|
Qarabağ nizamlanması ABŞ-Rusiya rəqabətinin girovluğunda
Prezidentlərin son Peterburq görüşündən keçən 2 ay Qarabağ danışıqlarında yeni pauza dövrünə əlavə olundu. Aprel döyüşlərindən sonra məsələdə siyasi-diplomatik hərəkətlilik göstərən vasitəçi dövlətlər iki yüksək səviyyəli görüşdən sonra sanki yenidən öz işlərini bitmiş hesab edirlər. 
Düzdür, Rusiyanın müəyyən qəbildən yeni səyləri davam edir. Ancaq bu səylər hələlik danışıqlarda dönüş və ya sıçrayış eləmək gücündə deyil deyəsən. Hər halda Rusiya prezidentinin son müsahibəsində söylədiyi “münaqiqşə tərəfləri öncə özləri razılığa” gəlməlidir sözləri Kremlin konfliktin həllində kardinal səylər göstərmək fikrində olması ilə bağlı nikbinliyi xeyli azaldıb.
Bununla belə, masa üzərində Qarabağa dair “Putin planı” deyilən bir həll planın olduğu haqda iddialar da var və davam edir. Bəzi təhlilçilərə görə, Moskva məsələ ilə bağlı təşəbbüskarlığı azaltmayıb. Hətta ilin sonunadək sülh prosesində irəliləyişin olmasını qaçılmaz sayan politoloqlar var.   
Bəs Putinin ayrıca Qarabağ planı varmı? Bu xüsusda ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Birləşmiş Ştatların ölkəmizdəki keçmiş səfiri Metyu Brayzanın ABŞ-ın “Atlantik Council” beynəlxalq əlaqələr sahəsində qeyri-hökumət analitik mərkəzinin saytında yerləşdirilmiş, Qrabağa dair təhlili məqaləsi diqqət çəkir. 
“Dağlıq Qarabağ konflikti də daxil, SSRİ məkanında qızışdırılan etnik münaqişələr Sovet İttifaqının zəifləməsi və ardınca dağılmasını istəyən qüvvələrin qələbəsi idi”. Həmin məqalə bu sitatla başlayır. Müəllif analitik yazısında ilk növbədə Vaşinqtonu Dağlıq Qarabağ məsələsinə daha çox diqqət və güc ayırmağa çağırır. Diplomata görə, yalnız bu halda Kremlin Qarabağa məsələsində dominantlığını əngəlləmək mümkündür. 
Onun fikrincə, əgər prezident Vladimir Putinin planı həyata keçsə, Vaşinqtonun Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq strategiyası iflas təhlükəsi altına düşəcək. “ABŞ üçün bu təkliflər (Putinin təşəbbüsündən söhbət gedir-red.) gerçəkdən də gözlənilməzdir və onlara qarşı hansısa kontur-tədbirlər qoyulmalıdır” - Brayza bildirib.
M. Brayza daha sonra yazır: “Putinin bu yaxınlardakı təkliflərinin əsasında 2007-ci ildə Minsk Qrupunun təklif elədiyi və ”Madrid prinsipləri" kimi tanınan təkliflər dayanır. Bu sənəd siyasi nizamlama üçün aşağıdakı paket elementləri nəzərdə tutur: 
- Ermənistan Dağlıq Qarabağ ətrafında işğal elədiyi bütün 7 rayonu qaytarır;
 
-  Dağlıq Qarabağ aralıq hüquqi status qazanır; 
 
- Yekun hüquqi status Dağlıq Qarabağ əhalisinin səsverməsi yolu ilə müəyyən olunur,
 səsvermənin tarixi sonra müəyyən ediləcək; 
 
- Dağlıq Qarabağla Ermənistan arasında nəqliyyat dəhlizi yaradılır;
 
- Beynəlxalq sülhməramlı qüvvələr Dağlıq Qarabağ əhalisinin və təmas xətti boyu kəndlərin təhlükəsizliyini təmin edir;
 
- Azərbaycan Ermənistanla nəqliyyat əlaqələrinə tətbiq elədiyi bürün məhdudiyyətləri götürür.
 
Bu prinsiplər bir neçə il aparılan danışıqlar nəticəsində Azərbaycan və Ermənistanın prezidentləri və xarici işlər nazirləri tərəfindən qəbul edilib - hərçənd, bu sistem heç vaxt rəsmən razılaşdırılmayıb. 2009-cu ilin yanvarında Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyan optimistcəsinə bəyan elədilər ki, yekun etibarilə bu prinsiplər qəbul ediləcək. Ancaq həmin ilin sonunda Serj Sərkisyan öz mövqeyini dəyişdi və Azərbaycana yeddi yox, beş rayonun qaytarılmasının mümkün olduğunu bildirdi. Yeddi rayon əvəzinə beş rayonun qaytarılması məsələsi indiyə qədər də danışıqlarda irəliləyiş yolunda əsas maneə olaraq qalır".
 
Eks-diplomat ardınca qeyd edir: “İyunun 20-də Putin Sankt-Peterburqda öz azərbaycanlı və erməni həmkarları ilə görüşdə bu dalandan çıxmağın yolunu tapdı. Görünür o, irəliyə doğru tədricən hərəkət eləməyi təklif edib - Ermənistan iki rayonu qaytarmalı, Azərbaycan isə qarşılığında nəqliyyat əlaqələrini və Ermənistanla iqtisadi əlaqələri açmalıdır. Madrid prinsiplərinin bütün digər aspektləri, o sırada yerdə qalan beş rayon məsələsi sonrakı danışıqların predmeti olacaq. Həm Əliyev, həm də Sərkisyan Putinin 20 iyun təklifini alqışlayıb - baxmayaraq ki, formal şəkildə onu qəbul da etməyiblər. Məsələ ondadır ki, hansısa kompromis qərarın rəsmən qəbul olunması siyasi və təhlükəsizlik sferasında risklər vəd edir: ehtimal ki, bu səbəbdən iyulun 17-də bir qrup erməni radikal milliyyətçisi, o cümlədən Qarabağ müharibəsinin veteranları bir polis əməkdaşını öldürüb, bir neçəsini də girov götürməklə İrəvanda polis binasını tutmuşdular”.
 
Diplomata görə, Azərbaycanda da Qarabağ məsələsində sərt xətt müşahidə edilir. “Məsələn, vaxtilə mən Ermənistanla kompromisli anlaşmanın təbliğinə  görə bir neçə azərbaycanlı deputatın tənqidinə məruz qalmışdım” - Brayza deyib.
 
“Dağlıq Qarabağ hər iki xalqa məxsusdur. Hər iki xalq regionu öz mədəniyyətinin beşiyi sayır. Hər iki xalq öz tarixinin böyük hissəsində dinc yanaşı yaşayıb. Ermənistandakı və Azərbaycandakı ictimai fikrə zaman lazımdır ki, bunu - Dağlıq Qarabağ anlayışının hər iki xalqın ortaq irsi olduğunu qəbul eləsin... Vaşinqtona isə səslənən təkliflərə diqqət kəsilməsi lazım. Putinin təklifləri halında ABŞ imkandan yararlanmalı və Minsk Qrupunun fəaliyyətini ən yüksək siyasi səviyyədə canlandırmalıdır” - məqalənin sonunda Brayza vurğulayır.
 
***** 
 
Beləliklə, uzun müddət sülh danışıqlarının içində olan Brayza bu danışıqların bəzi gizli detallarını açmaqla yanaşı, faktiki surətdə Qarabağa dair yekun anlaşmaya mane  olan bir mühüm amilə də diqqət yönəldib: onun dediklərindən belə qənaət hasil olur ki, heç də deyildiyi kimi, Qarabağ məsələsində Rusiya və ABŞ-ın mövqeyi üst-üstə düşmür, əksinə, Moskva-Vaşinqton regional rəqabəti Qarabağ ixtilafının həllində əsas əngəllərdən biridir.

Bu qənaəti ilk növbədə rəsmi Bakının ciddiyə alması vacibdir. Azərbaycana həmçinin hərb variantı seçəcəyi təqdirdə ABŞ-Rusiya rəqabətinin sonuclarını hesablamaq lazım gələcək. Çünki savaş variantında Dağlıq Qarabağ münaqişə zonası iki qlobal gücün daha sərt rəqabət meydanına çevrilə bilər.
musavat