|
BMT-nin 25 il işğalda olan torpaqlarla bağlı “xüsusi sənəd”i varmı?
Sentyabrın 2-3-də İrəvanda keçirilməsi planlaşdırılan qondarma “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin 25 illiyi” ilə bağlı tədbir ləğv edilib. Bu barədə teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. 

H.Hacıyev tədbirin ləğvi ilə bağlı bunları deyib: “Keçmiş dövlət rəsmiləri, parlament üzvləri və ictimai şəxslərin dəvət edildiyi bu tədbir iştirakçılarının sonra işğal edilmiş Azərbaycan ərazilərinə səfəri nəzərdə tutulurdu. Siyasi və xarici siyasət məsələləri üzrə mərkəzin sədri Fabien Baussart bəyanatla çıxış edərək, bu təşəbbüsü ləğv etmək məcburiyyətində qaldığını bildirib”.
 
XİN rəsmisi bildirib ki, Ermənistanın qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə gizlin şəkildə planlaşdırdığı bu təxribatçı tədbirlərin qarşısını almaq üçün Azərbaycan Xarici İşlər Nazirliyi 25 və 31 avqust tarixlərində bəyanatlarla çıxış edib və zəruri önləyici addımlar atılıb: “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, xüsusilə Fransa və Böyük Britaniyadakı səfirlikləri tədbirin təşkilatçıları və dəvət olunan şəxslərlə izahedici və məlumatlandırıcı iş aparıb, birtərəfli və qərəzli xarakter daşıyan bu tədbirin münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinə xələl gətirdiyi bildirilib. Müsbət haldır ki, tədbirə dəvət almış şəxslərin bir çoxu regiondakı vəziyyətin həssaslığını bilərək iştirakdan imtina etmişdi”.
 
Qeyd edək ki, qondarma tejimin  elan edilməsinin üstündən artıq 25 il ötür. Azərbaycan ictimaiyyəti arasında işğal altında olan torpaqlarımızın geri qaytarılması ilə bağlı müxtəlif fikirlər var. Hətta belə iddialar var ki, guya BMT-də 25 il işğal altında olan ərazilərin azad edilməsinin mümkünsüz olması ilə bağlı “xüsusi sənəd” də var. 
 
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında BMT-nin belə bir sənədinin olmadığını qətiyyətlə bildirdi: “Fələstin torpaqlarının işğalının üstündən 50 ildən çox vaxt ötür. Amma bu torpaqların geri qaytarılması heç zaman gündəmdən çıxmır. Ümumiyyətlə, beynəlxalq hüquqda işğalda olan ərazilərin ilhaqının müəyyən illərlə əhatələnmiş dövrü yoxdur. Bütün bunlar xalqın təxəyyülünün məhsuludur. Xalqlar var ki, min ildən sonra torpağını qaytarır. Ermənilər deyir ki, 70 ildən sonra Dağlıq Qarabağı özümüzə qaytarmışıq. Yalandan olsa da, bunu deyirlər. Dünya supergüclərinin dəstəyi ilə ermənilər torpaqlarımızı işğal etdilər. Unutmaq olmaz ki, 2-5 aprel savaşları Azərbaycanın həmin torpaqları istənilən vaxt geri qaytaracağını göstərdi. Bir şərtlə ki, ermənilərin havadarları bu məsələyə qarışmasınlar. Qondarma rejimin 25 illiyi ilə bağlı tədbirlər keçirmək üçün müəyyən cəhdlər edilməsinin heç bir önəmi yoxdur. 
 
Amerikanın Minsk Qrupundakı sədri açıq fikir ifadə etdi ki, ABŞ ”Dağlıq Qarabağ Respublikası" adlı dövlət tanımır. Bütün bunlar onu göstərir ki, bu dövlətin de-yure tanınması mümkün deyil. Bunun ətrafında gedən proseslər mənasızdır. Bir faktı deyim ki, son məlumatlara görə, Dağlıq Qarabağda hazırda 45 min erməni var. Amma vaxtilə bu 75 min idi. Bu da ciddi faktdır. Əgər apreldə hücumlarımızı bir gün də davam etdirsəydik, torpaqlarımızın əminəm ki, əksər hissələri azad ediləcəkdi".
 
Politoloq xalq arasında ərazilərimizin azad edilməsinin mümkünsüz olması ilə bağlı fikir səsləndirənlərə də cavab verdi: “Cəmiyyət 2-5 aprelə qədər ordumuzun bu gücdə olduğunu görməmişdi. Belə fikirlər 2-5 aprel döyüşlərindən sonra səngiməlidir. Bu sözləri deyənlərin sayı minimuma enməlidir. Çünki xeyli torpaq, yüksəkliklər azad edildi. Çoxsaylı erməni əsgərləri məhv edildi. Düşmən ordumuzun zərbəsini daddı. İndiyə qədər belə şey olmamışdı. Hər gün Azərbaycan ordusu irəliyə doğru gedir. Ağzımızı yenidən sülh danışıqlarına dirəyiblər. Rusiyanın anlaşılmaz mövqeyi də meydana çıxıb. 
 
Bir tərəfdən sülh məsələsini önə çəkir, digər tərəfdə ermənilərlə birlikdə hərbi hissələr yaradır, pulsuz döyüş texnikasını göndərir. Amma hər şeyin bir sonu var. Bu oyunun da sonu olacaq. Xalqımız unutmasın ki, torpaqların işğaldan azad edilməsi üçün müəyyən ilin olması boş söhbətdir. Uzağı 5-10 il müddətinə Dağlıq Qarabağ geri qaytarılacaq. Geosiyasi vəziyyət hər keçən gün Azərbaycanın xeyrinə doğru irəliləyir”.
Cia.az