Bu il təhsil haqları 25 faiz artırılıb. Bunun nəticəsidir ki, 440 nəfər abituriyent tələbə adından imtina edib. Çünki onların maliyyə imkanları pullu təhsil almalarına imkan vermir. Qeyd edək ki, bu artım hesabına 5 milyondan artıq pul əldə ediləcək. Maraqlıdır, bəs bu 5 milyon vəsait hara sərf ediləcək? Müəllimlərin əmək haqları artırıla bilərmi?
Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayev bu pulun universitetlərdəki maddi-texniki bazanın zənginləşməsinə yönəlməsinin daha məqsədəuyğun olduğunu dedi: “Ali məktəblər, xüsusən də muxtariyyət verilmiş ali məktəblər var bizdə, Bakı Dövlət Universiteti, Texniki Universitet və digər 8 universitet. Bunların daxili imkanlar, beynəlxalq layihələrdən gələn qazanclar hesabına müəllimlərin əmək haqlarını artırma imkanları var. Misal çəkim ki, bu gün Texniki Universitetdə heç bir dərəcəsi olmayan müəllimin maaşı 600 manatdır. Dərəcəli kafedra müdiri 1200 manat maaş alır. İndi əvvəllərdə olduğu kimi müəllim bir qrafikdə maaş alsın kimi standartla yanaşılmır. Hətta ola bilər ki, tarixdən dərs deyən üç müəllimdən biri 800, biri 600, o biri də 500 manat alsın. Bu onun təlim keyfiyyətinin nəticəsinə görə yanaşılır. Yəni yanaşmalar tamamilə dəyişilib. İndi o təfəkkürlə yanaşmaq lazım deyil. Məntiqi nəticə budur ki, ali məktəblərin hər biri özü müəllimin əmək haqqının artmasına diqqət yetirməlidir. Bu əmək haqqının ödənilməsi qrafikası ilə əmək haqqından əlavə tutaq ki, hansısa bir müəllimin ən hörmətli jurnalda məqaləsi çap olunub. Ona min manat qonorar yazılır. Əgər kitabı çap olunubsa, bir neçə min manat yazılır. Yəni ali məktəblərdə artıq bu yollar var. Bunları tətbiq edən ali məktəblərin professor-müəllim heyəti öz fəaliyyətinin nəticəsinə, qabiliyyətinə, dəyərinə görə yüksək əmək haqqı ala bilir. Ona görə də təhsil haqlarının 25 faiz artımından əldə edilən 5 milyonluq bir artım əmək haqqından daha çox maddi texniki bazanın, sırf texnologiyaların zənginləşdirilməsinə verilməli, yataqxanalar tikilməli, laboratoriyalar alınmalıdır. Beynəlxalq reytinqdə laboratoriya, kitabxana, təlim keyfiyyəti, peşə hazırlığı əsasdır. Yəni ali məktəb özü düşünür ki, mənim harada kəm-kəsirim var o pulu ora yönəltsin. Ola bilər elə ali məktəb də olsun ki, o puldan hər müəllimin əmək haqqına da 100-150 manat əlavə etsin. Bu, mümkün ola bilər. Amma hökm vermək olmaz ki, təhsil haqqı artıb, müəllimlərin maaşını niyə artırmırlar. Bu artım gedir. İndi hər bir ali məktəb öz kadrının sosial tələbatının ödənilməsi üçün çalışır və çalışmalıdır. Bu gün yanaşma belədir”.
Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü müəllimlərin əmək haqlarında artımların mütləq olacağını dedi: “Universitetlər var ki, bu artımla paralel olaraq müəllimlərin də əmək haqlarını artırırlar. Dərslər hələ başlamayıb. Mən düşünürəm ki, müəllimlərin maaşlarında artımlar mütləq olacaq. Çünki müəllimlərin hamısı indi məzuniyyətdədir, sentyabrın ortalarında işə başlayacaq. Düşünürəm ki, iş başlayan kimi bu məsələ müsbət həll olunacaq. Məzuniyyətdə olan əmək haqları artmır”.
İqtisadçı ekspert Rəşad Həsənov isə 5 milyonun dövlət büdcəsinin heç 4 faizi etmədiyini dedi: “Azərbaycan iqtisadiyyatının indiki vəziyyətini qiymətləndirsək 5 milyon elə də böyük bir məbləğ deyil. 5 milyonu sərf etməklə Azərbaycan iqtisadiyyatını inkişafa yönəltmək indiki halda mümkün deyil. Çünki indi dövlət büdcəsi təxminən 20 milyarda yaxındır. 19 milyard dövlət büdcəsidir, 5 milyon burada kiçik rəqəmdir. Səhv etmirəmsə, bu heç 100-də 4 faizə çatmır. Həmçinin nəzərə almaq lazımdır ki, bu ödənişlərin artımından əldə olunan gəlirlərin böyük bir qismi universitetlərin öz nəzdində qalır. Çünki Azərbaycan universiteti artıq öz-özünü maliyyələşdirmə sisteminə keçib. Bu da təbii ki, müxtəlif istiqamətlərə infrastukturuna təkmilləşdirilməsi kimi məsələlərə yönələcək. Eyni zamanda, bir çox universitetlərdə də bu vəsait müəllimlərin əmək haqlarının artırılması, rifahın yüksəldilməsi, mükafatlandırma kimi məsələlərə yönəldiləcək. Bu pulu Azərbaycan iqtisadiyyatına yönləndirmə və burada hansısa inkişaf əldə edilməsi mümkün deyil. Çünki çox kiçik rəqəmdən söhbət gedir. Eyni zamanda prosedurlar da bunun dövlət büdcəsini təmin etməsini şərtləndirmir”.
İqtisadçı-ekspert bu gəlirin həm yaxşı həm də pis tərəflərinin olduğunu da qeyd etdi: “Nəticə ödənişi həyata keçirən insanların çətinliklə üzləşdiyini deməyə əsas verir. 440 nəfər ödəniş edə bilmədiyi üçün tələbə adından artıq imtina edib. Bu pis tərəflərdir. Bu gün Azərbaycan vətəndaşının maliyyə vəziyyəti həqiqətən də kifayət qədər çətindir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, bizim konstitusiyamızda hər bir vətəndaşa təhsil almaq hüququ verilirsə, buna şəraitin də təmin olunması hökumətin borcudur. Amma digər tərəfdən də universitetlərin əlavə vəsait əldə etmək imkanlarının olması haradasa Azərbaycan müəlliminin əmək haqlarına müəyyən qədər müsbət təsir göstərə bilər. Universitetlərin infrastuktruna müəyyən qədər müsbət təsir göstərə bilər ki, bu da son nəticədə təhsilin keyfiyyətində irəliləmələri şərtləndirir”.
Cia.az
