Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir.
“Yeni Müsavat”a müsahibəsində A. Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, onun bu addımı atması aparılan istintaqla bağlıdır. Vəkilin sözlərinə görə, istintaq qərar qəbul edib ki, Akif Çovdarov hər gün 3-4 cildlə tanış olmalıdır və istintaq avqustun 30-da yekunlaşmalıdır. Akif Çovdarovun səhhəti isə buna imkan vermir. Ona görə də o, aclıq aksiyası keçirir, ona işlə tanış olmaq üçün şərait yaradılmasını istəyir. Vəkil bildirib ki, Çovdarov hesab edir ki, istintaqın qərarı qanunsuzdur, qəsdən onun işlə tanış olmasının qarşısını almağa yönəlib.
Bəs hüquq müdafiəçiləri Akif Çovdarovun aksiyasından xəbərdardılarmı, onun hüquqlarını müdafiə etməyi düşünürlərmi?
Məsələ ilə bağlı “Yeni Müsavat”a hüquq müdafiəçisi Novella Cəfəroğlu danışıb. O bildirib ki, Akif Çovdarova qarşı təzyiqlər olarsa, o zaman hüquq müdafiəçisi kimi onu müdafiə etməyə qoşulacaqlar:“Lakin Akif Çovdarov azadlıqda olduğu zaman yüzlərlə adamı ac qoyub. Onların başlarına nə oyunlar açıb. İndi aclıq aksiyası keçirir, keçirsin. Qoyun, özü də aclıq nədir, bir az anlasın”.
Digər hüquq müdafiəçisi, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Səadət Bənəniyarlı da bildirib ki, A. Çovdarovun hüquqlarını müdafiə edərlər: “Məhbus əgər aclıq aksiyası edirsə, bunu hansısa səbəbdən edir və pozulmuş hüququnu tələb edir. Birincisi, biz Akif Çovdarovun nə üçün aclıq etdiyini dəqiq bilmirik. Əgər onunla bağlı istintaqın aparılmasında prosedur pozuntuları varsa, biz Akif Çovdarovun hüquqlarını müdafiə edə bilərik. Ancaq bu, pozuntuları, aradan qaldırılması istiqamətində baş verə bilər”.
Hüquq müdafiəçisi bildirib ki, A. Çovdarovun şəxsi bu məsələdə önəm daşımır: “Əvvəla, məhkəmə olmayıb. Hələlik o, istintaqda olan bir şəxsdir. Belə olan təqdirdə isə onun hər hansı bir hüququ pozulursa, müdafiə olunmağa haqqı var”.
Qeyd edək ki, cinayətkar qrup yaratmaqda, banditizm, korrupsiya və adam oğurluğu cinayətlərində ittiham olunan sabiq MTN generalı Akif Çovdarovun cinayət işi üzrə ibtidai istintaq avqustun 30-da yekunlaşacaq.
Bu barədə virtualaz.org saytına onun vəkili Sadiq Rəsulov məlumat verib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsə ayrılan vaxtla istintaq materialları ilə tanış olmaq mümkün deyil: “Hər gün 3-4 cildlə tanış olmalıdır və istintaq avqustun 30-da yekunlaşmalıdır. Akif Çovdarovun səhhəti isə buna imkan vermir. O, işlə tanış olmaq üçün şərait yaradılmasını istəyir”.
Vəkil istintaqın bu qərarından Səbayel Rayon Məhkəməsinə şikayət etdiklərini bildirib. A.Çovdarov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb.
O, ötən ilin noyabr ayında həbs edilib və barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs müddəti artırılıb.
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarovun yaxın günlərdə məhkəməyə çıxarılacağı gözlənilir. Artıq Çovdarovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Hazırda vəkillər və tərəflər cinayət işinin materialları ilə tanış olurlar. Tanışlıq mərhələsi başa çatandan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.
Cia.az
