ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini artırmağa hazırlaşır. FED-in iki şöbəsinin rəhbəri ABŞ Mərkəzi Bankının növbəti iclasında faizlərin artırılması ilə bağlı qərar veriləcəyinə inandığını bildirib. Bu açıqlama isə dünya valyuta birjalarında həyəcan yaradıb. Belə ki, FED-in “Kanzas City” şöbəsinin rəhbəri Eşther Corc (Esther George) son 2 ayda məşğulluqda müşahidə olunan artımı əsas gətirərək ABŞ iqtisadiyyatında əmək haqlarının yüksələcəyini və bununla da istehlakın artacağını bildirib.
Federal Açıq Bazar Komitəsində səsvermə hüququna malik olan E.Corc qeyd edib ki, bu ilin I yarısında ABŞ-da iqtisadi artım zəif olub. O, istehlakda artımın müşahidə olunması ilə bu ilin II yarısında ÜDM artımının sürətlənəcəyinə inandığını vurğulayıb. Onun fikrincə, bu ilin ikinci yarısında ABŞ iqtisadiyyatında 3%-lik artım olacaq ki, bu da son nəticədə bu il üzrə 2%-lik artıma səbəb olacaq: “Fikrimcə, artıq faizlərin artırılmasının zamanı gəlib. Faiz dərəcələrinin mərhələli olaraq artırılmasının tərəfdarıyam. Amma bunun üçün məşğulluğun daha da artması və inflyasiyanın sabit olması lazımdır”.
FED sədri Janet Yellen də Cekson-Houl şəhərində konfransda çıxış edərək bildirib ki, iqtisadiyyat FED-in hədəflərinə yaxınlaşdıqca, faiz artımından ötrü səbəblər də güclənir. Məşğulluqdakı yüksəlişə və iqtisadi aktivliyə diqqət çəkən FED rəhbəri növbəti aylarda faiz artımı ehtimalının böyüyəcəyinə inandığını bildirib. J.Yellen pul siyasətinin öncədən təyin olunmadığını, göstəricilərə görə dəyişdiyini bildirib. Qeyd edək ki, uçot dərəcələrinin artırılması sentyabrın 20-21-də keçiriləcək növbəti toplantısında müzakirəyə çıxarılacaq.
FED-in rəhbərlərinin təkcə uçot dərəcələri ilə bağlı qərarı deyil, sadəcə bu cür açıqlamalar səsləndirmələri də dolların bahalaşması üçün yetərli olur. Çünki bu açıqlamalar bazara informativ təsir edir və dolların möhkəmlənməsinə şərait yaradır. Dolayısı ilə FED-in qərarları manatın da taleyinə təsirsiz ötüşmür. Xatırladaq ki, FED təxminən 10 illik fasilədən sonra ilk dəfə ötən ilin dekabrında uçot dərəcəsini artırmışdı. Qısa müddət sonra manat devalvasiya uğramışdı.
Bəs, görəsən bu dəfə FED-in qərarı nə olacaq və bu qərar manatın məzənnəsinə necə təsir göstərəcək?
İqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, FED-in qarşıdakı toplantıda uçot dərəcələrini artıracağı ehtimalı böyükdür: “FED-in sentyabr ayında keçirilməsi planlaşdırılan toplantısında hansı qərarın qəbul ediləcəyini demək çox çətindir. Bəzi hallarda FED rəhbərləri uçot dərəcələrinin artırılacağı ilə bağlı açıqlamalar verir, amma görüş ərəfəsində ABŞ iqtisadiyyatındakı inkişaf göstəriciləri səbəbindən və ya qlobal səbəblərdən faizlərin artırılması təxirə düşür. Ancaq FED rəhbərlərinin son açıqlamaları uçot dərəcələrinin artırılacağı istiqamətindədir. Bu açıqlamalar belə bir fikir formalaşdırır ki, FED artıma gedəcək. Yenə də birmənalı şəkildə bu proqnozu vermək çətindir, amma hər halda proqnozlar faizlərin artırılacağından xəbər verir.
FED uçot dərəcələrini artırarsa, bu dünya bazarına, eləcə də qlobal valyuta bazarına təsir göstərəcək, dolların bahalaşması davam edəcək. FED-in son açıqlamasından sonra da dolların möhkəmlənməsi prosesi başlayıb. FED bu qərarı verərsə, iş adamları dollarla yığımda maraqlı olacaq, bu mənada dollara tələb artacaq.
Digər tərəfdən, dolların bahalaşması strateji məhsullar bazarına təsir edəcək. Neftin qiymətində azalmalar müşahidə edilə bilər. Əgər dünya enerji bazarında neftin qiymətini artıracaq yeniliklər baş verməzsə, FED-in uçot dərəcələrini artırması neftin ucuzlaşmasına gətirib çıxaracaq”.
Ekspertin sözlərinə görə, Azərbaycan da FED-in qərarının təsir edəcəyi ölkələrdən biri olacaq: “Valyuta bazarında manat dəyərdən düşə bilər. Dünya bazarında bahalaşan dollara Azərbaycanda da tələb artacaq. İş adamları və vətəndaşlar dollar almağa üstünlük verəcək ki, bu da bazarda qıtlıq yarada bilər. Manatın məzənnəsi ilə Mərkəzi Bankın valyuta siyasətindən asılı olacaq. Əgər FED-in qəbul etdiyi qərar fonunda Azərbaycan Mərkəzi Bankı tənzimlənən üzən valyuta rejimindən liberal üzən valyuta rejiminə keçərsə, o zaman manatın daha sıçrayışla dəyər itirməsi mümkündür. Əslində Mərkəzi Bank manatı liberal üzən valyuta rejiminə hazırlamalı idi, lakin təəssüf ki, bu müşahidə olunmadı. Bu gün tənzimlənən valyuta rejimindən imtina etmək daha məqsədəuyğundur. Mərkəzi bank mövcud məzənnə siyasətini saxlasa da, dollar möhkəmlənməkdə davam edəcək”.
musavat
