|
Yuxusuzluqdan əziyyət çəkənlər bu yazını oxusun

Mütəxəssislərin fikrincə, müasir dövrün ən böyük problemlərindən biri də yuxusuzluqdur. Buna səbəb elektron cihazlardan istifadənin artmasıdır. Kompüter, planşet, telefon və s. kimi vasitələr yuxuya mənfi təsir edir. Türkiyəli psixoterapevt Haluk Aksu gecə yatmağa əziyyət çəkənlər üçün maraqlı təklif irəli sürüb. Aile.lent.az həkimin bu barədə fikirlərini təqdim edir.

Mütəxəssis bildirir ki, araşdırmalar kitab oxumağın yuxuya getməyə kömək etdiyini sübut edib: “Keyfiyyətsiz yuxunun ən böyük səbəbi yatmaq üçün ayrılan otağın yuxuya getmək üçün uyğun olmamasıdır. Yuxunuz gəldiyi zaman yatağınıza gedin. Yataqda 20 dəqiqədən çox oyaq qalıb-qalmamağınıza fikir verin. Otağınızdakı telefon, planşet, kompüter və televizor kimi oyadıcı vasitələri söndürün. Yuxunuz gəlmirsə, yataq otağından kənarda bir otaqda kitab oxuyun. Yatmaq üçün özünüzü məcbur etməyin”.

Gecə yuxusunun çox əhəmiyyətli olduğunu deyən H. Aksu keyfiyyətli yatmadığınız vaxtlarda günorta saatlarında mürgülədiyinizi deyir. Ancaq gündüz 15 dəqiqədən çox günorta yuxusu da gecə yuxusunun keyfiyyətini aşağı salır: “İnsanın enerjisi aşağı düşür, diqqət cəmləmə problemləri yaranır. Çox gec yatsanız da səhər erkən oyanmağınız təklif edilir. “Keyfiyyətli yuxu müddəti” deyə bir standart yoxdur. Bu vəziyyət insanların özünü yaxşı hiss etməsinə bağlıdır. Yuxu müddəti hər kəs üçün eyni deyil. 5 və ya 8 saat yuxuyla da xoşbəxt olan insanlar var”.

 

Mütəxəssis yuxu problemi yaşayan insanlara kor-koranə dərman istifadə etməmələrini məsləhət görür. Çünki dərmanlar hər kəsdə eyni təsiri göstərmir: “Yuxu dərmanları sizdə gizli və ya açıq olan xəstəlikləri qıcıqlandıra bilər. Bu halda daha böyük problemlər yarana bilər. Yatmaq üçün istifadə etdiyiniz dərmanlardan asılı ola bilərsiniz. Dərman istifadə etməzdən əvvəl problemləri ortadan qaldırmağa çalışın”. 

Cia.az