Son aylarda Azərbaycan və dünyada ciddi proseslərin getdiyinin şahidi oluruq. Xüsusilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində müsbət gəlişmələr var. Qardaş Türkiyədə 15 iyul qiyamından sonra cərəyan edən hadisələri, həmin proseslərin artıq Azərbaycana doğru yönəlməsi, yəni ölkəmizdə də Fətullah Gülən tərəfdarlarının həbsi, eləcə də gələn ay keçiriləcək referendumu bu silsilədən hesab etmək olar. Baş verən hadisələrlə bağlı tanınmış politoloq Hikmət Hacızadədən durum dəyərləndirməsi aldıq.
- Hikmət bəy, sentyabrın 26-da referendum keçiriləcək. Müxalifət proseslərdə passiv təsir bağışlayır. Sizcə, bu hal nə qədər sürəcək?
- Müxalifət repressiya altındadır. Bu dövrdə müxalifət neyləsin? Bir yerə toplaşa bilmir, iclas keçirmək imkanı yoxdur. Siyasi fəallar həbs edilir. Artıq ictimai aktivlikdən danışmaq çətindir. Buna, sadəcə, təəssüf edirəm. Çətin vəziyyətdə müxalifət hansısa addımlar atmağa çalışır. Dağılmayan, satılmayan, mübarizəni davam etdirənlər var. Amma indi mənəvi mübarizə mümkündür. İdeyaların yayılmasını, təbliğatı yaxşı qurmaq lazımdır. Bundan savayı indiki vəziyyətdə açıq fəaliyyət üçün başqa imkan görmürəm. Xalq özü müxalifət olmalıdır. Xalq da susdurulub. Aktiv hissə ölkəni tərk edib. İşsizlik, böhran hökm sürür. Bütün bunlar ölkəni iflic vəziyyətə gətirə bilər. İqtisadiyyatda bunun təzahürlərini görürük ki, sonda idarəçilikdə problemlər yaranacaq, hətta ölkə çökə də bilər. Artıq məsələ siyasət, kreslo məsələsi deyil. Ölkənin gələcəyi gündəmdədir. Keçiriləcək referendumun müsbət tərəflərini görmürəm. Azərbaycanın zədələnmiş imicinə növbəti zərbədir. Əgər Qarabağı qaytarmaq istəsək, bu, hərbi yolla çətin olacaq. Sülh yolu ilə azad etmək istəyiriksə, bizə demokratik imic lazım olacaq. Bu da yoxdur. Bunların hamısı sülh danışıqlarında arqument kimi önümüzə qoyulacaq. Bunu düşünmək lazımdır. Qarabağ məsələsinin həlli qəlizləşəcək. Gələcəkdə bizi böyük təhlükələr gözləyir.
- Vitse-prezident postlarının yaradılmasını Azərbaycanın Amerika sisteminə dönməsi kimi qəbul etmək olarmı?
- Heç bir əlaqəsi yoxdur. Bu post çoxsaylı ölkələrdə var. Mənasız bir şey olduğunu düşünürəm. Nədən ortaya atıldığını bilmirəm. Mənasını hələ anlamıram. Görünür, ölkə rəhbərliyi heç kəsə etibar etmir. Bu institutla da ola bilsin ki, özünün tam təhlükəsizliyini təmin etsin.
- Türkiyədəki hərbi qiyamdan artıq bir ay ötüb. Bu müddət qardaş ölkə üçün necə keçdi?
- Hələ ki müsbət heç nə görmürəm. Gördüyüm odur ki, orada təmizləmə gedir. Çevrilişçiləri təqib edirlər, bununla razıyam. Amma kütləvi şəkildə ziyalıların işlərindən azad olunmaları, həbs edilmələri acı nəticələr verə bilər. Ölkə yavaş-yavaş birpartiyalı sistemə doğru yönəlir. Bu, gələcəkdə siyasi böhranlara yol aça bilər. Qərblə münasibətlər isə getdikcə gərginləşir. Səhəri Türkiyəyə borc lazım olacaq. İndiyə qədər qardaş ölkə mütəmadi Qərbdən borc alır, istifadə edir və qaytarırdı. Amma bundan sonra Qərb borc verəcəkmi? Bax bu sual müəmma yaradır. Hansısa bir beynəlxalq təşkilat Türkiyənin investisiya reytinqini aşağı sala bilər. Nəticədə ölkəyə gələn maliyyə gəliri azalar. Belə təhlükələr var. Türkiyəni də iqtisadi tənəzzül gözləyir.
- Türkiyə Rusiya ilə gərginliyi aradan qaldırdı. Bunun region və Qarabağ üçün hansı təsirləri ola bilər?
- Rusiya ilə Türkiyənin münasibətləri hələ düzəlməyib. Bunlar, sadəcə, diplomatik gedişlərdir. Ərdoğan Rusiyaya getdi, bəzi məsələləri danışdılar. Suriya məsələsi ilə bağlı mətbuat yazır ki, onlar hansısa razılığa gəliblər. Bu düzgün fikir deyil. Suriya məsələsində Ərdoğanla Putin heç bir razılığa gəlməyiblər. Görüşün sonunda o məsələ müzakirə ediləndə Ərdoğan deyib ki, Bəşər Əsəd getməlidir. Putin isə deyib ki, qalmalıdır. Əsas məsələ budur. Doğrudur, onlar antiterror əməliyyatlarında birgə iştirak etmək üçün razılığa gəliblər. Amma əsas məsələ Bəşər Əsədin getməsidir. Ərdoğanın Bəşər Əsədin getməsi ilə bağlı fikirlərini nədənsə, Azərbaycan və Rusiya mətbuatı unutdu. Elə təqdim edirlər ki, Ərdoğan guya rus tərəfə keçib, amma elə bir şey yoxdur. Türkiyənin Rusiya tərəfə getməyə imkanı yoxdur. Sadəcə, meyllənmə var. Bu da gələcək baxımından, yuxarıda qeyd etdiyim kimi, təhlükələr yarada bilər. Səhəri gün Türkiyə Qərbdən borc istəyəndə cavab gələcək ki, gedin, borcunuzu Putindən alın. Amma Putinin imkanı yoxdur ki, Qərbi əvəzləsin. Rusiya-Türkiyə arasında söz-söhbətlərdə müxtəlif vədlər, iqtisadi layihələr ola bilər. Lakin unutmaq olmaz ki, Türkiyənin iqtisadi və maliyyə sistemləri Qərb sistemlərinə bağlıdır. Bu baxımdan, Türkiyəni Qərbdən ayrı görmürəm.
- Son aylarda Dağlıq Qarabağ probleminin həlli istiqamətində gedən prosesləri necə dəyərləndirirsiz?
|
“Rusiya-Türkiyə münasibətləri hələ düzəlməyib” |
- Prosesləri müsbət qiymətləndirirəm, xüsusilə aprel əməliyyatlarını. Amma bir şeyi unutmaq olmaz ki, Qarabağ məsələsi və bu məsələ ətrafında gedən proseslərə hələ ki Rusiya nəzarət edir. Onlar da deyirlər ki, bəs kömək edəcəyik, filan rayonları qaytaracağıq. Amma əvəzində rus qoşunlarının yenidən Azərbaycana qayıtmasını istəyirlər. Onu da Azərbaycan istəmir. Çünki rus qoşunu burada olsa, Qarabağ biryolluq gedir. Necə ki, Abxaziya, Cənubi Osetiya getdi. Konkret Dağlıq Qarabağdan yox, başqa rayonların qaytarılması ilə bağlı danışıqlar gedir. Amma rus qoşunlarının Azərbaycana gəlməsi məsələsinin gündəmdə olması danışıqları pozur. Belə bir şey olsa, bunu ərazi bütövlüyümüzə, müstəqilliyimizə xəyanət kimi qəbul edərəm.
- Rusiyada Ərdoğan-Putin görüşünü, Azərbaycanda isə İlham Əliyev-Putin-Həsən Ruhani görüşlərini ermənilərin təklənməsi, Qarabağ probleminin həllində müsbət amil kimi qəbul etmək olarmı?
- Ermənistan təklənmir. Onsuz da Ermənistan Rusiyanındır. Bu görüşlərdən heç onlar narahat da deyillər. Çünki rusların əlaltısı olmağı qəbul ediblər. İndi Rusiya Azərbaycanı bu vəziyyətə salmaq istəyir. Onların dediklərini eləsək, bəzi rayonlar qayıdacaq, amma müstəqillik əldən gedəcək. Amma bir az gözləsək, özümüz möhkəmlənsək, islahatlar aparılsa, cəmiyyət birləşsə, o zaman istədiyimizə nail olarıq. Rusiya günü-gündən zəifləyir. Çünki Qərblə vuruşur. Orada güclər qeyri-bərabərdir. Qərb 20 dəfə Rusiyadan güclüdür. Zamanı gözləmək lazımdır. O zaman tamamilə yeni situasiya yaranacaq.
- Qarşıdan dünya siyasətini dəyişə biləcək Amerikada prezident seçkiləri gəlir. Barak Obamanın gedişi, Hillari Klinton, yaxud Donald Trampın gəlişi nə vəd edir?
- Düşünürəm ki, Hillari Klinton qalib gələcək. Trampa səs verməyəcəklər. Təxminən Obamanın apardığı siyasət davam edəcək. Çünki onun siyasəti Amerikanın Demokratlar Partiyasının siyasətidir. Orada tək prezident hər şeyi həll etmir. Amma daha gərgin, daha şiddətli siyasət olacaq. Obama yumşaq siyasət yürüdürdü. Nə Suriya məsələsini, nə də digər məsələləri həll etdi. Xarici siyasətdə xüsusən yumşaq siyasət yürüdürdü. Amma Klinton belə siyasətçi deyil. İnşallah da belə olmayacaq. Ondan sonra çox şey dəyişə bilər. Klinton gəlsə, çox şey dəyişə bilər. O çox cəsarətli qadındır.
- Dünya siyasətinin əsasını hazırda Suriya və İŞİD məsələsi təşkil edir. Bu problemlər qarşıdakı aylarda həllini tapacaqmı?
- İŞİD-i xeyli zəiflətmək mümkündür. Amma radikalları aradan götürmək çox çətindir. Onlar zəif formada olsa da qalacaqlar. “Taliban”çıların üzərinə düşdülər, amma onlar yenə də yaşayırlar. Onlar heç də qüdrəti deyillər. Amma məhv də olmurlar. İŞİD da təxminən o vəziyyətə gətiriləcək.
- “Rövşən Lənkəranski”nin qətli ölkənin əsas mövzusuna çevrilib. Bu, xalqın “oğru aləmi”nə olan marağından doğur?
- Onun öldürülməsinin pisləyirəm. Qətlinin səbəbini bilmirəm. Ölkəmiz o həddə çatdırılıb ki, mənəvi dəyərlərimiz tamamilə dəyişib. Burada haqq-ədalət axtaran gedir “vor zakon”un yanına. Nə hökumətin, nə partiyaların, nə də mətbuatın yanına getmirlər. Bir “vor zakon” qalır ki, ondan imdad istəyirlər. Hüquq və əxlaq sistemimiz korlanıb, tamamən dəyişib.
- Kriminal aləmdə “Lənkəranski” kimi bir azərbaycanlının olması vacibdirmi?
- O qədər də vacib deyil. Bizə ölkəni qabağa aparan mütəxəssislər, ictimai fiqurlar, alimlər lazımdır. Buna da imkan verilmir. Qalıb “vor zakon”lar. Belə bir yeni azərbaycanlı “vor zakon” istəmirəm. İstedadlı, əqidəli ictimai xadim istəyirəm. Rövşənin qətli ilə bağlı heç bir təxminim yoxdur. Çünki o aləmlə maraqlanmıram. Demirəm ki, o aləmdən xəbərsizəm, sadəcə, məlumatım azdır. Ola bilər ki, Rövşəndən intiqam alıblar, yaxud rəqabət də ola bilər. Sferaları bölmək məsələsi də istisna edilməməlidir. Öncəliklə bu fikirlər beynimə gəlir. Başqa heç nə deyə bilmərəm. Onun ölümünün Rusiyadakı azərbaycanlılara ciddi təsir edəcəyi barədə fikirlərlə razı deyiləm. Orada 2 milyona yaxın azərbaycanlı yaşayır. Rövşən kiçik aləmə rəhbərlik edirdi. Bundan əlavə, Rövşəndən başqa da orada kriminal avtoritetlərimiz var. Bu aləmdə vəziyyətimiz o qədər də pis deyil. Sadəcə, siyasi xadimlərdən, ekspertlərdən, azad mətbuatın olmamasından qıtlıq çəkirik. Bunlar daha çox məni narahat edir. Kriminal aləmdə nələrin baş verdiyi məni maraqlandırmır.
|
“Klinton gəlsə, çox şey dəyişə bilər” |
- Fətullah Gülən tərəfdarlarının həbsi artıq Azərbaycana da keçdi...
- Bir daha Türkiyədəki çevriliş cəhdini qətiyyətlə pisləyirəm. Bu cəhddə iştirakçı olanlar mütləq cəzalandırılmalıdır. Amma görürəm ki, bununla bağlı günahsız şəxslər də həbs olunurlar. Məni narahat edən budur. Siyasi fikirlərinə görə insanlar işlərini itirirlər, həbslərə məruz qalırlar. Özü də kütləvi şəkildə. İndiyə qədər on minlərlə şəxs saxlanılıb. Kimin o çevrilişdə iştirakı varsa, sübut olunmalı, sonra həbs edilməlidir. Gülənin kitabını oxuyan şəxsə heç bir cəza düşmür. Artıq bu proseslər Azərbaycana da keçib. Özü də Türkiyədəki ilə eynilik təşkil edir.
- Son sualım, Azərbaycandakı “MTN inqilabı”nın 10 ayı tamam oldu. Bu sahədə olan problemlər bitdimi?
- Bu barədə olan məlumatlar o qədər qaranlıq və sirlidir ki, bir şey demək çətindir. Bir qrup şəxs vəzifəsindən uzaqlaşdırıldı, onları başqa bir qrup əvəz etdi. Yeni heyətin özlərini necə aparacağını zaman göstərəcək. Bizim kimi ölkələrdə onlar dövlət içində dövlətdirlər. Çünki nə istəyirlər edirlər, onlara ciddi nəzarət də yoxdur.
musavat.com
