Sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumdan sonra Azərbaycanda hakimiyyət idarəçiliyi sistemində vitse-prezidentlik institutu tətbiq ediləcək. Ölkədə rəsmi ikinci şəxs bundan sonra baş nazir yox, birinci vitse-prezident olacaq. Vitse-prezidentlərin isə sayının iki olacağı deyilir. Qeyd edək ki, referendum aktında birinci vitse-prezidenti və vitse-prezidentləri ölkə prezidentinin təyin edəcəyi əksini tapır.
Referendum təyin ediləndən sonra vitse-prezident vəzifələrinə, əsasən də birinci vitse-prezident postuna kimin təyin ediləcəyi barədə mediada müxtəlif informasiyalar, versiya və ehtimallar irəli sürülməkdədir. İndiyə qədər daha çox adı hallanan şəxslər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri İnam Kərimovun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adı birinci vitse-prezident vəzifəsinə namizəd olaraq mediada çəkilib.
Son günlər isə birinci vitse-prezident vəzifəsinə hazırkı baş nazir Artur Rasi-Zadənin əsas namizəd olaraq ortaya çıxdığı deyilir. Xəbərlərdə qeyd edilir ki, konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendumdan sonra baş nazir Artur Rasi-Zadə birinci vitse-prezident postuna təyinat ala biləcək ən real namizəddir. Artıq hakimiyyət dəhlizlərində də bu barədə danışılmağa başlanıb.
Məlumatlı mənbənin dediyinə görə, Artur Rasi-Zadənin 26 sentyabrdan sonra da ölkənin rəsmi ikinci şəxsi qalmasını təmin edən bir sıra keyfiyyətləri var ki, hakimiyyətə ikinci postda məhz o keyfiyyətdə olan şəxsin əyləşməsi lazımdır. Ona görə də böyük ehtimalla ortaya yeni variant çıxmayacağı təqdirdə Artur Rasi-Zadə baş nazir vəzifəsindən azad ediləcək və birinci vitse-prezident postuna gətiriləcək. Ən pis halda qocaman baş nazir vitse-prezident olacaq.
Ölkə başçısının Artur Rasi-Zadəyə üstünlük verməsinə gəlincə, mənbə bildirib ki, baş nazir hakimiyyətdəki digər fiqurlardan daha etibarlıdır, sınaqdan dəfələrlə çıxmış iddiasız, adı korrupsiya qalmaqallarında hallanmayan şəxsdir.
Prezident İlham Əliyev ölkənin ikinci şəxsinin iddialı fiqur olmasını istəmir. Hazırkı baş nazir isə siyasi iddiası olmayan fiqur imicini yarada bilib. Artur Rasi-Zadənin 20 il baş nazir vəzifəsində qala bilməsinin əsas səbəbi də budur. 2002-ci ildə konstitusiya dəyişikliyindən sonra ölkənin rəsmi ikinci şəxsi olduğu 14 ildə Rasi-Zadə sübut edib ki, onun ikinci olması hakimiyyətə heç bir siyasi təhlükə törətmir. Görünür, elə bu amil onun adının şanslı namizəd olaraq ortaya çıxmasında əsas rol oynayır.
musavat
