Neftin ucuzlaşması ixrac mallarının əsas hissəsini karbohidrogen resursları təşkil edən digər ölkələr kimi Azərbaycanın da iqtisadiyyatını ciddi çağırışlarla üzləşdirdi. Lakin neftin uculaşması eyni zamanda Azərbaycanda iqtisadi inkişafın qeyri-neft relslərinə keçirilməsini də sürətləndirdi. Xəbər verildiyi kimi prezident İlham Əliyev bu ilin əvvəlində hökumətin müşavirəsində Azərbaycanın yeni iqtisadi siyasətinin əsas prioritetlərini elan edib. Qeyri-neft sektorunda rəqabətədavamlı, ixrac potensialına malik məhsulların istehsalı bu prioritetlərdən biridir.
Və prezident ixracın təşviq edilməsi istiqamətində olduqca mühüm sərəncamlar da verib və qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edən köklü islahatlar həyata keçirməkdədir. Bu islahatlar həm də xarici bazarlarda tanınan və özünə yer edən Azərbaycan markalarının yaranmasına xidmət etməlidir. Başqa sözlə, iqtisadiyyatı neft asılılığından azad etmək üçün üzərində “Made in Azerbaijan” yarlığı olan ən müxtəlif, rəqabətədavamlı hazır məhsulların xarici bazarlara çıxarılması, nəticədə ölkəyə valyuta gətirməsi başlıca şərtlərdən biridir.

Elə Azərbaycanda nəşr olunan və əsasən işgüzar dairələrdə yayılan “Made in Azerbaijan” jurnalı da (internet versiyası yoxdur) prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracını genişləndirməyə yönəlmiş siyasətinə dəstək vermək qərarına gəlib. Jurnal növbəti sayını bütünlüklə Azərbaycanın dövlət və özəl strukturlarının qeyri-neft məhsullarının ixracını genişləndirməyə yönəlmiş fəaliyyətinə, bu sahənin aktual problemlərinə həsr edib. Jurnal yaxın günlərdə rus dilində çapdan çıxacaq.

Qeyd edək ki, ilk dəfədir Azərbaycanda bu formatda, yəni qeyri-neft məhsullarının ixracının aktual problemlərinə analitik-monitorinq üslubda nəşr çapdan çıxır. Və prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracını genişləndirməyə yönəlmiş köklü islahatları fonunda bu formatda nəşrin hazırlanması yerinə düşür.
“Made in Azerbaijan” jurnalının bu xüsusi buraxılışı Rusiyada “Leyli” və “Ograe” kimi qısa müddət ərzində tanınan, satış həcminə görə federal və yerli şəbəkələrdə liderə çevrilən Azərbaycan milli brendlərinin müəllifi, hazırda Dağıstan Respublikasının İnvestisiyalara və Sahibkarlığa Dəstək Agentliyinin rəhbərinin müavini olan Zeynulla Qurbanovun təşkilatçılığı, bilavasitə iştirakı və dəstəyi ilə hazırlanıb. Z.Qurbanov Dağıstan hökumətində təmsil olunmaqla yanaşı Azərbaycanın qeyri-neft məhsullarının xüsusən Dağıstan üzərindən Rusiya bazarına ixracının genişləndirilməsi üzərində çalışır. Onun “Made in Azerbaijan” jurnalının bu xüsusi buraxılışının hazırlanmasını və nəşrini təşkil etməkdə məqsədi, ixrac və marketinq üzrə uğurlu təcrübəyə malik iş adamı kimi, prezident İlham Əliyevin ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmağa yönəlmiş islahatlarına dəstək verməkdir.

“Hesab edirəm ki, bu jurnal Azərbaycanda həm iqtisadiyyatla məşğul olan dövlət strukturları, həm ixraca maraq göstərən özəl şirkətlər üçün faydalı ola bilər. Eləcə də biz bu jurnalı Dağıstan respublikasında, Rusiyanın işgüzar dairələrində yaymağı nəzərdə tuturuq ki, Azərbaycanda ixracyönümlü fəaliyyət göstərən müəssisələri, onların imkanlarını daha yaxından tanıdaq. Məqsəd həm vətənim Azərbaycanda həyata keçirən islahatlara əlimdən gələn dəstəyi vermək, həm Rusiya, o cümlədən Federasiyanın subyektlərindən biri kimi Dağıstanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verməkdir”-Zeynulla Qurbanov deyir.
Z.Qurbanov hesab edir ki, ixracın genişləndirilməsi üçün Dağıstanda Azərbaycan Ticarət Evinin yaradılması layihəsinin həyata keçirilməsi vacibdir. Bu , 100 addan çox məhsulun qəbul edilib Rusiyanın 47 şəhərindəki distribütorlara göndərilməsinə imkan verəcək.
Xüsusi buraxılışla bağlı redaktor qeydində deyilir ki, bu gün qeyri-neft məhsullarının ixracının genişləndirilmməsinin nə dərəcədə mühüm olduğu hamıya aydındır. Çünki neftin qiymətlərinin indiki aşağı səviyyəsində ölkənin valyuta ehtiyatları tükənə, nəticədə idxal məhsullarının kəskin qıtlığı (məsələn, Venesueladakı kimi) yarana bilər. Məhz bu səbəbdən qeyri-neft ixracının genişləndirilməsi hökumətin qarşısında dayanan bir nömrəli vəzifə olmalıdır. Hansı ki, prezident İlham Əliyev də elə bu cür bəyan edib.
Redaktor qeydində deyilir ki, Azərbaycan məhsullarının ixracı üçün əsas bazarlardan biri heç şübhəsiz ki, Rusiyadır. Lakin Azərbaycandan Rusiyaya meyvə-tərəvəz idxalı artsa da hazır məhsullar, məsələn, şirələr, içkilər, konserv məhsulları sahəsində vəziyyət hələ də ürəkaçan deyil. Baxmayaraq ki, prezident İlham Əliyevin qeyri-neft iqtisadiyyatının inkişafına yönəlmiş strategiyası sayəsində Azərbaycanda müasir texnologiyalara əsaslanan şərab, şirə zavodları, digər müəssisələr yaradılıb. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda Azərbaycanda istehsal olunan şərablar keyfiyyətinə, dadına görə gürcü şərablarından geri qalmır, əksinə, daha irəlidir. Ancaq Azərbaycan şərablarının xarici bazarlara ixracının həcmi mövcud potensialdan çox aşağıdır.

Milli brendlərin xarici bazarlara çıxarılmasında dövlətin iştirakı və dəstəyi həlledici əhəmiyyət kəsb edir. Azərbaycanda da dövlət məhz bu məqsədlə 2003-cü ildə İxracın və İnvestisiyaların Dəstəklənməsi Fondunu (AZPROMO) yaradıb. Bəs ötən müddət ərzində hansı işlər görülüb, hansı nəticələr əldə olunub? Jurnal xüsusi buraxılışında bu məsələyə aydınlıq gətirməyə çalışır. Vəziyyəti aydınlaşdırmaq üçün jurnal Rusiyanın 47 şəhərində ekspert-mütəxəssislərin köməyi ilə Azərbaycan məhsullarının necə təmsil olunduğuna dair marketinq araşdırmaları da sifariş verib. Bu araşdırmaların nəticəsi jurnalda dərc olunur.
Beləliklə, jurnalın xüsusi buraxılışında dərc olunmuş materiallardan biri AZPROMO-nun prezidenti Rüfət Məmmədovun geniş müsahibəsidir. Rüfət Məmmədov müsahibədə rəhbərlik etdiyi Fondun iqtisadiyyatın qeyri-neft sektoruna birbaşa investisiyaların cəlb edilməsi və Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində gördüyü işlərin praktiki nəticələri barədə danışır.

AZPROMO rəhbəri bildirir ki, onların əsas fəaliyyət istiqamətlərindən birini xarici bazarlara çıxmaq istəyən yerli istehsalçıların dəstəklənməsi təşkil edir. “Bizim xarici bazarlar və beynəlxalq kommersiya nizamlamaları ilə bağlı biliklərimiz, xaricdəki nümayəndəliklərimizin və beynəlxalq partnyorlarımızın geniş şəbəkəsi ixracın genişləndirilməsi baxımından böyük imkanlar açır”-Rüfət Məmmədov bildirir.
Müsahibə AZPROMO-nun ixracyönümlü məhsullar istehsal edən sahibkarlara göstərdiyi dəstəkdən, onların xarici tərəfdaşlar tapması üçün fondun xidmətlərindən istifadə etməsindən bəhs olunur. R.Məmmədov habelə Azərbaycanın məhsullarının əsas ixrac bazarı olan Rusiya ilə işgüzar əlaqələrin genişləndirilməsinə dair hansı işlərin görüldüyü haqda danışır.
Azərbaycanın ixrac potensialına malik məhsullar istehsal edən müəssisələrində biri də müasir texnologiyalar əsasında qurulmuş “Az-Granata” zavodudur. Zavodun daxil olduğu “Modern Group” ASC şirkətlər qrupunun prezidenti Mustafa Məmmədov da jurnala müsahibə verib.

Müsahibədə deyilir ki, “Az-Granata” 2011-ci ildə şəxsən prezident İlham Əliyevin iştirakı ilə açılmış, şirələr, nektarlar və şərablar istehsal edən müasir müəssisədir. “2012-ci ildə biz “Vita-1000” markası ilə kifayət qədər aqressiv şəkildə yerli bazara daxil olduq və çox keçmədən layiqli yerimizi tutduq. 2013-cü ildə isə biz öz məhsullarımızı “Leyli” brendi altında Rusiya bazarlarına ixrac etməyə başladıq, 2013-2014-cü illərdə bu brend Rusiya satış bazarlarında liderə çevrilmişdi”-Mustafa Məmmədov deyib.


“Modern Group”un prezidenti müsahibədə “Leyli” brendinin Rusiyanın nar şirələri bazarını qısa müddətdə necə fəth etməsi haqda danışıb, bunda uğurlu marketinq və reklam kampaniyasının mühüm rolu olduğunu da bildirib. Lakin 2015-ci ildən bəri “Az-Granata”nın Rusiya bazarlarına ixrac etdiyi məhsullar kəskin azalıb. Bunun əsas səbəbi qonşu ölkədəki iqtisadi vəziyyətdir. M.Məmmədov deyir ki, 2017-ci ildən etibarən şirkət yenidən Rusiyanın federal və lokal ticarat şəbəkələrində iştirakını genişləndirməyi planlaşdırır. “Şəxsən prezident İlham Əliyevin yürütdüyü siyasət bu vəzifənin yerinə yetirilməsini daha da sürətləndirəcək”-şirkət rəhbəri bildirir.

Jurnalda habelə Azərbaycanın qida sənayesinin aparıcı şirkətlərindən olan “Gilan Holding”in baş direktoru Cəmil Muradovun da müsahibəsi dərc ediləcək. “Gilan Holding” yarandığı vaxtdan etibarən ixracyönümlü fəaliyyət göstərib. C.Muradov deyir ki, şirkət hazır məhsulun xarici bazarlara çıxarılmasına 2007-ci ildə Qəbələ Konserv Zavodunun işə düşməsindən sonra başlayıb. “Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşı kimi dərhal bizim məhsulların da ixracında əsas bazara çevrildi”-baş direktor deyir. Şirkətin ixrac etdiyi məhsullar arasında bio-orqanik nar şirəsi Rusiya istehlakçıları arasında daha çox populyardır. Habelə “Bagdan” kompotları xarici alıcılar arasında tanınıb. C.Muradov Azərbaycan prezidentinin ixracın təşviq edilməsi məqsədi ilə bu ilin əvvəlində imzaladığı sərəncamın yerinə yetirilməsinin mühümlüyündən də danışıb.

Azərbaycanın qonşu Rusiya ilə iqtisadi əlaqələrində, məhsul ixracında federasiya subyektlərindən biri-Dağıstan Respublikası ilə əlaqələr də xüsusi yer tutur.Məlum olduğu kimi bu yaxınlarda Azərbaycanda ilk dəfə Dağıstan günləri keçirildi, işgüzar forum təşkil olundu. Həmin işgüzar forumda Dağıstan hökumətinin Sahibkarlıq və İnvestisiyalara dəstək Agentliyinin və Azərbaycan hökumətinin himayəsi altında bir sıra investisiya layihələri üzrə razılaşmalar əldə olunmuşdu. Elə jurnalın xüsusi buraxılışında da Azərbaycan iş adamlarının Dağıstanda həyata keçirdiyi maraqlı layihədən-müalicəvi Naftalan neftinin istifadə olunduğu “Ağ Naftalan” müalicə-reablitasiya mərkəzindən bəhs olunur. Bu layihəni “Caspian İnvest Group” şirkəti Dağıstanın İnvestisiyalar və Sahibkarlığa dəstək Agentliyi ilə birlikdə həyata keçirir. Mərkəzdə Naftalan neftinin emalı nəticəsində alınan unikal ağ nafatalan neftindən istifadə olunacaq.

Jurnalda oxucular Azərbaycanın ərzaq məhsulları bazarında liderlik edən, ölkənin qeyri-neft sektorunda ixracatçı şirkətlərdən biri olan “Azersun Holding”in baş direktoru Savaş Uzanın da müsahibəsini oxuya bilərlər. O, şirkətin xarici bazarlarda iştirakını genişləndirmək üçün görülən işlərdən, Azərbaycan markalarının yaradılması və tanıdılmasının hansı səylər hesabına başa gəlməsindən bəhs edir.
Şübhəsiz ki, emal müəssisələrinin öz məhsullarını xarici bazarlara çıxara və rəqabətə davam gətirə bilməsi üçün qablaşdırma da çox mühümdür. Bu baxımdan Azərbaycanın şüşə qablar istehsal edən, lakin hazırda fəaliyyətini dayandırmaq məcburiyyətində qalan “Caspian Glass” şirkətinin səhmdarı Adil Davudovun müsahibəsini oxumaqla bu sahədəki problemlərdən xəbərdar olmaq mümkündür.

Azərbaycandan nar şirələrinin xarici bazarlara ixracını həyata keçirən şirkətlərdən biri də Göyçaydakı “AzNar” müəssisəsidir. Müəssisənin rəhbəri, Azərbaycan əsilli tanınmış rusiyalı biznesmen Fərhad Əhmədov da jurnala geniş müsahibə verib. Müsahibədə şirkətin ixracyönümlü fəaliyyətindən, istehsal etdiyi məhsullardan bəhs olunur.

Nüfuzlu iqtisadçı-ekspert, professor İnqilab Əhmədov da “Made in Azerbaijan” jurnalının xüsusi buraxılışına geniş müsahibə verib. Müsahibədə qeyri-neft iqtisadiyyatını inkişaf etdirməyə yönəlmiş islahatlar, ixrac imkanlarının genişləndirilməsi üçün görülməli olan işlər və s. barədə danışılır.
Qeyd etmək lazımdır ki, “Made in Azerbaijan” jurnalının yaxınlarda çapdan çıxacaq bu xüsusi buraxılışı qeyri-neft məhsullarının ixracını genişləndirmək üçün istər görülmüş işləri, istərsə də mövcud problemləri bir arada əhatəli şəkildə təhlil edən ilk nəşrdir.
Bu materiallara nəzər salarkən bir daha belə qənaət yaranır ki, Azərbaycanın rəqabətədavamlı, keyfiyyətli qeyri-neft məhsullarının istehsalı və ixracı üçün böyük potensialı var. Prezident İlham Əliyevin başlatdığı islahatlar bu potensialı daha da genişləndirir. Bir şərtlə ki, qəbul edilən mühüm qərarların icrası ləngiməsin. Məsələn, prezidentin ixracın təşviqinə yönələn, sahibkarlara ixrac etdikləri məhsullara görə 3 faizlik təşviq ödənişinin həyata keçirilməsini dənəzərdə tutan məlum fərmanı ixracyönümlü məhsul istehsalına ciddi stimul verə bilərdi. Lakin nədənsə bu sərəncamın icrası ləngidilir...
Hansı ki, yalnız hazır məhsullarının ixracının genişləndirilməsinə cavabdeh olan dövlət strukturlarının və bütün maraqlı şirkətlərin səylərini birləşdirməklə ölkə prezidentinin iqtisadiyyatın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin effektiv yerinə yetirilməsinə nail olmaq mümkündür.
Virtualaz.org
