|
Dini Komitə radikalizm və xurafata qarşı mübarizə aparır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizm və xurafata qarşı silsilə tədbirləri davam etdirir. Avqustun 29-da Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini radikalizm və xurafat: bir medalın iki üzü” adlı növbəti tədbir keçirildi. 
 
Tədbirin açılışında çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov komitənin ölkədə dini radikalizm və xurafata qarşı silsilə tədbirlər həyata keçirdiyini bildirdi. Həm radikalizm, həm də xurafatın bir-birinə bağlı olduğunu deyən komitə rəsmisi əlavə etdi ki, DQİDK Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə xurafat və radikalizmə qarşı həm inzibati, həm də marrifçilik tədbirləri ilə mübarizə aparır.
 
Onun sözlərinə görə, inzibati tədbirləri DQİDK hüquq-mühafizə orqanları ilə birlikdə aparır. Ancaq maarifçiik tədbirlərində QMİ və eləcə də medianın dəstəyinə güvənirlər. G.İsmayılov medianın bu sahədə imkanlarının güclü olduğunu, bu səbəbdən də media orqanları ilə yaxından əməkdaşlıq edildiyini bildirdi. 
 
Mahiyyət etibarı ilə xurafat və radikalizmin eyni olduğunu, birinin o birinin yaranmasına dəstək verdiyini xatırladan komitə rəsmisinin sözlərinə görə, radikalizmin yaranmasında xurafatın böyük rolu olur. Çünki xurafat çox yayılanda yaranmış vəziyyətdən radikal qruplar istifadə edərək insanları cəlb edirlər. Onun sözlərinə görə, mahiyyət etibarı ilə 100 il keçməsinə baxmayaraq, Azərbaycanda xurafat problemi hələ də aktual olaraq qalır. G.İsmayılov dedi ki, xurafatın dini və ictimai tərəfi var, hazırda əsas mübarizə ictimai tərəfi ilə aparılır. 
 
G.İsmayılovun sözlərinə görə, DQİDK Təhsil Nazirliyi ilə birlikdə “Həyat bilgisi” kitabı üzərində işləyir. Belə ki, kitabın yeni versiyası daha geniş və əhatəli bilgilərlə zənginləşdiriləcək: “Çünki xurafat probleminin yaranmasında əsas səbəblərdən biri də dini biliklərin az olmasıdır. «Hesab edirik ki, şəriət və ya dinin tədrici deyil, dini biliklərin daha da dərinləşdirilməsinə ehtiyac var. Bu istiqamətdə işlər gedir”.
 
Tədbirdə çıxış edən QMİ-nin aparat rəhbəri Qafqaz Müsəlmanları İdarəsinin radikalizm və xurafata qarşı maarifçilik fəaliyyətləri apardığını bildirdi. 

İslamşünas İlqar İsmayılzadə xurafat və radikalizmi bir-birindən ayrı olmayan, silsiləvi ardıcıllıqla gələn problemlər olaraq qeyd etdi. İlahiyyatçıya görə, xurafat insanların öz həyatlarında ağıl və düşüncəyə yer verməməsi ilə meydana gəlir: “İnsanlar, bəzi xurafatçı din adamları Quranın həqiqi mahiyyətindən uzaq, qız ərə vermək, itmiş əşyanı tapmaq üçün istifadə edir. Halbuki Quran dəfələrlə insanları düşünməyə dəvət edir, öyüd-nəsihət kitabı olduğunu xatırladır”. 
Cia.az