Avqustun 27-də bölgələrdə baş verən qısamüddətli qasırğa əhaliyə ciddi ziyan vurub. Tovuzda güclü külək bir binanın və bəzi evlərin dam örtüyünü uçurub, elektrik naqillərinə ziyan vurub. Ağdam, Bərdə və Tərtər rayonlarında qasırğa ağacları kökündən qopararaq elektrik naqillərinin üzərinə salıb.
Qubada və Şəkidə isə yağan leysan yağışlar ciddi fəsadlar törədib.
Mətbuatda gedən məlumatlara görə, yağış, şimşək və ardından bir neçə dəqiqəlik qasırğa Tovuzda dağıntılara səbəb olub. Güclü əsən külək rayonun Sabir küçəsində yerləşən 5 mərtəbəli binanın dam örtüyünü uçurub, mərkəzi hissədə olan ağacları qırıb. Bu zaman Əlibəyli, Yuxarı Öysüzlü, Aşağı Quşçu, Azaflı, Bayramlı, Bozalqanlı kəndlərinə də xeyli ziyan dəyib. Az müddətli qasırğa sərhəd kənd olan Əlibəylidə 5 ailənin yaşayış evinin dam örtüyünü, elektrik xətlərini, Aşağı Quşçu kəndi ərazisində bir neçə ticarət mərkəzini, elektrik, rabitə xətlərini yararsız hala salıb.
“Yeni Müsavat”ın müxbiri iki gün öncə baş verən qasırğadan sonra Tovuzda vəziyyətin necə olmasını öyrənmək üçün yerli sakinlərlə əlaqə saxlayıb. Sakinlərin sözlərindən məlum olub ki, artıq 3-cü gündür ki, Tovuzun bəzi kəndlərinə elektrik enerjisi verilmir. Qasırğa nəticəsində elektrik xətlərinə ziyan dəydiyindən təmir-bərpa prosesi uzanıb və avqustun 29-da bəzi kəndlərin elektrik enerjisi bərpa edilib, bəzilərinə isə hələ də elektrikin verilişi bərpa edilməyib.
Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakinləri hazırkı durumla bağlı qəzetimizi danışarkən bildirdilər ki, avqustun 27-də baş verən təbii fəlakətdən sonra kəndə elektrik enerjisinin verilməsi hələ də bərpa edilməyib. Qasırğa nəticəsində kəndlərə dəyən ziyana gəlincə, yerli sakinlərin evlərinin damlarına zərər dəyib: “Elektrik xətlərinə ziyan dəyməsinin səbəbi dirəklərin və naqillərin köhnə olmasıdır. Uzun müddətdir elektrik naqilləri dəyişdirilmədiyindən külək əsən kimi xətlər qırılır və kəndlər işıqsız qalır.
İndi 3 gündür həmin xətləri yeniləməyə çalışırlar, biz də 3 gündür ki, işıqsızıq. Ehtimal var ki, bu axşam bərpa ediləcək. Evlərə isə ciddi ziyan dəyməyib, ancaq ağaclar qırılıb, dam örtüyü qırılıb uçub”.
Tovuzun Bozalqanlı kənd sakini isə qəzetimizə danışarkən qeyd etdi ki, artıq kəndə elektrik enerjisinin verilməsi bərpa edilib: “Elektriki bu gün bərpa elədilər. Kəndə çox ziyan dəyib, yıxıntı çoxdur. Evlərin damı uçub, hasarlar uçub yıxılıb, açıq pəncərələr qırılıb tökülüb. İnsanlar 3 gündür çətin vəziyyətdədir. Kompensasiya verilməsi ilə bağlı da heç bir məlumat verməyiblər”.
Bozalqanlı kəndinin sakini də bildirib ki, elektrik xətləri və dirəkləri köhnə olduğundan təkcə güclü qasırğa olarkən deyil, adı külək əsəndə də işıqlar sönür, bu mənada əhali əziyyət çəkir.
Rayonlarda yaranmış duruma aydınlıq gətirən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də “Yeni Müsavat”a açıqlamasında təsdiqlədi ki, 3 gün ərzində kəndlər işıqsız qalıb: “Hazırda Tovuz rayonunun kəndlərinə qısamüddətli elektrik enerjisi verilir, sonra dayandırılır və təmir işləri aparılır. Avqustun 27-də baş verən təbii fəlakət zamanı transformatoru ildırım vurmuşdu, hazırda onu təmir edirik. Bəzi kəndlərdə isə xətlər qırılıb, onlar da bərpa edilir.
Rayona yeni kabel xətləri və yeni transformator göndərildi. Neçə gündür ki, əməkdaşlarımız operativ şəraitdə çalışır. Qasırğa çox böyük qəza yaratmışdı. 6-7 kənd işıqsız qalmışdı. Artıq işlər yekunlaşmaq üzrədir, yəqin ki, axşama qədər elektrik enerjisinin verilməsi bərpa ediləcək. Köhnə xətlər də tədricən ”Azərişıq" ASC tərəfindən dəyişdirilir".
Qasırğadan ziyan çəkən əhalini narahat edən başqa bir məqam isə dəymiş zərərin qarşılığında onlara dövlət tərəfindən kompensasiyanın verilib-verilməyəcəyidir. Təbii fəlakət zamanı dəyən ziyana görə kompensasiyanı kim və necə ödəməlidir?
Bu sualı cavablandıran hüquqşünas Müzəffər Baxış bildirdi ki, qanunda yalnız sığorta müqaviləsi olan əmlaklara dəymiş ziyanın ödənilməsi nəzərdə tutulur: “Əgər həmin evlər sığortalanırsa, sığorta təşkilatları onlara dəymiş ziyana görə kompensasiya ödəməlidir. ”Məcburi sığorta haqqında" Qanuna görə, rayon yerlərində 15 min manata qədər ödənilməlidir. Əgər kimlərinsə daşınmaz əmlaklarının sığortası ilə bağlı sığorta şirkətləri ilə müqaviləsi varsa, onlara sığorta ödəniləcək. Əgər sığorta müqaviləsi yoxdursa, dəymiş ziyanın ödənilməsi ilə bağlı qanunda hər hansı maddə nəzərdə tutulmayıb. Bəzən dövlət özü insanlara dəymiş ziyanın böyük həcmdə olmasını nəzərə alaraq, müəyyən proqramlara əsasən ziyan çəkmiş şəxslərə köməklik göstərir. Zəlzələ, təbii fəlakət, sel daşqınları zamanı bir çox hallarda hökumət bu addımı atır. Nazirlər Kabineti bununla bağlı qərar qəbul edir və bunun əsasında həmin insanlara köməklik göstərilir. Ancaq orada şübhəli məqamlar da çox olur. KİV-də yer alan məlumatlara görə, belə kütləvi proqramların həyata keçirilməsi zamanı bir qayda olaraq, proqramı həyata keçirən qurumlar dövlət büdcəsindən ayrılmış vəsaitlərin əksər hissəsini mənimsəyirlər, insanlara da cüzi miqdarda köməklik göstərirlər. Bu Azərbaycan reallığıdır və ölkənin ictimai şüuru da bunu qəbul edir. Əhali deyir ki, bizə az miqdarda nəsə ver, adıma isə nə qədər istəsən yaz və mənimsə. Əgər Nazirlər Kabineti xüsusi bir qərar qəbul etməsə və ya həmin şəxslər daşınar və daşınmaz əmlaklarını sığorta etdirməyiblərsə, onlara heç bir kompensasiya ödənilməyəcək".
Qasırğadan ziyan çəkmiş kəndlilərə kompensasiyanın verilib-verilməyəcəyi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda dəymiş ziyanın qiymətləndirilməsi prosesi aparılır: “Təbii fəlakət baş verən zaman yerli icra hakimiyyətlərinin rəhbərliyi ilə fövqəladə hallar komissiyası yaradırlar və bizim də ekspertlərimiz orada iştirak edir. Onlar dəymiş ziyanla bağlı araşdırma aparır, arayışlar təqdim edir. Həmin arayışlar Nazirlər Kabinetinə təqdim olunur, Nazirlər Kabineti də öz növbəsində kompensasiya verilməsi ilə bağlı hansı tədbirlərin görüləcəyini müəyyənləşdirir. Onlar sonrakı proseslərdir. Hələ ki dəymiş zərərin qiymətləndirilməsi prosesi gedir. Bunu da rayonların fövqəladə hallar komissiyaları aparır. Kompensasiyaların verilməsinə gəlincə, bununla bağlı xüsusi standartlar var, qiymətləndirmə aparıldıqdan sonra ona uyğun olaraq Nazirlər Kabineti müəyyən edir”.
Cia.az
