Bu gün Azərbaycanın Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində ölkə prezidenti İlham Əliyevin dekabrın 29-da imzaladığı əfv sərəncamının icrasına başlanılıb.
Oxu.Az xəbər verir ki, əfv sərəncamının şamil edildiyi şəxslər arasında 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan iki qadın da olub.
Bu gün Azərbaycanın ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəis müavini Nizaməddin Cəlilovun iştirakı ilə həmin şəxslərin azadlığa buraxılması mərasimi keçirilib.
Əfv sərəncamının şamil olunduğu iki qadın – Günel Həsənova və Nüşabə Əhmədovaya azadlığa buraxılmaları haqqında sənəd təqdim olunub.
Tədbirdə çıxış edən N.Cəlilov bildirib ki, İlham Əliyevin imzaladığı əfv sərəncamı ümumilikdə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində saxlanılan 79 nəfəri əhatə edir:
“Onlardan 66 nəfəri cəzaçəkmə müəssisələri, 3 nəfəri istintaq təcridxanası, daha 10 nəfəri isə məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan məhkumlardır”.
Əfv sərəncamı ilə azadlığa buraxılan G.Həsənova və N.Əhmədova buna görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edib və bir daha cinayət əməli törətməyəcəklərinə söz veriblər.
Sonda çıxış edən N.Cəlilov bütün qadın məhkumlara azadlıq arzu edib və qarşıdan gələn 31 dekabr Ümumdünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə təbrik edib.
Qeyd edək ki, sərəncam ümumilikdə 87 nəfərə şamil edilib.
