Terror və təbii fəlakətlər bu gün, demək olar ki, dünyanın əksər ölkələrini öz cənginə alıb. Hər gün terror aktları və təbii fəlakətlərdən (zəlzələ, sel, qasırğa) yüzlərlə adamın ölməsi xəbərləri yayılır. Maraqlısı isə budur ki, əvvəllər bu cür faciələrə insanların reaksiyası tamamilə fərqli olurdu. Ölkədə matəm elan edilir, insanlar üzüntülərini günlərlə, hətta aylarla yaşayır və bu cür hadisələrin təsirindən çıxa bilmirdilər. İndi isə bu cür hadisələr adiləşib.
Məsələn, bir neçə gün öncə İtaliyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb. Yaxın Şərqdə, eləcə də Türkiyədə terror hadisələri nəticəsində demək olar ki, hər gün ölənlər olur. Amma terrorun sayı və miqyası genişləndikcə, sanki bütün insanlarda buna alışmaq, adi bir hadisə kimi yanaşmaq psixologiyası yaranır. İnsanların fəlakətlərə bu qədər duyarsız yanaşmasına səbəb nədir, alışqanlıq, yoxsa..?
Psixoloq Azad İsazadə bu cür reaksiyaların dalğavari olduğunu dedi: “Reaksiyanın sıfıra bərabər olduğunu demək düzgün olmazdı. Hansı reaksiyanın daha adekvat olduğunu demək də çətindir. Həddindən artıq matəm saxlamaq, hansısa böyük bir hadisəyə həddindən artıq emosiya ilə reaksiya vermək daha pisdir, nəinki obyektiv, sakit reaksiya vermək. Sırf psixoloji cəhətdən daha sakit reaksiya müsbət xarakter daşıyır. Bunun fəsadları daha azdır. İnsanlar stressə sakit reaksiya verir. Heç reaksiya verməmək düzgün deyil. Ümumiyyətlə, dünya praktikası göstərir ki, kütlənin emosional reaksiyası dalğavari olur. Yəni gah azalır, gah da artır. Eyni hadisəyə bəzən biz həddindən artıq ciddi reaksiya veririk, bəzən isə ümumiyyətlə heç bir reaksiya vermirik. Bu hansısa sosiumun, cəmiyyətin içində gedən proseslərdən daha çox kütlədə psixologiyaya aid proseslərdən asılıdır. Bu da nə pisdir, nə də ki, yaxşıdır. Nə çoxalır, nə də ki, azalır. Bu daha çox dalğavari hərəkət edir. Dənizdə külək olanda dalğalar çoxalar, sakitlik olanda dalğalar bir az azalır. Amma dalğavari hərəkət həmişə var. Bəlkə 100 il öncə reaksiya daha az olurdu. Bu daimi çoxalma və ya azalma prosesi deyil. Öz keçmişimizi götürsək, məsələn, 90-cı ilin yanvarında atəş səsi gələndə reaksiya daha kəskin idi. Sonra müharibə davam edirdi, silahlı adamlara, atəş səslərinə öyrəşmişdik deyə daha əvvəlki reaksiyanı vermirdik. İnsan öyrəşir. Biz pis şəraitə də, yaxşı şəraitə də tez öyrəşirik. Bu özünü qoruma xarakteri daşıyır. Çünki daimi dərd içində yaşamaq da çətindir. Biz sadəcə olaraq o dərdi artıq dərd kimi deyil, adi həyat tərzi kimi qəbul edirik”.
musavat
