yaxın illərdə neftin qiymətinin kəskin şəkildə artması məsələsinə ciddi şəkildə  mane olacaq. Çünki hər dəfə neft qiymətlərinin nisbətən artması şişt yataqlarının işə salınmasını rentabellik səviyyəsinə çatdıraraq, hasilatın artmasına və bazarda neft təklifinin artmasına səbəb olacaq”.
 
Üçüncü amil isə tələbin azalmasıdır. “Dünya iqtisadiyyatında, o cümlədən, dünya iqtisadiyyatının aparıcı qüvvələri olan Amerika və Çin iqtisadiyyatında müşahidə edilən artım tempinin zəifləməsi neftə olan tələbatın yaxın zamanda  kəskin artımının  gözlənilməməsini bildirməyə əsas verir” deyə, E.Məmmədov vurğulayıb. O, həmçinin bildirib ki, ölkələrin hasilatın azalmasında maraqlı olmaması dördüncü amildir: “Aparıcı neft hasilatçıları ölkələri olan Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasında maraqlı görünmürlər. Bunu həmin ölkələrin rəsmilərinin bəyanatlarından açıq şəkildə müşahidə  etmək mümkündür”. Ekspert İran amilini beşinci amil hesab edir: “Uzun müddət sanksiyalara məruz qalmış İran iqtisadiyyatı üçün dünya bazarlarına daha çox neft təklif etmək zəruridir. İranın neft bazarında mühüm rol oynadığını nəzərə aldıqda, bu amilin neft qiymətlərinin artmasına ciddi şəkildə mane olacağını söyləməyə əsas verir. Bütün bu neft qiymətlərinin dünya bazarında formalaşmasına fundamental təsir edən amilləri təhlil edərək, bildirmək olar ki, dünya siyasətində və dünya  iqtisadiyyatında hər hansı fövqəladə  hadisə baş verməsə, yaxın illərdə neft qiymətlərinin ciddi şəkildə artacağını  proqnozlaşdırmaq mümkün deyil”.
Cia.az