Deputat Fazil Mustafa ilə terefdar.az saytının əməkdaşı arasında baş verən xoşagəlməz dialoq medianın müzakirə mövzusudur. F.Mustafa ona zəng edən jurnalistə verdiyi cavabla bağlı aşağıdakı statusu yazıb: “Bir jurnalist zəng vurub sual verir ki, tərəfdar.az (İran kəşfiyyatı ilə bağlı saytlardan biri) saytı yazır ki, bəs Fazil Mustafa gülənçidir, buna münasibətiniz? Cavab verdim ki, mən də iddia edirəm ki, tərəfdar.az saytının redaktoru bic doğulub və qanundankənar atası da məhz Fətullah Güləndir. Jurnalist bir də təkrar soruşur ki, siz bu iddianızı sübut edə bilərsinizmi? Deyirəm ki, mən ancaq saytın iddiasına qarşı iddia ilə çıxış etmişəm. Buyurub, onlar iddialarını sübut etsinlər, ardınca mən də iddiamı əsaslandırım. Səs çıxmadı”.
Bütün hallarda deputatla jurnalist arasında yaşanan dialoq öz sərt üslubu ilə fərqlənir və adətən media əhli F.Mustafa ilə belə dialoqu yaşamayıb. Ona görə də qeyri-adekvat reaksiyasının səbəbi bizə də maraqlı gəldi. F.Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ümumiyyətlə, hər zaman jurnalistlərə qarşı kifayət qədər nəzakətli olub və peşələrinə hörmət etdiyi üçün onlara köməklik etməyə çalışan mövqe nümayiş etdirib: “Jurnalistlərə əziyyət vermirəm. Bəzən mövqeyimi status kimi yazıram ki, ordan yaysınlar. Amma o cavabı həqiqətən də vermişəm və sərt ifadə edilən bir cavab olub. Bunu isə bilərəkdən etdim. Adamlar yazmışdılar ki, ”Gülənin imamı Fazil Mustafa ondan imtina edir". Başlığın qabağına isə “fakt” sözü yazıblar. Amma fakt yoxdur. Bunu bizə düşmən olan ölkələrin xarici kəşfiyyat qurumlarından göndəriblər. Əvvəl adımı Ərəbistana bağlayıblar, indi isə Türkiyəyə. Mənim dinə, elmə, ədəbiyyata öz fərqli baxışım var. Məni kimlərinsə quyruğuna bağlamaq sifarişdir. Adamlar bu yazını yazıblar, yayıblar, sonra da mənə zəng edib, mövqe soruşurlar. Halbuki orda bir dənə belə sübut yoxdur. Mənim Azərbaycanın maraqlarından kənara çıxan bir hərəkətim yoxdur, ola da bilməz. Bunu öz şərəfimə sığışdırmaram. Birdən-birə belə yalan informasiyaları məqsədyönlü şəkildə tirajlayırlar".
|
“11-ci sinif məzunu deyir ki, mən peşəkar jurnalistəm” |
Müsahibimiz dedi ki, belə bir informasiyanı yayan saytın olması, ona rəhbərlik edən şəxsin kimliyi də Azərbaycan jurnalistikasının acınacaqlı vəziyyətini göstərir. Onun sözlərinə görə, vaxtilə “3"lə oxuyan uşaqlara varlı ataları maşın alırdısa, indi pul verib sayt açırlar: ”Bu adam şirkətlərdən birinin vitse-prezidentidir, oğluna sayt açıb. Əvvəl maşın alırdı, vəzifə verirdi. İndi sayt açıb, reketçiliyə səbəb verir. Bu xəbəri yayan 3-4 sayt daha sonradan o xəbəri çıxarıb, üzr istədilər. Amma bu sayt həmin xətti davam etdirdiyinə görə bu cür sərt cavabı da haqq etdilər. Mən deputatam. Məni nə səviyyəsini, nə ağlını qəbul etdiyim şəxsin təmsilçisi kimi təqdim etmələrini qəbul etmirəm və sərt cavab da verirəm. Adekvat olmaya bilər, amma jurnalistika başqa şeydir. Peşə etikası var. Yazının başlığına “fakt” sözünü çıxarmısansa, bunu da sübut etməlisən. Üstəgəl, yazını yazanda mənim mövqeyimi də almamısan. Halbuki telefonum, FB-də hesabım açıqdır. Yazmadan mövqe almaq lazım idi".
F.Mustafa təklif etdi ki, bundan sonra avtoş jurnalistlər assosasiyası yaradılsın və bu sayaq qeyri-ciddi saytlar həmin assosiasiyanın üzvü olsun: “Bir tərəfdə Mətbuat Şurası olsun, o biri tərəfdə bu cür jurnalistlər. Azərbaycan jurnalistikasının faciəsi odur ki, 11-ci sinif məzunu deyir ki, mən peşəkar jurnalistəm. Mən də burdan Mətbuat Şurasına müraciət edirəm: bu uşaq hardan bu pulu tapıb belə bir sayt açıb? İstənilən şəxs üçün bu bazar açıqdır, şərtlər uyğundur? Sayt açıb, sonra da millət vəkilinə, tanınmış adamlara istənilən şəri deyə bilirlər. Kimisə mənim işlətdiyim o ifadə narahat edibsə, özüm də üzülürəm. 11-ci sinif şagirdi vunderkinddirsə, ətəyində namaz qılaq. Yox, deyilsə və insanları bu cür şərləyirsə, tədbir görək. Axı bu adamlar üstümüzə gəlir, bizə böhtan atırlar. Bəlkə başqalarına qarşı da bunu edirlər. Mən hesab edirəm ki, vicdanlı media mənsubları bu məsələnin üzərinə getməlidir. Hər bir adam atasının pulu var deyə, sayt açsa, vəziyyət necə olar?”
Müsahibimiz dedi ki, bu günə qədər F.Gülənin bir əsərini də oxumayıb, bir videosuna da baxmayıb. Onun sözlərinə görə, cəmi bir dəfə Gülən məktəblərinin bağlanmasının Azərbaycan təhsili üçün zərərli olduğunu, keyfiyyəti aşağı salacağını deyib: “Biz öz marağımız üçün çalışmalıyıq. Bunun adamları pisdirsə, qovun demişəm”.
