Azərbaycanda sentyabrın 26-da keçiriləcək referendumdan sonra hakimiyyət və hökumət strukturlarında ciddi islahatların başlanacağı deyilir. Referendumda konstitusiyaya dəyişikliklər edildikdən sonra Azərbaycanda idarəçilik sistemində ciddi dəyişikliklər, islahatların həyata keçiriləcəyi, bunun bir konstitusiya tələbi olaraq reallaşdırılacağı qeyd olunur. Ən ciddi dəyişikliyin Nazirlər Kabineti ilə bağlı olacağı artıq xeyli vaxtdır müzakirə mövzusudur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin iki gün öncə APA-ya verdiyi açıqlamalarda Nazirlər Kabinetinin fəaliyyətini tənqid etməsi isə Nazirlər Kabineti ilə bağlı siyasi hakimiyyətin hansısa qərarlar ərəfəsində olduğu qənaətini yaradır.
Ə.Hüseynli Azərbaycanda son dövrlər həyata keçirilən islahatların sürəti ilə Nazirlər Kabinetinin idarəetmə sistemi arasında böyük təzad olduğuna diqqət çəkib: “Əlbəttə, Nazirlər Kabinetinin mövcud Konstitusiyaya və qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri var və öz icra mexanizmləri mövcuddur. Nazirlər Kabineti kollegial orqandır. Hüquq sahəsi ilə bağlı deyə bilərəm ki, çoxlu sayda sənədin, hətta qanunvericilik aktlarının qəbulu ilə bağlı müəyyən zamana ehtiyac olur. Nazirlər Kabineti həmin sənədlərə baxır, təbii ki, kollegial orqan olduğu üçün aidiyyəti nazirliklərə göndərir. Nazirliklərdə sənədlər hazırlanır, onlara viza qoyulur, yenidən Nazirlər Kabinetinə qaytarılır.
Bu proses bəzən aylarla sürən prosesə çevrilir. Bu gün isə Azərbaycanın indiki inkişaf mərhələsi, onun regionda, dünyada tutduğu mövqe fonunda qərarların çox sürətlə, bir neçə gün, bəzən saatlarla ölçülən zaman çərçivəsində qəbulu və icraya yönəlməsi tələb olunur. Mövcud durumda Nazirlər Kabinetinin çevik reaksiya vermək üçün həm mexanizmləri, həm də vərdişləri mövcud deyil. Bu dövrdə Nazirlər Kabinetinin islahatların önündə getməsini də müşahidə etməmişik. İqtisadiyyat və digər vacib sahələrdə bütün təşəbbüslər prezidentdən gəlir, həmin qərarların icrasının Prezident Administrasiyası vasitəsilə həyata keçirildiyini müşahidə edirik. Bu baxımdan, konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticəsində vitse-prezidentlər institutunun yaradılması Azərbaycan dövlətçiliyi baxımından çox əhəmiyyətli bir addımdır, çevik bir mexanizmdir”.
Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkədə ciddi demokratik dəyişikliklər olmasa, hakimiyyət orqanları, onun bütün qolları öz funksiyalarını qanunlara uyğun şəkildə yerinə yetirməsə, qanunvericilik və icra hakimiyyəti orqanları azad və ədalətli seçkilər vasitəsilə formalaşmasa, müstəqil məhkəmələr olmasa Nazirlər Kabinetinin qalıb-qalmamasının, formal mövcud olub-olmamasının elə də bir əhəmiyyəti olmayacaq.

Nazirlər Kabineti də icra hakimiyyətinin bir qoludur. Təkcə Nazirlər Kabineti ilə bağlı hansısa addımlar atmaq vasitəsilə ölkədə köklü dəyişikliklərə nail olmaq mümkün deyil: “Bu referendumda ən qəribə məsələlərdən biri də həm Nazirlər Kabinetinin saxlanması, həm də vitse-prezidentlər institutunun tətbiqinin nəzərdə tutulmasıdır. Bir tərəfdən Nazirlər Kabineti formal olaraq saxlanılır, o biri tərəfdən vitse-prezidentlərin Nazirlər Kabinetinin işini həyata keçirəcəyi kimi açıqlamalar verilir. Əslində isə vitse-prezident hakimiyyətinin tətbiqi hakimiyyət ötürülməsi ilə bağlı siyasi məqsədlər üçün nəzərdə tutulub.
Cəmiyyətdə referenduma laqeydlik var. Milli Məclisin bəzi deputatlarının 26 sentyabrdan sonra hansısa islahatlar olacağı barədə verdikləri açıqlamalar referenduma müsbət rəng vermək üçündür. Əslində isə Nazirlər Kabineti saxlanılır, baş nazir vəzifəsi ləğv edilmir. Nazirlər Kabinetinin ləğvi, baş nazir vəzifəsinin ləğvi üçün konstitusiyada konkret dəyişikliklər edilməlidir. Çünki baş nazir vəzifəsi konstitusion vəzifədir. Həmin vəzifənin ləğvi üçün konstitusiyada dəyişiklik olmalıdır. 26 sentyabr təyin edilən referenduma çıxarılan dəyişikliklərdə isə bunlar nəzərdə tutulmur".
Sabiq baş nazir qeyd etdi ki, Nazirlər Kabinetinin işinin yaxşılaşdırılması üçün onun Milli Məclis qarşısında hesabatlılığının real olması, Nazirlər Kabinetinin proporsional parlament seçkilərində qalib gəlmiş partiyaların sədrlərinə tapşırılması, Nazirlər Kabinetinin müəyyən qədər müstəqilliyinin olması kimi təkliflər indiyə qədər irəli sürülüb.
Ancaq bu təkliflər təklif olaraq da qalıb: “İndi isə vitse-prezidentlər institutunun tətbiqi ilə Nazirlər Kabinetinin elə də böyük olmayan səlahiyyətləri daha da azaldılır və bu orqan tamamilə formal bir struktura çevrilir. Ölkənin ikinci şəxsinin baş nazir yox, vitse-prezident olması isə baş nazir postunun siyasi əhəmiyyətini sıfıra endirir. İndiyə qədər heç olmasa bu postun siyasi əhəmiyyəti var idi. İctimai rəydə Nazirlər Kabineti anlayışının qavrayışı 26 sentyabrdan sonra daha da sönəcək. Nazirlər Kabineti icra hakimiyyəti ilə bağlı funksiyaların yerinə yetirilməsi üçün köməkçi bir təsərrüfat orqanına çevriləcək. Formal da olsa Nazirlər Kabineti qala-qala vitse-prezidentlər institutunun tətbiqi o deməkdir ki, məqsəd hakimiyyətin ötürülməsi mexanizmini etibarlı etməkdir. Mən referendumdan sonra hansısa bir gözlənilməz, ağıla gəlməyən nələrinsə ortalığa çıxacağı qənaətində deyiləm. Baş nazir olduğu kimi qalacaq. Birinci vitse-prezident postuna isə prezidentə yaxın çevrədən olan adam təyin olunacaq”.
Cia.az
