|
Azərbaycanda müəllimlərin məzuniyyəti başa çatdı

Azərbaycanda orta məktəb müəllimləri üçün yay məzuniyyəti başa çatıb. Modern.az saytının məlumatına görə, onlar bu gündən işə çıxmağa başlayıblar. Baxmayaraq ki, yeni dərs ilinin başlanmasına hələ 15-16 gün vaxt qalır.
Hazırda yeni tədris ilinin yaxınlaşması ilə əlaqədər məktəblərdə dərs bölgüsü də aparılır.
Xatırladaq ki, bu il Azərbaycanın ümumtəhsil müəssisələrində dərslərin iyunun 14-də başa çatması ilə əlaqədar müəllimlərin əmək məzuniyyətinə çıxma vaxtında da dəyişiklik edilib. Ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərə əmək məzuniyyəti  iyulun 1-dən verilmişdi. 

Qeyd edək ki, Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, bütün ixtisas müəllimlərinə 56 təqvim günü müddətinə əmək məzuniyyəti verilir. Mövcud qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyətləri, bir qayda olaraq yay tətili dövründə verilir.

Cia.az