Milli Məclisin deputatı, baş nazirin sabiq birinci müavini Vahid Əhmədov Azərbaycan kimi ölkədə baş nazirin 6 müavininin olmasına ehtiyac olmadığını bildirib. V.Əhmədov moderator.az-a deyib ki, ola bilər gələcəkdə vitse-prezidentlik institutu tam oturuşandan sonra Nazirlər Kabinetinin ləğvi gündəmə gəlsin. Bu gün üçünsə bu real deyil və Nazirlər Kabinetinin qalması hələ vacibdir:
“Jurnalistlər bu barədə mənə çoxsaylı müraciətlər edirlər və görünür ki, mövzu aktual olduğundan təkrar gündəmə gətirirlər. Bir daha qeyd edim ki, vitse-prezidentlik institutu çoxdan müzakirə mövzusu idi. Hətta 1992-ci ildə AXC iqtidarı dönəmində də bu institutun yaradılması müzakirə olunurdu, vitse-prezidentlik yaradıldıqdan sonra Nazirlər Kabinetinin ləğvi nəzərdə tutulurdu. Amma sonradan bu məsələ unuduldu. Yəqin ki, cənab prezident bu məsələni gündəmə gətirməklə müəyyən perspektivli bir planın üzərində işləyir və bu institutun yaradılmasını vacib hesab edir. Amma ola bilər ki, gələcəkdə vitse-prezidentlik institutu tam oturuşandan sonra Nazirlər Kabinetinin ləğvi gündəmə gəlsin. Bu gün üçünsə bu real deyil və Nazirlər Kabinetinin qalması hələ vacibdir.
Ona görə ki, çoxsaylı sərəncam və qərarlar verilirsə, bununla bağlı normativ sənədlər məhz Nazirlər Kabineti tərəfindən hazırlanır. Həmin sənədlər də minlərlədir və biz onları görməsək də hazırlanması üçün çox böyük zəhmət sərf edildiyinin fərqindəyik. Bunların hazırlanması üçün çox yüksək hazırlıqlı mütəxəssislər lazımdır. Əlbəttə, ilkin mərhələdə Nazirlər Kabinetinin tərkibinə baxmaq olar və kadr islahatları aparılaraq aparatın xeyli yığcamlaşdırılmasına gedilə bilər. Tutaq ki, baş nazirin 6 müavini var, buna nə ehtiyac var?
Mən cənab prezidentin yerinə olsaydım orada cəmisi iki müavin ştatı saxlayardım. Onlardan biri birinci müavin, digəri isə bütün sahələri kurasiya edən müavin olardı. Axı Azərbaycan nəhəng ölkə deyil və iqtisadiyyatımız da o həcmdə deyil ki, bu qədər baş nazir müavini saxlanılsın”.
Deputat baş nazir Artur Rasi-Zadənin baş nazir qalıb-qalmayacağı barədə suala cavabında onu tərifləyib:“Artur Rasi-Zadə ilə mən özüm uzun müddət işləmişəm, indi də millət vəkili kimi vaxtaşırı təmaslarım olur. Hökumətdə yeganə adamdır ki, onunla istənilən vaxt üz-üzə və telefonla danışıb hər hansı məsələnin müzakirəsini aparmaq və ya problemin həllində real dəstək almaq mümkündür. Elə olmayıb ki, ona zəng vurum və danışa bilməyim, ola bilsin ki, iclasda da olanda yarım saat sonra özü arayıb nəyə görə zəng vurduğumla maraqlanır. Bir sözlə, mən onu ciddi, təcrübəli və peşəkar dövlət adamı kimi tanıyıram və hələ bilmək olmaz ki, sabah Artur müəllimin yerinə gələcək adam ondan yaxşı işləyəcək, ya yox. Onun yaşının qabardılmasını da qüsurlu hesab edirəm, kimin hansı yaşda dövlət və millət üçün faydalı olduğunu kənar müşahidə ilə müəyyənləşdirmək bəzən yetərsiz olur”.
Qeyd edək ki, baş nazirin 6 müavini var. Birinci müavin Yaqub Eyyubovdur. Müavinlər Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abbasovdur. Qonşu Gürcüstanda baş nazirin iki müavini var. Bununla yanaşı, nazirlər də müavin hesab edilirlər.
Keçmiş baş nazir Pənah Hüseyn isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, baş nazirin müavinlərinin sayı həqiqətən də çoxdur və sayın azaldılması lazımdır. Bununla belə, Pənah Hüseyn hesab edir ki, bu məsələ həlledici deyil. Ölkənin problemləri baş nazirin müavinlərinin sayının çox və ya az olması ilə həlledici şəkildə bağlı deyil: “Yəni problem heç də baş nazirinin müavinlərinin sayı deyil. Amma prinsip etibarilə daim yeni strukturlar yaradılır, köhnələr ləğv edilir. Əlbəttə ki, maksimum çalışmaq lazımdır ki, mümkün qədər yığcam, qənaətcil hökumət strukturları formalaşsın. Hökumətlə bağlı əlbəttə ki, ciddi problemlər var və bu həll edilməlidir. İndiki şəraitdə həm Nazirlər Kabinetinin səlahiyyətlərinin genişləndirilməsi, onun daha mobil icra strukturuna çevrilməsi istiqamətində müxtəlif təkliflər verilir. Təkliflərin içərisində əhəmiyyətliləri var. Hakimiyyət qollarının mütənasib şəkildə təşkil olunması vacibdir. Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabatlılığının real və gerçək olmasının təmin edilməsi zəruridir. Bu kimi məsələlər daha mühüm məsələlərdir. Ölkədə idarəçilikdə sistem dəyişikliyinə ehtiyac var. Bu olmadan baş nazirin müavinlərinin sayının az olması və ya çox olması həlledici deyil. Hakimiyyət strukturlarının heyətində dəyişikliklər olmalıdır. 20-25 il bir şəxsin istər nazir, istər baş nazir, istər nazir müavini vəzifəsində qalması idarəçiliyə xeyirdən çox ziyan gətirir. Mühüm vəzifələrdə dəyişməzliyin özü də sistem problemləri ilə bağlıdır. Əvəz olunma məsələsi vaxtaşırı olaraq qanunlara uyğun şəkildə həyata keçirilməlidir. Hökumət idarəçiliyinə yeni nəfəsin, yeni şəxslərin gəlməsi vacibdir”.
musavat
