1991-1994-cü illərdə Qarabağ müharibəsində şəhid olanların ailələrinin əksəriyyəti bu günə sığorta pulu olan 11 min manat ala bilməyiblər. Həmçinin müharibə dövründə əlil olanların da sığorta haqqı ödənilməyib. Bu məsələ illərdir mətbuatın gündəmində olsa da, hələ də həllini tapmayıb.
Bu barədə “Yeni Müsavat”a danışan Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu bildirdi ki, şəhidlərin və birinci, ikinci, üçüncü qrup Qarabağ əlillərinin sığorta pulunun verilməsi ilə bağlı problem bu gün də qalmaqdadır: “Bu problem 1991-1994-cü illərdə şəhid olanlar və yaralananlarla bağlıdır. Qarabağ Qazilər Birliyi və Şəhid Ailələri Cəmiyyəti bununla bağlı müxtəlif vaxtlarda Milli Məclisin qarşısında toplaşıb deputatlarla görüş keçiriblər. Konstitusiya Məhkəməsinin qərarı da var idi ki, bu pul ödənilsin. Ancaq təəssüflər olsun ki, ”Azərsığorta" şirkəti bu vaxta qədər şəhid ailələrinə həmin vəsaiti ödəməkdən dolayısı ilə imtina edir və o pulu ala bilmirik. 20-yə yaxın Qarabağ əlili və şəhid ailəsi məhkəmə qaydasında tələb qaldırıb. Məhkəmə də qərar verib ki, bu məbləğ ödənilsin.
Lakin çox biabırçı bir situasiyadır ki, o pul ödənilmir. Şəhid ailəsi üçün 11 min manat, birinci qrup Qarabağ əlili üçün 8800 manat, ikinci qrup Qarabağ əlili üçün 6600, üçüncü qrup Qarabağ əlili üçün isə 4400 manat nəzərdə tutulub. Lakin indiyə qədərə şəhid ailələri və Qarabağ əlilləri həmin vəsaitləri ala bilmirlər. O vəsait Azərbaycan hökumətinin gəlirlərinin yaxşı olduğu vaxtda da məmur səhlənkarlığının nəticəsində ödənilmədi. Bu gün də səlahiyyətli şəxslər deyirlər ki, hökumətdə pul yoxdur. Yəni bir sözlə, bu məsələnin izahı yoxdur, bu tam biabırçılıqdır. 20 ildir ki, ailə başçısını şəhid verən insanlar sığorta pulunu ala bilmirlər".
Rey Kərimoğlu bildirdi ki, 1997-ci ildə qanuna dəyişiklik edilib və sığorta ilə bağlı konkret məbləğ müəyyənləşdirilib, lakin bu tarixdən öncə şəhid olanlara sığorta haqları hələ də ödənilməyib: “Orada da göstərilib ki, şəhid olubsa ailəsi, yaralanıbsa şəxs özü 3 il müddətinə sığorta ala bilər. Konstitusiyada da bu maddə var ki, qanun vətəndaşın mənafeyini qoruyursa, onun geriyə qüvvəsi var. Konstitusiya Məhkəməsi də bunu əsas götürərək 2014-cü ildə qərar qəbul etdi ki, bu vəsait ödənilsin. Sadəcə bir bənd qeyd edib ki, meyarları Milli Məclis tərəfindən müəyyən olunsun. Milli Məclis də deyir ki, biz qanunu qəbul etmişik, orada bütün meyarlar var. "Azərsığorta" həmin vəsaiti ödəməlidir".
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev bu məsələnin hökumətin gündəmində olduğunu bildirdi: “Bu təzə məsələ deyil, neçə ildir ki, gündəmdədir. Hökumət də bu məsələ ilə məşğul olur, Milli Məclisdə də müzakirəyə çıxarılıb. Məsələ belədir ki, şəxslər sığorta olunan müddətdə bunu almalıydılar. Ancaq "Sığorta haqqında" Qanun, onların sığorta olunması 1997-ci ildən başladı. Bu zaman 1100 manat sığorta təyin olundu. 2007-ci isə bu məbləğ 11 min manata qaldırıldı. 1997-ci ildən bu yana şəhid olanların hamısı bu məbləği alıb. İndi söhbət bu qanun qəbul olunanadək şəhid və qazi olanların sığortasının ödənilməsindən gedir. Vaxtında sığorta ayrılmadığına görə, sığorta şirkəti o pulu haradan alıb verməliydi? Beləcə o pulun ödənilməsi qaldı".
Deputat qeyd edib ki, bu məsələdə cavabdeh tərəf “Azərsığorta” şirkətdir: “Mən onu deyə bilərəm ki, məsələ hökumətin gündəliyindədir. Hökumət bu məsələdən imtina etməyib, hətta Konstitusiya Məhkəməsi də işə baxıb və tövsiyə edib ki, bunun mexanizmi tapılsın və hər hansı formada o insanların sığorta məbləği və ya ona uyğun kompensasiya məbləği verilsin. Bununla bağlı müzakirələr gedir. Qarabağ Əlilləri, Şəhid Ailələri və Müharibə Veteranları Cəmiyyətinin rəhbərliyi ilə də bu məsələni danışmışdıq, onlar da bu məsələnin həllini istəyirlər. Ancaq bu məsələdə Milli Məclisin Sosial siyasət komitəsindən asılı ola bir iş yoxdur. Vaxtilə mən Sosial siyasət komitəsində olanda bu işlə maraqlandım, hökumət səviyyəsində, Nazirlər Kabineti səviyyəsində, nazirliklər səviyyəsində də müzakirələr getdi. Burada ortaq yol hansısa şəkildə tapılmalıdır. Mənim ”sığorta haqları ödəniləcək" deməyə də səlahiyyətim yoxdur, “ödənilməyəcək” deməyə də. Mən səlahiyyətli şəxs deyiləm. O sözü hökumət, konkret olaraq “Azərsığorta” şirkəti və əlaqədar dövlət qurumları deyə bilər".
Cia.az
