|
Ərəb turistlər bölgələrdə ciblərini daha geniş açıb
Bu ildən etibarən Azərbaycanda turizm deyəndə ağıla ilk olaraq ərəb turistlər gəlir. Şəhər mərkəzinə çıxırsan - onlar, istirahət zonalarına gedirsən - yenə onlar. Bu yay paytaxtdan çıxa bilməyənlər daha çox şəhərin mərkəzində ərəb turistlərin “fırtına”sına şahid oldu. Bahalı kafelərdə, lüks çayxanalarda onların necə “mədəni istirahət” etdiklərinin şahidi olan sakinlər turizm bölgələrində olanlardan bixəbərdir. 
 
Jurnalist həmkarımız, tanınmış yazar Aygün Muradxanlı bu həftə sonu ölkənin şimal bölgəsinə səfəri zamanı ərəb turistlər və sonuncuların ölkə turizminə necə təsir göstərməsinin şahidi olub. “Yeni Müsavat”a açıqlamasında A.Muradxanlı dedi ki, bir neçə aydır Azərbaycana ərəblərin axınını müşahidə edirik: “Hələlik ”niyə məhz ərəblərə yaşıl işıq yandırılıb" sualına cavab tapa bilməmişəm. Düşünürəm ki, bu yalnız biznes maraqları ilə bağlı deyil. Məsələnin sırf turizm tərəfini götürsək, təbii, bu, ölkəyə ciddi paraların gəlməsi deməkdir. Azərbaycanın faktiki sükunət içərisində olan bahalı turizm kompleksləri ərəblərin hesabına son aylar canlanıb. Qiymətlərinə görə Azərbaycan vətəndaşlarının xəyal etdikləri hotellər, istirahət, əyləncə mərkəzləri ərəb turistlərlə dolub-daşır. Bu tendensiyanı həm Bakıda, həm də bölgələrdə müşahidə etmək mümkündür. Hotellərdən restoranlara, taksi şirkətlərinə, alış-veriş mərkəzlərinə qədər böyük bir xidmət şəbəkəsi bu axından razıdır".

Müsahibimiz dedi ki, ölkə içərisində istirahət etmək istəyən vətəndaşlarına bu “ərəb açılımı” o qədər də əl vermir. Bunun birinci səbəbi heç şübhəsiz ki, qiymətlərin yüksəlməsidır: “Son iki gündə Azərbaycanın şimal bölgəsinə aid bir neçə rayonda gördüklərimiz belə deməyə əsas verir. Şamaxı, İsmayıllı, Qəbələ və Qaxda xidmətlərin ən azı 40-50 faiz bahalaşdığını gördük. Restoranlarda, istirahət mərkəzlərində boş yer tapmaq faktiki mümkün deyil. Xidmət obyektləri yerli müştərilərə xidmət etməkdənsə ərəbləri qonaqlamağı üstün tutur. Səbəb isə aydındır - ərəb turist qrupları yetərincə böyükdür və onlar yerlilərdən fərqli olaraq 3 nəfərə 1 porsion qarışıq kabab sifariş etmirlər, onların masasında sözün əsl mənasında barmaq basmağa yer olmur. Bu səbəbdən restoranlar kiçik yerli qrupları ”yerimiz yoxdur" bəhanəsi ilə geri qaytarırlar - ətraf ərəb qaynaşır, müştəri problemi olmayacağına əmindirlər".
 
Həmkarımız bəzi restoranlarda özünü göstərən ikili standartlardan danışdı. Dedi ki, Qəbələnin bəzi restoranları artıq ikili menyü qiymətlərinə keçib - yerlilər və ərəblər üçün qiymətlər fərqlidir: “Məsələn, ”Orman" restoranında 1 şiş kabab ərəblər üçün 7, yerlilər üçün 5 manata təklif olunur. Şiş deyəndə ki, söhbət cəmi 2 tikə kababdan gedir. Toyuqlu-tərəvəzli sac isə yerlilər üçün 25, ərəblər üçün 45 manatdır. Ofisiantlar deyir ki, hələ heç bir ərəb qiymət məsələsindən şikayətçi olmayıb. Yeməkləri bəyənsələr, xidmətlərdən təkrar istifadə edirlər. Daha çox 8-12 nəfərlik qruplarla gələn ərəb turistlər bir nahar üçün azı 500-700 manat arası hesab ödəyirlər. Bu gəlirlər başqa bir tendensiya yaradıb - ərəblərin əyləşdikləri masaların başına pərvanə kimi dolanan ofisiantları yerli müştərilər çıraqla axtarır. Necə deyərlər, xidmət səviyyəsi yenə də sıfırın altındadır. Turizm obyektləri bizneslərini daha keyfiyyətli və arzuolunan brend yaratmaq prinsipi üzərində yox, real imkanlar daxilində daha çox gəlir əldə etmək üzərində qurur. Görünən odur ki, Azərbaycan vətəndaşları yaxın illərdə də daxili turizmin həddən artıq bahalaşması səbəbi ilə Gürcüstanda dincəlməyə üstünlük verəcək. Ərəb turistlər oraya da güclü axın edir. Ancaq Gürcüstan turizmi hələ Azərbaycandakı kimi yağmaçı siyasətə keçməyib".
 
Bu məsələdə diqqəti çəkən bir başqa nüans da ərəb axınının turizmin inkişafına təsir göstərməyəcəyi ilə bağlı tezisdir. Belə ki, ərəblərin daha çox axın etdiyi dəbdəbəli restoranların, istirahət mərkəzlərinin hakimiyyətdəki oliqarxlara məxsus olması və sonuncuların isə dövlətə vergi ödəməməsi bilinən gerçəkdir. Bu halda da dövlət büdcəsinə ciddi dəstək olacağı ilə bağlı tezislər özünü doğrultmur.
 
Amma diqqəti çəkən əsas nüans sıravi vətəndaşların, xüsusən də xidmət sektorunda çalışanların bu ərəfədə bir qədər qazanacağıdır. Tutaq ki, ofisiant bəxşişdən, taksi sürücüsü səxavətli sərnişindən, satıcı turist alıcıdan... Bunlar da əhalinin necə faizini təşkil edir? Əsas sual həm də budur. 
musavat