|
Azərbaycanın ÜTT şərti - 2 milyard dollar...
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) ölkədə kənd təsərrüfatı dəstək məqsədilə 1 milyard dollar ayrılmasını, işğal altında olan torpaqların azad edilməsindən sonra isə həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün əlavə 1 milyard dollar ayrılmasını təklif edib. 

Bunu “Report”a açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib. Onun sözlərinə görə, danışıqların növbəti mərhələsinin keçirilməsi müvafiq agentliyin onlara nə vaxt cavab verməsindən asılı olacaq, amma çox güman, növbəti danışıqlar gələn ilin birinci yarısından tez keçirilməyəcək.
 
M.Məmmədquliyev digər ciddi məsələnin kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqlar olduğunu vurğulayıb: “Biz onlara yeni, 2013-2015-ci illəri əhatə edən cədvəl təqdim etmişik. Cədvəl üzrə xüsusi müzakirələr olmayıb. Əsas məsələ bizim yerli kənd təsərrüfatına dəstək üzrə təkliflərimizlə bağlıdır. ÜTT-nin sənədlərinə əsasən hesab edirik ki, belə desək, "sarı səbət"dən (amber box) istifadə etmək hüququna malikik. Hesab edirik ki, ÜDM-in 10 faizinini kənd təsərrüfatını maliyyələşdirmək üçün ayıra bilərik. Amma ÜTT bu fikirlə razı deyil, onlar bu göstəricinin təxminən 5 faiz olmasını istəyir. Biz indi onlardan ölkədə kənd təsərrüfatı dəstək məqsədilə 1 milyard dollar ayrılmasını, işğal altında olan torpaqların azad edilməsindən sonra isə həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün əlavə 1 milyard dollar ayrılmasını istəyirik. Hələlik, ÜTT 5 faiz verməyə hazır olduqlarını bildiriblər, amma baxacağıq" deyə, nazir müavini bildirib.

Daha sonra Mahmud Məmmədquliyev ÜTT-dən 1 milyard  dollar istəmək haqqında gözlənilməz bəyanatının mahiyyətini izah etməyi qərara alıb. Bu qəribə bəyanat bir neçə gün əvvəl səslənib və bir çox suallar doğurub. XİN-in mətbuat katibi Hikmət Hacıyev açıqlama verib və bildirib ki, Bakı aqrar-sənaye kompleksinin subsidiyalaşdırılması üçün ÜTT-dən hər il 2 milyard dollar almaq hüququ əldə etmək niyyətindədir. Hazırda ÜTT-ə daxil olmaq çərçivəsində bu məsələ ilə bağlı danışıqlar aparılır. H.Hacıyevin sözlərinə görə, Azərbaycan ÜTT-ə daxil olduqdan sonra aqrar sektor üçün 1 milyard dollar və Ermənistanın işğal etdiyi ərazilərin Azərbaycanın yurisdiksiyasına qaytarılmasından sonra daha 1 milyard dollar almaq istəyir. Xatırladaq ki, Azərbaycanın ÜTT-ə daxil olması haqqında danışıqlar 1997-ci ildən aparılır və hiss olunan nəticələr verməyib.(“Turan”).
Ekspert Vüqar Bayramov isə musavat.com-a bildirib ki, danışıqların sürətlənməsi məqsədəuyğundur: “Bu, postneft dövrü üçün bu çox vacibdir. Nəzərə alsaq ki, Qazaxıstan da yaxınlarda ÜTT-yə üzv olub. Qazaxıstanın bu quruma üzv olması birbaşa neftin dünya baxarında qiymətinin aşağı düşməsi ilə bağlıdır. Azərbaycan da bu danışıqların sürətləndirilməsi istiqamətində addımlar atmalıdır. Hazırda razılaşdırıla bilməyən iki mühüm məsələ var. Biri Azərbaycanın statusu ilə bağlıdır. Azərbaycan ÜTT-yə inkişaf etməkdə olan ölkə kimi daxil olmaq istəyir, ÜTT isə inkişaf etmiş ölkə statusunu təklif edir. İkinci məsələ aqrar sektorda subsidiya ilə bağlıdır. Azərbaycan on faizlik subsidiya divarı istəyir. ÜTT isə 5 faiz verir. Bütövlükdə bu iki məsələ ilə bağlı razılığın əldə edilməməsi nəticə etibarı ilə ÜTT-yə daxil olmanı yubadır”. 
 
Ekspertin sözlərinə görə, əvvəlki illərdə ÜTT-yə üzvlüyün ləngiməsi daha çox subyektiv faktorlarla bağlı idisə, indi vəziyyət fərqlidir: “Əvvəlki illərdə bir sıra dövlət qurumları ÜTT-yə üzv olmaqda maraqlı deyildilər, bu, daha çox müşahidə olunurdu. İndi isə gömrükdəki liberallaşmadan sonra subyektiv faktorlar xeyli dərəcədə zəifləyib. Faktorların zəiflədiyini nəzərə alsaq, Azərbaycan ÜTT-yə üzvlük prosesini sürətləndirməlidir. Nəticə etibarı ilə ÜTT-yə üzvlük birmənalı şəkildə Azərbaycanın indiki dövründə, qeyri-neft sektorunun inkişafı ilə bağlı prioritet istiqamətlərinə uyğundur. Azərbaycanın ÜTT-yə üzv olması xarici investisiyaların cəlb edilməsi baxımından vacibdir. Bu razılığın əldə edilməsi, qısa zamanda Azərbaycanın bu təşkilata üzv olmasını reallaşdırılması məqsədəuyğundur”.
 
Qeyd edək ki, ekspertlərin fikrincə, ÜTT-yə üzvlük ölkə iqtisadiyyatı üçün neftin qiymətinin aşağı düşməsi fonunda daha vacibdir. Bildirilir ki, Azərbaycan ÜTT-yə üzvlüyünü gecikdirməklə çox böyük risk altına girir. Gecikmə ölkəni gələcəkdə əsassız tələblərlə üz-üz qoya bilər. Ancaq ortalıqda siyasi iradə olsa, Azərbaycanın qısa zamanda təşkilata üzv olması mümkündür. Ekspert Fikrət Yusifovun sözlərinə görə, hazırda iqtisadiyyatın neftdən asılılığı kifayət qədər yüksəkdir. Real sektor isə hələ ki, lazımı səviyyədə inkişaf etməyib. Onun sözlərinə görə, Azərbaycanın ÜTT-yə üzvlük məsələsi məhz real sektorun məhsullarının xarici bazarlara kifayət qədər böyük həcmlərdə çıxarılmasına nail oldunduqdan sonra, yəni ölkə iqtisadiyyatının neftdən asılılığı optimal həddə endirildikdən sonra mümkündür.
 
Xatırladaq ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı müzakirələr ötən ilin ortalarında dayandırılsa da, iqtisadi vəziyyət səbəbindən məsələ yenidən aktuallaşıb. Ötən il dayandırılan müzakirələrin sonucu olaraq bildirilirdi ki, bununla bağlı ikitərəfli və çoxtərəfli danışıqların növbəti raundu 2016-cı ilin ortalarından əvvəl baş tutmayacaq. Bu ilin fevralında isə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bildirib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü səmərəli addım olar. O, qeyd edib ki, ÜTT-yə üzvlük daha dərin iqtisadi inteqrasiyaya gətirib çıxaran bir addımdır.
Cia.az