MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən verilən xəbərə görə, 116 saylı Qəbələ DSK-nın 54 məntəqə seçki komissiyası sədrinin iştirakı ilə keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların ilk günündə Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov “Referendum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələri. Referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki tərəfləri” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Qəbələ Rayon Məhkəməsinin hakimi Feyruz Abbasovun “Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri” mövzusunda məruzəsi dinlənilib.
Buna qədər isə avqustun 22-də 47 saylı Mingəçevir, 88 saylı Göyçay, 89 saylı Göyçay-Ağdaş və 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyalarında referendumla bağlı ixtisaslaşdırılmış ilk kurs keçirilib. Rayonlarda növbəti kurslar avqustun 23-24-də təşkil edəcək və Mərkəzi Seçki Komissiyasının səlahiyyətli nümayəndəsi, rayon prokuroru və polis şöbəsinin rəisinin məruzələri dinləniləcək.
Azərbaycanda isə adətən həmişə seçkilərin necə keçəcəyi sualından çox seçkinin səhərisi nə baş verəcək sualı aktual olur. Artıq mediada “26 sentyabr referendumunun səhəri-27 sentyabr və ondan sonra nələr olacaq, nələr ola bilər?
Seçkinin səhəri ölkədə mitinqlər, bu kimi fors-major hadisələr yaşana bilərmi” sualları ətrafında proqnozlara rast gəlinir.
Bu suallarla müraciət etdiyimiz Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirdi ki, referendum Azərbaycan üçün yeni hüquqi, onun törəməsi olaraq isə siyasi mərhələni müəyyən edəcək: “Mövcud seçki təcrübəsindən çıxış edərək 27 sentyabra teleportasiya daha düzgün yanaşmadır. Hakimiyyət qarşıdan gələn iqtisadi-sosial mərhələni, onun törəməsi olan siyasi perspektivi düzgün qiymətləndirir. Belə ki, toplumun kəskin kasıblaması, həyat səviyyəsi və gəlirlərin kəskin enişi şəraitində siyasi fəallığın transformasiyaya uğraması qaçılmaz olacaq. Nəzərə almaq lazımdır ki, bölgəmiz uğrunda dünya gücləri arasında da mübarizə kəskinləşəcək. Müttəfiqimiz Türkiyənin beynəlxalq vektoru dəyişməkdədir. Dünənə qədər Əsədin ”başını" istəyən Ankara, bu gün Şam siyasətinin dəyişməsi ilə potensial müttəfiqə çevrilir. Təbii ki, bu dəyişiklikdə rəsmi Moskva və Tehranın rolu olmamış deyil. Kifayət qədər sərt mövqeyə malik Klintonun hakimiyyətə gəlişi gözlənilir. Bir sıra digər beynəlxalq amillər də coğrafiyamız uğrunda savaşın qızışacağından xəbər verir. Eyni zamanda hakimiyyətdaxili nəsil dəyişməsi də “yetişib”. Bütün bu faktorlar referendumun sonrasını müəyyən edəcək amillərdir. Plebestitin 2 variantda nəticəsi ola bilər. Lakin hər iki variantda prezidentin manevr imkanları yüksəlir:
1. Referendumdan sonrakı dönəmdə prezident hər bir vəziyyəti olduğu kimi qoruyur. Aparılacaq kadr dəyişiklikləri sabit idarəçilik şəraitində icra edilir, idarəçilik fəlsəfəsi davam edir, ölkə əvvəlki kimi yönləndirilir;
2. Prezident külli iqtidarından yararlanaraq və siyasi fors-majordan sığorta əldə edərək, ölkəni qismən demokratikləşdirmək tədbirlərinə də qərar verə bilər. Bu variant az ehtimallı olsa da, nəzəri baxımdan mümkün görünür. Hadisələrin bu yöndə inkişafı beynəlxalq konyukturadan asılı olacaq. Lakin nəyin şahidi olacağımızı vaxtı çatanda biləcəyik. Təəssüflə qeyd edirəm ki, cəmiyyətin və siyasi opponentlərin bu subyektiv vəziyyətə təsir imkanı heçə endirilib".
Partiya sədri onu da qeyd etdi ki, referendumdan sonra kütləvi etirazların olacağı ehtimalı yüksəkdir. Lakin kütləvi etirazlar heç də birbaşa referendumla bağlı olmayacaq: “Bu dalğanın səbəbini siyasi deyil, sosial görürəm. Ona görə də seçki təqvimi ilə əlaqələndirməyi düzgün saymıram. Seçicilərin əksəriyyəti nəyin baş verdiyindən xəbərsizdir. Belə məlumatsızlığın davamı üçün iqtidar heç nəyi əsirgəmir. Təbii ki, proseslərin obyektiv inkişaf edəcəyi şəraitdə belə ola bilər. Hakimiyyətdaxili qrupların referendumsonu vəziyyətdən narazılığı şəraitində sükutun pozulması mümkündür. Mövcud iqtidarın ən böyük müxalifəti elə iqtidarın öz içindədir. Maliyyə qıtlığı və nəsil dəyişikliyi şəraitində siyasi tansionun yüksəlməsi realdır”.
Cia.az
