Rusiya prezidenti Vladimir Putin avqustun 31-də Türkiyəyə səfər edəcək. Səfər Türkiyə və Rusiya futbol yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə bağlıdır. Həmin gün Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə Antalyada oyunu izləyəcək.
Ekspertlər bu səfəri hər iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələnin başlanması kimi qələmə verirlər. Heç şübhəsiz ki, səfərin bu vaxta təsadüf etməsinin arxasında siyasi çalarlar mövcuddur.
Politoloq Elxan Şahinoğlu da Putinin gözlənilən səfərinin arxasında siyasi mətləblərin olduğunu istisna etmir: “Təyyarə hadisəsinədək iki ölkə arasında sıx münasibətlər mövcud idi. Son 15 ildə bu münasibətlər daha da inkişaf etmişdi. Putin və Ərdoğan hakimiyyətdə olduqları müddətdə münasibətlər dostluq həddinə çatdı. Rusiya hakimiyyəti istəyirdi ki, Qara dənizin dibindən Bolqarıstana, Avropaya boru xətti çəksin. İllərlə danışıq getdi və sonda Bolqarıstan rədd cavabı verdi. Amma Putin Ankaraya səfər edərək, Ərdoğana bildirdi ki, Türkiyə üzərindən boru xəttini çəkək. O da razılaşdı və adını qoydular ”Türk axını" layihəsi. Bir-birinə qarşı ciddi müsbət addımlar atdılar. Təyyarə məsələsi 8 ay münasibətləri gərgin saxladı. Qardaş ölkə soyuqqanlı siyasət yürütdü və sonda münasibətləri normallaşdırmaq yolunu seçdi. Türkiyə Avropa Birliyi və Amerika ilə münasibətlərin soyuqlaşdığını görüb, seçim etməli oldu və Rusiyanı seçdi. Hər iki tərəf ciddi addımlar atdı. Putin Ərdoğanı Rusiyaya dəvət etdi. İndi də futbol oyununu izləmək üçün Türkiyəyə gəlir. Bu çox ciddi addımdır və isti münasibətlərə yol açacaq. Çünki Türkiyənin Qərblə münasibətləri getdikcə gərginləşir. Xüsusilə son aylardakı Fətullah Gülən məsələsi ilə bağlı vəziyyət daha da qəlizləşib. Qərbin iki seçimi qalıb: ya Türkiyə, ya da Gülən. İkincini seçsələr, çox güman ki, Türkiyəni itirəcəklər. Münasibətlər tam qopmasa da, inam itəcək. Bu dəqiqə türk cəmiyyətində sorğu keçirilsə, antiamerikan mövqeyi üzə çıxar. Türkiyədə son çevriliş cəhdində Amerikanın əlinin olması ilə bağlı fikirlər daha çoxdur. Düzdür, bu, faktlarla sübut olunmur. Türkiyə-Rusiya yaxınlaşmasına hər iki dövlətin ehtiyacı var. Rusiya Ukrayna məsələsində gərginlik yaşayır. Avqustun 23-də də bir məsələ meydana çıxdı. Türk qoşunları Suriya ərazisinə daxil oldu. Bu çox vacib qərar idi. Çünki oradakı hadisələr birbaşa Türkiyəyə təsir edirdi. Terror hadisələrini törədənlər daha çox oradan olurdu. Eyni zamanda Türkiyəyə təhlükə olan PKK-nın Suriyada qolları var. Bu baxımdan, türk qoşunlarının ora daxil olması ilə dünyaya mesaj verilir ki, Suriyada kürd dövlətinin yaradılmasına imkan verilməyəcək. Türkiyənin bu addımı, əslinə qalsa, Suriya məsələsində oyunçu funksiyasını daşıyan dövlətlərin maraqlarına xidmət edir. Bu səfərlə çox güman ki, Putin və Ərdoğan arasında Türkiyə-Rusiya münasibətləri müzakirə olunmaqla yanaşı, Suriya məsələsi də diqqət mərkəzinə gələcək. Putin və Ərdoğan arasında demək olar ki, bütün problemlər aradan qalxıb. O da mümkündür ki, yaxın vaxtlarda Rusiya və Türkiyə birlikdə Suriyada əməliyyatlar həyata keçirsinlər. Putin çox güman ki, bu məsələni də Türkiyədə Ərdoğanla müzakirə edəcək".
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli da Türkiyə-Rusiya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun bir mesaj olduğu qənaətindədir: “Tarixə nəzər yetirsək görərik ki, Sovetlər Birliyi yeni qurulanda Qərb tərəfindən hər sahədə, o cümlədən idman sahəsində bir boykot siyasəti ilə üzləşmişdi. Məsələn, SSRİ yığması ilk beynəlxalq yoldaşlıq oyunlarını Türkiyə millisi ilə keçirmişdi. Yəni türk-rus münasibətlərində futboldan əvvəllər də istifadə edilib. Futbol bir mesaj və görüntüdür. Bu, onu göstərir ki, Türkiyə ilə Rusiyanın partnyorluğu müsbətə doğru irəliləməkdədir. Bu irəliləməyin nə qədər uzaqlara gedəcəyi isə ABŞ-dan asılı olacaq. ABŞ nə qədər NATO-dakı müttəfiqi Türkiyənin üstünə gedəcəksə, o qədər də Türkiyə dünya və regionda yeni tərəfdaşlar axtarmağa məcbur olacaq. Demokratiya baxımından Türkiyə -Rusiya yaxınlığı region ölkələri üçün mənfi görünə bilər. Amma Suriya probleminin çözülməsində böyük rol oynaya bilər. Etiraf edək ki, Türkiyə-Rusiya-İran bir araya gəlsə, Suriya qətliamı dayandırıla bilər. Amerika Suriyada gecikdi. Bunun səbəbi də Obama Administrasiyasının qorxaq, dişsiz xarici siyasəti oldu. İndi Suriyada əsas oyunçular Türkiyə, Rusiya və İrandır. Türkiyə -Rusiya yaxınlaşmasının dayandırılması üçün Qərb ya Rusiya, ya da Türkiyə ilə siyasətinə yenidən baxmalıdır. Qərb nə qədər ikisinin üstünə eyni vaxtda gedəcəksə, o qədər də Ərdoğanla Putini bir-birinə yaxınlaşdıracaq. Xüsusən də avropalı siyasətçilər Ərdoğana və Türkiyəyə qarşı politkorrektlik cizgilərini çoxdan keçən isteriyasını və nifrətini dayandırmalıdılar”.
cia.az
