|
Rəsmilərin “ölkədə təxribatlar ola bilər” bəyanatına ilginc reaksiyalar
Mərkəzi Seçki Komissiyasında avqustun 18-də referendumla bağlı keçirilən seminarda Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev, daxili işlər nazirinin müavini Oruc Zalov, baş prokurorun birinci müavini Rüstəm Usubov çıxışlarında “maraqlı tərəflərin təxribatları, niyyətləri ola bilər, biz bunların qarşısını almalıyıq”, “razılaşdırılmamış aksiyalara, təxribatlara imkan verilməyəcək” kimi açıqlamaları veriblər. 

Maraqlıdır, bu, hakimiyyətin referendum dövründə hansısa daxildən və ya xaricdən idarə olunan hadisələr olacağı barədə informasiyasının olmasından xəbər verir, yoxsa sadəcə xəbərdarlıq niyyəti güdür?
 
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, hakimiyyət yetkililərinin xəbərdarlıq və narahatlıq xarakterli həmin açıqlamaları Azərbaycana qonşu regionlarda, xüsusən də Türkiyədəki hadisələrdən keçirilən narahatlıqdan irəli gəlir: “Xatırlayırsınızsa, YAP-ın ikinci şəxsi Əli Əhmədov referendumu keçirilməsini də məhz qonşu regionlarda baş verən hadisələrlə əlaqələndirmişdi. Hakimiyyət baş verən hadisələrdən ciddi narahatdır. Hədə-qorxu gəlməyə də heç ehtiyac yoxdur. Azərbaycan cəmiyyəti onsuz da referendumun keçirilməsinə ciddi reaksiya vermir. Azərbaycanda güclü müxalifət qüvvəsi də yoxdur ki, proseslərə ciddi təsir etsin. Ona görə də hakimiyyət müxalifətdən çəkinmir. Hakimiyyət təmsilçilərinin ehtiyatlandığı başqa şeydir. Əsas narahatlıq hansısa addımların da məhz içəridən ola biləcəyindən ehtiyat edirlər. Real gücün hərəkət edəcəyi halda real gücdən və müxalifətin, cəmiyyətin məhz bu zaman o güc ətrafında toparlana biləcəyindən narahatdırlar. Xəbərdarlıqlar buna görədir”.
 
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, zahirdə görünən odur ki, ölkədə heç bir müxalifət təşkilatlarının hər hansı birindən destruktiv fəaliyyət gözlənilimir. Hakimiyyət təmsilçilərinin hər hansı bir informasiyası varsa, xəbərdarlıq etmək lazım deyil, hüquq-mühafizə orqanları bunu araşdırmalıdırlar və tədbir görməlidirlər. Mən düşünmürəm ki, Azərbaycanda siyasi partiyalar istər daxildən, istərsə də xaricdən əlaqələri olan və ya olmayan hər hansı destruktiv fəaliyyətlə məşğul olmaq üçün hərəkətə keçər. Ümumiyyətlə, siyasi partiyaların zorakılıqla, qarşıdurma ilə siyasi fəaliyyət göstərmək, bu yolla iqtidara gəlmək kimi niyyəti olmayıb və hesab etmirəm ki, bundan sonra olacaq. Biz demokratik cəmiyyət quruculuğunu azad demokratik seçkilər keçirilməsində görürük. Ona görə də hesab etmirəm ki, referendum dövründə hansısa siyasi qüvvələr təxribatlara yol verə bilər. Hesab edirəm ki, hakimiyyət təmsilçilərinin, güc strukturu nümayəndələrinin MSK-dakı məlum açıqlamaları daha çox qorxutmaq məqsədi daşıyır. Xalqın etirazı olacaqsa, heç bir proflaktika, heç bir xəbərdarlıq heç nəyi dəyişmir. Bu gün elə bir vəziyyət yoxdur ki, insanlar küçələrə tökülsün. Amma belə bir vəziyyət olacaqsa, onun da xəbərdarlıqla qarşısını almaq olmur".

Müsavat Partiyasının Divan üzvü İkram İsrafil isə bildirdi ki, icra hakimiyyəti və güc strukturlarının seçki prosesi ilə siyasi mövqe nümayiş etdirməsi düzgün deyil: “Hansısa xarici və ya daxili təxribatlar olacağı barədə məlumatları varsa, bunu vəzifələrinin görəvi  kimi rəhbərlik elədikləri qurumlarda müzakirə etməli və lazımi tədbirlər həyata keçirməlidirlər. Düşünürəm ki,  MSK-nın tədbirində belə çıxışları ictimaiyyətdə referendum qabağı xof yaratmaq, referenduma qarşı olan kəsim üçün bir mesaj kimi qəbul edirik. Axı niyə bu qədər narahatçılıq keçirirlər, anlamaq çətindir. Konstitusiyada, qanunlarda təsbit olunubsa ki, referenduma qarşı olanlar da təbliğat qrupu yaradıb, qanuna uyğun təbliğat apara bilərlər, bəs nədən Müsavatın ”Respublika" təşəbbüs qrupunun imza toplayanlarına, imza verən insanlara qarşı qanunsuz hərəkətlərə yol verilir, imza vərəqələrini qaçırdırlar. Bu qanunsuzluqlar barədə Müsavat Partiyası məlumat verir, mətbuat yazır, lakin maraqlanan yoxdur".

VİP sədri Əli Əliyev isə bildirdi ki, iqtidar nümayəndələrinin narahatlığı başadüşüləndir: “Siyasətdə istənilən addımın çoxcəhətli effekti olur. Ola bilər, referendumun ovqatını seçki rəsmiləri üçün müəyyən etmiş olsunlar. Lakin belə davranışla həm də siyasi narahatlığın alt yapısını da nümayiş etdirmiş olurlar. Azərbaycan müxalifəti təxribatlara, qanundan kənara hərəkətlərə meylli müxalifət deyil. Odur ki, iqtidar mənsublarının narahatlığı müxalifətlə bağlı ola bilməz. Bu gün təxribat yaratmaq imkanı olan varsa, onlar yalnız iqtidar dəhlizlərində dolaşanlardır. Çünki opponentlərin ən azı səsvermə dönəmində bunu etmək üçün nə resursları, nə də təşkilati imkanları vardır. Diqqət yetirin, müxalifətdən yalnız bir təşkilat referendumda  fəal iştiraka qərar verib. Digərləri prosesdən kənarda qalmağa üstünlük veriblər. Bunu rəsmi dairələr bilməmiş deyil. Deməli, rəsmi opponentlər növbəti dönəmdə fəallığa qərar veriblər. Əgər hakimiyyət rəsmiləri əndişə ifadə edirlərsə, deməli özününkülərdən, narazılığı saatbasaat artan əhalidən və beynəlxalq çevrələrdən arxayın deyillər. Baş verən həbslər də, dünən səsləndirilən həmin xəbərdarlıq xarakterli mövqe də cəmiyyətdə xof yaratmağın açıq nümunəsidir. Sonda bunun rasional yol olmadığını bildirmək istəyirəm. Heç bir qorxu hissi obyektiv reallığı üstələyə bilməz, yalnız baş verəcəkləri ertələyə bilər. Vəziyyətdən çıxış yolu kəmərləri sıxmaqdan deyil, cəmiyyətdə toplanmış neqativ enerjini azaltmaqdan keçir”.
musavat