|
Putin ətrafını təmizləyir - hədəfdə Medvedyevdir?
Rusiya prezidenti Vladimir Putinin özünə yaxın yüksək vəzifəli şəxsləri postlarından azad etməsi bəzi suallar yaradır. Avqustun 12-də gözlənilməz halda Putin Kreml Administrasiyasının rəhbəri Sergey İvanovu istefaya göndərdi ki, general onun yaxın kadrlarından hesab olunurdu.
Putin İvanovu vəzifəsindən azad etdiyi gün Dövlət Təhlükəsizlik Şurasının tərkibini də yeniləyib. Eyni zamanda, federal dairələr üzrə də kadr dəyişiklikləri apararaq, özünə yaxın hesab etdiyi şəxsləri səlahiyyətli nümayəndələr təyin edib. 
 
İndi də baş nazir Dmitri Medvedyevin vəzifəsini itirəcəyi barədə xəbərlər yayılıb. Doğrudur, Rusiya prezidentinin  mətbuat katibi Dmitri Peskov yayılan xəbərləri təkzib etdi. Amma bu, xəbərin gündəmdən düşməsinə səbəb olmadı. 
Rusiya prezidentinin gələn ay keçiriləcək parlament seçkiləri öncəsi belə ciddi qərarlar qəbul etməsi müəmmalara yol açıb. 
Politoloq Qabil Hüseynli hesab edir ki, Putinin ətrafında sovet dövründən qalma sosial tədqiqat institutları var və bu cəmiyyət arasında sosial qarşıdurmaların olacağını proqnozlaşdıra bilirlər: “Putin Rusiya cəmiyyətinin bugünkü ovqatını dəqiq bilir. Anlayır ki, əhali yoxsullaşmadan, yeridilən siyasətdən narazıdır. Putin reytinqinin aşağı düşməsi barədə yox, ölkənin pis idarə olunması fikirlərinə qərq olub. Yaxınlarda polis şöbəsinə basqın edildi və ölənlər oldu. Bu, onu göstərir ki, cəmiyyət qaynamağa başlayıb. Bunun partlayışa səbəb olacağını Putinə yaxın institutlar bilməmiş deyillər. Bundan vəzifəsindən azad olunan İvanov daha yaxşı xəbərdar idi. Çünki həmin məlumatları ilk dəfə alan o idi. Putinin qulağı yaxşı sözlər eşitməyə öyrəşib. Diskomfort yaradan fikirləri o sevmir. Birbaşa onun üzünə ölkənin real mənzərəsini deyən, keçmiş KQB-çi İvanov çox güman ki, Putinlə ölkənin mövcud durumu barədə fikir ayrılığına gəliblər. Rusiyanın bəzi mətbuat orqanlarının yazdığına görə, bu fikir ayrılığı və İvanovun təklifləri Putinin xoşuna gəlməyib, nəticədə onların yolları ayrılıb. Düzdür, hazırda İvanov komandada qalır. Amma ona elə bir iş veriblər ki, kabinetin qapısını açıb-bağlamaqla məşğuldur. 
 

Rusiyanın mövcud vəziyyətində məsuliyyət daşıyan şəxslərdən birincisi Putindirsə, ikincisi də baş nazirdir. Medvedyev isə uzun müddətdir ciddi tənqid atəşinə tutulur. Rus mətbuatı və televiziyasına baxanda o qənaətə gəlmək olur ki, bu tənqidlər hansısa mərkəzdən idarə olunur. Sanki bu baş nazirin özünü istefa verməyə yönəltmək xarakteri daşıyır. Moskvada sorğu keçirdilər və orada da Medvedyev barəsində ürəkaçan nəticə çıxmadı. Müdafiə Nazirliyində 3-5 general işdən çıxarılır, amma bu geniş rezonans doğurmur. Amma İvanovun vəzifəsindən uzaqlaşdırılması geniş müzakirələr yaradıb. 
 
Putin qurbanlarını verərkən, elə zənn edirdi ki, ”günah keçisi"ni tapıb və bunlar cəmiyyətdə yüksək ovqat yaradacaq. Amma aparılan sorğular onu göstərir ki, İvanovun çıxarılmasından narazı qalanlar daha çoxdur. Bu Medvedyevin işini bir qədər asanlaşdırıb. Amma seçkilər ərəfəsində əsas qurban veriləcək şəxslərdən biri odur. Çünki Putin ölkənin idarə olunmasında, düşülən mövcud vəziyyətdə birbaşa onu günahlandırır. Düşünürəm ki, seçkilərə bir müddət qalmış Putin baş naziri vəzifəsindən uzaqlaşdırmalı, günahları onun üstünə yıxmalı və ölkədəki problemlərə səbəb kimi Nazirlər Kabinetinin idarəçiliyini göstərməlidir. Nəticədə bir çox nazirlər vəzifəsini itirəcək. Bu yolla reytinqini qaldıra bilər".
 
Politoloq kadr dəyişikliklərinin Rusiyada iqtisadi böhranın qarşısını ala bilməyəcəyini düşünür:“Bahalaşma davam edəcək. Çünki sosial tədbirlər üçün tələb olunan maliyyə yoxdur. Ölkənin milli sərvətlərindən gələn gəlir qənaətbəxş deyil. Zəif idarəçilik bunun qarşısını ala bilmir. Seçkilər keçiriləcək və onlar da seçki texnologiyasını yaxşı mənimsəyiblər. Ona görə də seçkilərdən çıxacaqlar. Amma problemlər qalmaqda davam edir. Rusiya dünyada təklənmiş hala gəlib. Əvvəllər xalq hesab edirdi ki, Putin Rusiyanın itmiş nüfuzunu bərpa etməklə məşğuldur. Amma praktika göstərdi ki, onun  siyasəti Rusiyanın nüfuzunu artırmayıb. 
 
Bu baxımdan yaxın vaxtlarda Rusiyada sürətlə komanda dəyişikliyinin aparılacağını ehtimal etmək olar. Putin reytinqini qaldırmaq istəyir. Krımı aldı və buna nail oldu. Donbasda vəziyyəti gərginləşdirdi və bu da onun nüfuzunun artmasına səbəb oldu. Gürcüstana hücum da bu qəbildən idi. Növbədə Suriyadır. Bunun üçün plan qurulub ki, burada Türkiyənin də adı keçir. Bu plan həyata keçsə, Suriyanın daşı daş üstündə qalmayacaq. Nəticədə Rusiyada sabitlik yarana bilər. Bu da Rusiyanın Amerika üzərində qələbəsi kimi qəbul oluna bilər. Bunların hesabına əldə olunmuş nailiyyəti Putin bir müddət xərcləmək imkanı qazanar”.
musavat