|
Referendumla bağlı qeydə alınan təşviqat qruplarının sayı üçə çatdı
Konstitusiya dəyişiklikləri üçün sentyabrın 26-da keçiriləcək referenduma seçki komissiyalarının, təşviqat qruplarının hazırlıqları davam edir. MSK Yeni Azərbaycan Partiyasının yaratdığı “Yeni Azərbaycan”  referendum üzrə təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul edib.

MSK həmçinin sentyabrın 26-na təyin edilmiş referendumla bağlı bələdiyyələrin yaratdığı  “Bələdiyyə” və bir sıra QHT rəhbərinin yaratdığı “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşəbbüs qruplarını təşviqat qrupları kimi qeydə alıb. Bununla da qeydə alınmış təşviqat qruplarının sayı üçə çatıb. İlk qeydə alınan təşviqat qrupu YAP-ın yaratdığı “Yeni Azərbaycan”dır. Onların Konstitusiyaya dəyişikliklər təkliflərinin lehinə təbliğat aparacaqlarını elan ediblər. 
 
Əleyhinə təbliğat aparacağını elan edən yeganə təşəbbüs qrupu isə Müsavat Partiyasının yaratdığı “Respublika” təşəbbüs qrupudur. Partiyadan bildirilib ki, yerlərdə icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının yaratdığı maneələrə baxmayaraq lazım olan 40 min imza toplanıb. İmzaların və sənədlərin yaxın günlərdə MSK-ya təqdim ediləcəyi deyilir. MSK-nın “Respublika” təşəbbüs qrupunu da digər qeydə alınan üç təşviqat qrupu kimi asanlıqla, problemsiz qeydə alıb-almayacağı isə hələlik dəqiq bəlli deyil.
 
ADP sədri Sərdar Cəlaloğlu bu barədə “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində maraqlı açıqlama verib. S.Cəlaloğlu deyib ki, MSK-nın Müsavatın yaratdığı təşəbbüs qrupunu qeydə alıb-almaması şübhəsiz ki, hakimiyyətin mövqeyində asılı olacaq, Müsavatın təşviqat qrupu qeydə alınacaq, amma efir hüququndan məhrum ediləcək: “Hakimiyyət formal demokratiya siyasəti aparır. Ona görə də prosedurlarda formalizmə yol verilir. Bu baxımdan referendum prosesində çoxsaylı təşviqat qruplarının olması, referendum və referenduma çıxarılacaq Konstitusiya dəyişikliklərinin əleyhinə olanların da təşviqat qrupunun iştirak etdiyi mənzərəsini yaratmaq üçün Müsavatın yaratdığı təşviqat qrupunu qeydə alınacaq. Hakimiyyətə prosesdə opponentin olmasını dünyaya göstərmək çox vacibdir. 
 
Bu baxımdan da Müsavatın təşviqat qrupu qeydə alınacaq. Amma YAP-ın təşviqat qrupu və digər iki təşviqat qrupu hakimiyyətin planına uyğun olaraq İctimai Televiziyada təbliğat-təşviqat üçün ayrılan efir vaxtından imtina edəcəklər. Bu da Müsavatın yaratdığı ”Respublika" təşviqat qrupunun efirdən təbliğat apara bilmək imkanından məhrum qalmasına gətirib çıxaracaq. Çünki Seçki Məcəlləsinə belə bir maddə daxil ediblər ki, seçkilərdə və referendumda efirdə birtərəfli qaydada təşviqata yol verilmir, efirdən təşviqat debat şəklində olmalıdır. Nə qədər anti-demokratik olsa da Seçki Məcəlləsinin tələbi bunu deyir. 
 
Bu ayrı məsələdir ki, qanuna vaxtilə daxil edilən bu cür maddə antidemokratik və absurddur, çünki bir təşviqat qrupunu faktiki olaraq digərlərinin qərarından asılı vəziyyətə gətirib çıxarır. Müsavat rəhbərliyi Seçki Məcəlləsini şübhəsiz ki, yaxşı bilir.
 
Müsavat rəhbərliyi qanunda qeyd etdiyimiz maddəni nəzərə almalı idilər. Müsavat ən yaxşı halda təbliğat üçün ayrılmış qapalı və açıq bir neçə məkanda görüş, mitinq keçirə biləcək".  
Cia.az