Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin həbsindən apellyasiya şikayətinə baxılıb.
Virtualaz.org-un əldə etdiyi məlumata görə, prosesdə qərar elan edilib. Qərara əsasən onun şikayəti təmin edilməyib. Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişmədən saxlanılıb. Xatırladaq ki, F. Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.
Onu da qeyd edək ki, F.Əmirli saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.
Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Vəkil Aqil Layıcov bildirib ki, qərarı alandan sonra Faiq Əmirli barəsində həbs qərarından Avropa Məhkəməsinə şikayət göndərəcəklər.
Cia.az
