Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən özəlləşdirmə prosesi zamanı dövlət əmlaklarının satışı üzrə hərraclar tamamilə şəffaf və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçiriləcək.
O cümlədən, hərracların gedişini mətbuat və ictimaiyyət nümayəndələri canlı izləyə biləcəklər. Bu barədə “Yeni Müsavat”a Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəriQulu Xəlilov məlumat verib.
O qeyd edib ki, özəlləşdirmə prosesində əsas yeniliklərdən biri potensial investorların, mətbuatın və ictimaiyyət nümayəndələrinin də bu hərracları canlı izləmək imkanının yaradılmasıdır.
Belə ki, artıq KİV-lərin nümayəndələri və istənilən vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinə gələrək hərracların gedişini və dövlət əmlakının satışının necə həyata keçirildiyini izləyə bilər. Bunun üçün mərkəzdə bütün şərait yaradılacaq.
Nəticədə özəlləşdirmə prosesinə maraq göstərən potensial investorlar və onların nümayəndələri prosesin necə aparıldığı ilə əyani şəkildə tanış olacaq, eləcə də ictimaiyyət və mətbuat nümayəndələri bu proses barədə təfərrüatlı məlumata malik olmağa şərait yaradılacaq.
Q. Xəlilov onu da qeyd edib ki, hazırda yeni investisiya müsabiqələrinin elan olunması ilə bağlı hazırlıq işləri aparılır: “İnvestorlar üçün onlayn məsləhət sistemi fəaliyyət göstərir. Bu sistemin vasitəsilə özəlləşdirmə prosesi ilə bağlı istənilən sualla komitəyə müraciət edib qısa zamanda ətraflı məlumat ala bilirlər. Komitə olaraq geniş əhali təbəqəsini və bütün maraqlı tərəfləri yeni özəlləşdirmə prosesində aktiv iştirak etməyə dəvət edirik. Həmçinin iddiaçılara əmlaka yerindəcə baxış üçün də şərait yaradılması təmin edilir”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyul 2016-cı il tarixli fərmanına və bu sahədəki digər tapşırıqlarına uyğun olaraq yeni özəlləşdirmə prosesi başlanıb. Komitə tərəfindən ilkin mərhələdə 138 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. Bu əmlakların 50-si iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30%-lik səhm paketləri, 62-si qeyri yaşayış sahələri və kiçik əmlak və obyektlər, 26-sı isə nəqliyyat vasitələridir.
Özəlləşdirmə prosesində tətbiq olunan yenilikləri qiymətləndirən iqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dövlət özəlləşdirmə prosesinin şəffaf keçirilməsini təmin etməlidir. İqtisadçı bu istiqamətdə atılan addımları müsbət qiymətləndirdi: “Özəlləşdirməyə çıxarılan 65 müəssisənin 25-i səhmdar cəmiyyətdir, 21-i dövlət mülkiyyətində olan müəssisədir. Burada həm səhmdar cəmiyyətlər, həm də dövlət mülkiyyətində olan obyektlər özəlləşdirməyə çıxarılacaq. Bütün hallarda özəlləşdirmə şəffaf keçirilməlidir. Dövlət mülkiyyətinin özəl mülkiyyətə çevrilməsi, özəl mülkiyyətin payının artırılması iqtisadiyyatın sağlamlaşdırılması baxımından vacibdir. Özəlləşdirilməyə çıxarılan müəssisələrin təhlili onu göstərir ki, söhbət yerli investisiyanın cəlb edilməsindən gedir. Xarici investisiyanın cəlb edilməsi nəzərdə tutulmur. Çünki bu müəssisələr elə də böyük deyil. Ölkə prezidentinin özəlləşdirmə ilə bağlı imzaladığı son sənəddən sonra bu özəlləşdirmə bir test xarakterlidir. Bu mənada Azərbaycanda özəlləşdirmə prosesinin yeni mərhələsinin başlanması gözlənilir. Növbəti mərhələdə xarici investisiyanın cəlb edilməsi prioritet ola bilər. O baxımdan bu özəlləşdirmədə şəffaflığın artırılması nəticə etibarilə növbəti mərhələdə xarici investisiyanın cəlbinə zəmin yarada bilər”.
İqtisadçı ekspert onu da vurğuladı ki, özəlləşdirmə prosesi ilə yanaşı kiçik səhmdarların hüquqlarının qorunması ilə bağlı hüquqi bazanın genişləndirilməsinə ehtiyac var: “Qeyd etdiyimiz kimi, 25 səhmdar cəmiyyətin səhmlərinin bir hissəsi satışa çıxarılıb. Yəni həmin müəssisələrin səhmlərinin 51 faizi öncədən alınıb, müəyyən şəxslərə məxsusdur. Bu baxımdan, payı 50 faizdən az olan kiçik səhmdarların hüquqlarının qorunması ilə bağlı, onların maraqlarını təmin edən meyarların müəyyənləşdirilməsinə ehtiyac var ki, vətəndaşlar, sahibkarlar da prosesdə iştirak etməkdə maraqlı olsunlar. Ona görə də özəlləşdirmə prosesi Mərkəzi Şərqi Avropa ölkələrində, xüsusən də Çexiyada olduğu kimi kiçik səhmdarların hüquqlarının qorunması ilə müşahidə olunmalıdır. Bu çox vacibdir”.
V. Bayramov hazırda komitənin özəlləşdirmə prosesində tətbiq etdiyi yeniliklərin vaxtilə rəhbərlik etdiyi mərkəz tərəfindən təklif olunduğunu da diqqətə çatdırdı: “Komitə tərəfindən atılan addımlar müsbət haldır. Biz də özəlləşdirmə prosesinin elektron varianta keçməsini təklif etmişdik. Bizim təkliflərimizin biri də elektron hərracların keçirilməsi idi, ictimaiyyətin onlayn və canlı olaraq hərracları izləmə imkanının olmasını təklif etmişdik. Komitə tərəfindən bu təkliflərin tətbiq edilməsi uğurlu haldır. Güman edirəm ki, növbəti özəlləşdirmə prosesində də şəffaflıq təmin olunacaq. Əgər Komitə bu prosesdə şəffaflığı təmin edəcəksə, özəlləşdirmə uğurla başa çatacaq. Ancaq şəffaflıqla bağlı problem yaşanarsa, özəlləşdirmə prosesinin nəticələri də arzuolunan olmayacaq”.
musavat
