“Ailə zorakılığı” dedikdə ağıla ilk olaraq qadınlar gəlir. Çünki cəmiyyətimizdə zorakılığa daha çox qadınlar məruz qalır. Məhz buna görədir ki, ölkəmizdə qadınları müdafiə edən qurumların sayı daha çoxdur. Ancaq hərdən kişilər də zorakılığa məruz qalır. Məsələn, bu günlərdə Şəmkir rayonunun Seyfəli kəndində qadın ərini döyərək xəstəxanalıq edib. Həyat yoldaşı tərəfindən döyülən kənd sakini - 1974-cü il təvəllüdlü Arzuman Qarayev kəllə beyin travması və sifətin əzilmiş yarası xəsarətləri ilə Şəmkir xəstəxanasına yerləşdirilib...
Kişilərin zorakılığa məruz qalması bizdə belə deyək ki, “sensasiya” sayılır. Avropa və Qərb ölkələrində isə bu, “adi hal” hesab olunur. Buna görə də həmin ölkələrdə kişilər üçün də sığınacaq evləri var. Türkiyədə də xanımının şiddətindən bezən kişilər üçün kişi sığınma evləri mövcuddur. Bu evlərin ən məşhuru Konyada yerləşir. Bura müraciət edənlərin böyük əksəriyyəti həyat yoldaşı və uşaqları tərəfindən zorakılığa məruz qalmış kişilərdir. Bir qeyri-hökumət təşkilatı tərəfindən açılan ev “zərərçəkənin cinsi olmaz” şüarını deviz seçib. Sığınacağa eyni vaxtda 40-50 kişi yerləşə bilir. İldə isə ən azı 400-500 nəfər yardım məqsədilə bura müraciət edir, bəziləri oranın uzunmüddətli qonağına çevrilirlər. Niderlandda, Amerikada da kişi sığınacaq evləri çoxluq təşkil edir. Serbiyada da “Kişilərin təhlükəsizliyi” adlı ictimai təşkilat var ki, bura arvadları tərəfindən döyülən və zorakılığa məruz qalan kişilər sığınıb.
Maraqlıdır, Azərbaycanda qadınlarla yanaşı, kişiləri də müdafiə və himayə edən qurumlar varmı?
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova zorakılığın qadın və kişi cinsinə bölünmədiyini dedi: “Zorakılıq qadın və kişi cinsinə bölünmür. Əgər şəxs zorakılığa məruz qalıbsa, həm konstitusiya, həm də məişət zorakılığı haqqındakı qanuna görə onlar eyni formada müdafiə olunmaq hüququna malikdir. Burada qadına ona görə üstünlük verilir ki, ən çox zorakılığa qadınlar məruz qalır. Amma ayrıseçkilik düzgün deyil. Müəyyən ölkələrdə adət-ənənələr bunu xüsusi qabartmağa şərait yaradır. Ümumi götürsək bütün ölkələrdə qadın zorakılığı var. Amma bu forma baxımından müxtəlifdir. Məsələn, Rusiyada kişilərin zorakılığa qalması faktı daha ənənəvi hesab edilə bilər. Qadının kişiyə qışqırması, fiziki zorakılıq yetirməsi və sairə hallar bu ölkədə ənənəvi hesab olunur. Amma buna baxmayaraq Rusiyanın özündə də qadına qarşı zorakılıq məsələsi var. Çünki kişi istənilən formada iqtisadi, fiziki və digər formalarda zorakılıq törədə bilər. Hüquq müdafiə təşkilatına hansısa bir kişi də müraciət etsə, yenə müdafiə olunacaq, zorakılıq faktı onun müdafiəsi üçün əsas məsələ kimi diqqət mərkəzində dayanacaq. Əsas odur ki, şəxs müraciət etsin və müdafiə olunsun. Heç kimə əsas verilmir ki, biri digərinə hökmranlıq və ya zorakılıq tətbiq etsin. Bunu edən hər kəs cinsindən asılı olmayaraq kişi cəzalandırılmalıdır. Sadəcə, bizdə qadınların zorakılığa məruz qalması ənənəvidir. Sanki qadın evin qulu, köləsidir və hər şeyə dözməlidir. Kişinin zorakılığa məruz qalması isə xüsusi diqqət çəkir. Bəlkə indi xanımlara qarşı müəyyən kampaniya başlayacaq ki, qadınlar belədir, hakimiyyəti ələ almaq istəyir, zorakılıq tətbiq etməyə başlayıblar və sairə. Amma həmin məsələnin özünün də araşdırmaya böyük ehtiyac var. Biz Şərq ənənəsinə malik bir ölkəyik və burada qadının kişi üzərində deyil, daha çox kişinin qadın üzərində hakimiyyəti mövcuddur”.
M.Zeynalova bildirdi ki, qadının nəyə görə zorakılığa əl atdığı araşdırılmalı və o cəzalanmalıdır: “Mövzu ətrafında düşünmək lazımdır ki, nəyə görə qadın zorakılığa əl atır. Bu suallara cavab vermirik və baş vermiş hadisəni, gördüyümüzü təhlil edirik. Nəticə zorakılıqdır. Amma hansı amillər gətirib bu vəziyyətə çıxarıb, bunları araşdırmırıq. Hətta ölüm faktları da qeydə alınır. Məsələn, deyirlər ki, həbsxanada qadınlar var ki, ərlərini öldürüblər. Öldürülənə qədər hansı hadisələr baş verib, kişi hansı hərəkətləri edib, qadının psixoloji vəziyyəti necə olub, bütün bunlar sual doğuran məsələlərdir. Mən cinayət törədən qadına bəraət vermirəm. Hesab edirəm ki, bu yolverilməzdir. Nə kişiyə, nə də qadına qarşı zorakılıq olmamalıdır. Zorakılığa zorakılıqla cavab vermək olmaz. Səbəblər öyrənildikdən sonra zorakılıq edən o qadın cəzalanmalıdır. Biz ədalətli olmağa çalışmalıyıq. Mən istəmirəm deyilsin ki, qadın yaxşı edib. Bu az baş verən hadisə, yəni qadının ərini döyüb xəstəxanalıq etməsinin səbəbi öyrənilməlidir. Axı biz xaraktercə buna malik deyilik”.
Cia.az
