|
Ərəb turistlər Bakıya sığortasız gəlir
Avqustun 29-da ölkəmizə gələn ərəb turistlər qəzaya uğrayıb. Belə ki,  Qəbələdən Bakıya gələn “Hyundai” markalı mikroavtobusun sürücüsü İsmayıllı rayonu ərazisində idarəetməni itirib və avtobus aşıb. Hadisə nəticəsində avtobusda olan 18 nəfər ərəb turistdən 16-sı müxtəlif dərəcəli bədən xəsarət alıb.

Ümumiyyətlə, bu il ölkəmizə gələn turistlərin arasında ərəb turistlərin sayı çoxluq təşkil edir. Hara getsək onlarla rastlaşırıq. Onlar sərbəst avtobuslara minir, istədikləri rayona gedib gəzirlər. Maraqlıdır, ölkəmizdə ərəb turist qəzaya düşərsə, ona hansısa kompensasiya ödənilirmi? Həmçinin onların gəzintisinin təşkili üçün xüsusi avtobuslar, nəzarət olmalı deyilmi?

Turizm üzrə ekspert Çingiz İsmayılov qəza keçirən ərəblərə kompensasiya ödənilməsinin onların hansı şərtlərlə gəlməsindən asılı olduğunu dedi: “Turistin turpaket alıb gəlməsi mütləq deyil. Turist elə öz başına da gələ bilər. Xarici ölkələrdə turist avtostop adlanan üsulla da gəzməyə gedirlər. Təbii ki, turist paketləri alınanda orada şərtlər var. Sığortalanmaq istəyib istəmədikləri soruşulur. Təbii ki, sığortalananda turpaketin qiymətinə də təsir edir. Əgər turist gəlirsə, ona mütləq şəkildə nəzarət etmək, müşahidə etmək lazımdır deyə bir şərt yoxdur. Bütün bunlar turistin hansı şərtlərlə gəlməsindən asılıdır. Konkret qəzaya uğrayan ərəblərin hansı şərtlərlə gəlməsindən asılı olaraq ona uyğun addım atmaq lazımdır. Əgər onlar özbaşına gəlibsə, təbii ki, heç bir turizm şirkəti məsuliyyət daşımır. Əgər onlar turpaketlə gəlibsə, təbii ki, orada müqavilədə tibbi sığortalanma və yaxud hansısa fövqəladə hadisə ilə bağlı sığortalanma varsa, o zaman kompensasiya ödənilməlidir”. 

Digər turizm eksperti Elxan Vəliyev gələn turistlərin düzgün istiqamətləndirilmədiyini dedi: “Ərəb turistlərinin ölkəmizə gəlməsində əsas motivasiyaedici amil viza dəstəyinin olması oldu. Gələn turistlər təəssüf ki, düzgün istiqamətləndirilmirlər. Bizim hotellərin 90-95 faizinin heç bir özəl və ya dövlətə bağlı olan turizm şirkəti ilə əlaqəsi yoxdur. Dünyanın istənilən ölkəsi ilə müqayisə etsək görərik ki, bizim turistlər digər ölkələrə getdiyi zaman onlara vaxt təyin olunur. Özəl və ya dövlət turizm şirkətlərindən asılı olmayaraq o ölkələrə gedən hər bir turistə turlar təqdim olunur. O turların bizdə olmaması təbii ki, bu cür hadisələrin artmasına səbəb olacaq. Hətta elə şirkətlər var ki, onların turizm şirkəti  olaraq siyahıda adları yoxdur. Amma onlar xaricdən nə qədər qonaqlar gətirirlər. Burada başqa bir sual doğru ki, onların gələn gəlirlərdən vergiyə hansısa köçürmələri olurmu? Bu sahədə böyük boşluqlar var. Ona görə də gələcəkdə bu sahə ciddi nəzarət altında olmalıdır. Bu hadisələrə əsas səbəb hotellərlə şirkətlər arasında əlaqənin olmaması, turistlərin nəzarətsiz qalmalarıdır. Turist bir var ki, kiminsə nəzarəti altında gəlsin, bir də var ki, özü gəlsin. Gərək özü gələn turist hotelə yalvarsın ki, mənə xidmət göstər. Belə olan təqdirdə hotel ona qiyməti baha satacaq ki, bu da gələcəkdə gələn qonaqların sayına təsir edə bilər”. 
Cia.az