Müğənni, əməkdar artist Aygün Bəylərin qardaşı da daxil olmaqla 6 nəfərin 3 il əvvəl törətdiyi və üstü indi açılan qətlin motivi bəlli olub.
Virtualaz.org bildirir ki, həmin şəxslər Aygün Bəylərin əmisi nəvəsi Elnur Hümbətovu narkotik söhbətinə görə öldürüb cəsədi gizlədiblər. Məsələ bundadır ki, onlar həyətyanı sahələrdən birində nəşə əkiblər. Necə olubsa mübahisə zamanı Elnur Hümbətov qohumlarının nəşə əkib-becərdiyi haqda polisə məlumat verəcəyi ilə hədələyib. Nəticədə qohumları ondan yaxa qurtarmaq qərarına gəliblər.
Qətl Suraxanı rayonu ərazisində törədilib, cinayətkarlar cəsədi Xəzər rayonuna aparıb orada basdırıblar. Maraqlıdır ki, cəsədin basdırıldığı özəl torpaq sahəsi DYP-nin Xəzər rayon şöbəsinin binasının bilavasitə yaxınlığındadır. Bu haqda “Sputnik Azərbaycan” xəbər verir.
* * *12:24
Daxili İşlər Nazirliyi (DİN) əməkdar artist Aygün Bəylərin qardaşı və digərlərinin törətdiyi qətl hadisəsi barədə məlumat yayıb.
DİN-in mətbuat xidmətindən virtualaz.org-a bildirilib ki, respublikanın daxili işlər orqanları qeyri-aşkar şəraitdə baş verən ağır və xüsusilə ağır - insan həyatına qəsd edilməsi ilə nəticələnən cinayətlərin açılması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
Belə ki, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib.
Faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar. Araşdırmalar zamanı məlum olub ki, qeyd edilən şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və E.Hümbətovun meyitinin qalıqları basdırıldığı yerdən ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.
Qeyd edilən fakta bağlı Suraxanı Rayon Prokuroroluğunda cinayət işi başlanılıb və iş digər istintaq hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib.




Cia.az
