|
Duzlu gölə şəfa ardınca gələnlər, yoxsa potensial xəstələr?
Bu ünvandan çox yazılıb, çox deyilib. Elə bizim “Yeni Müsavat” qəzetində və Musavat.com saytında bir neçə dəfə Zığ- Hövsan avtomagistralının sağ kənarında yerləşən “Duzlu göl” barədə dəfələrlə reportajlar verilib. Ancaq üstündən illər keçəndən sonra baxırsan ki, “köhnə hamam, köhnə tas”dır...
 
İnsafən, kasıblar üçün unikal ünvandır. Giriş qapısında avtomobilləri qarşılayan gənc çox yox, cəmi 50 qəpik alır. İçəridə də hər şey 50 qəpiyədir. Hər şey deyəndə ki, “müalicəvi” qara palçıq, yodlu palçıq, duş qəbul etmək... Amma bura gələnlər təkcə kasıblar deyil. Gölün ətrafına göz gəz gəzdirdikcə nadir hallarda ucuz avtomobillər görürsən. Uşaqdan-böyüyə hər kəs ya özünü qara palçıqla, yodla “bəzəyib”, ya ətrafdakı qumda “gizlənib”, ya da duzlu gölə baş vurub.
 
Buradakı şəxslərlə söhbət əsnasında fərqli fikirlər eşidirik. Gözünün içinə qədər palçığa bələnmiş ucaboy bir kişi sualımızın cavabında “əlbət təsiri olur ki, bu qədər camaat bura gəlir də, yoxsa kim gəlib özünü palçığa batırar” deyə, bir az da əsəbi reaksiya verir.
 
Gölün kənarında oturub bədənindəki palçığın qurumasını gözləyən Nəcibə nənə isə deyir hər il bura gəlir:“Mənə bu göl barədə qohumum danışmışdı. İlk dəfə gələndə inanmırdım ki, palçıq adama neynəyər? Amma sonra özüm şahidi oldum, iki rus qadını Moskvadan bura gəlmişdi. Dedilər, həkim onlara bu gölü məsləhət bilib, özlərində də qadın xəstəliyi var imiş. Biz onsuz da çox sərvətlərimizin qədir-qiymətini bilmirik”.
 
Ayaqlarını quma basdırıb oturmuş yaşlı nənə isə bu gölün əhəmiyyəti ilə maraqlandığımı duyunca ürək dolusu faydasından danışır: “Bala, atamın 90 yaşı var. Bütün günü ufuldaya-ufuldaya gəzirdi. Hara apardıqsa, dərdinə çarə eləyən olmadı. Bir gün oğlum kişini oturtdu maşına, gətirdik bura. Onu yaxşıca palçıqladıq, sonra gölə saldıq, quma basdırdıq. Axşam gedəndə dedi bala, deyəsən, axı canım rahatlanır. 10 gün gətirdik, gün-gündən yaxşılaşdı. Bütün günü dua edir, deyir elə bil təzədən dünyaya gəlmişəm”.
 
Ardınca qadın yaxınlıqda oynayan nəvəsini çağırır, qızcığazın boynundakı yara izini göstərir: “Bax, uşağın boynundan nəsə çıxmışdı, apardım həkimlərə, dedilər gərək yarıb baxaq, görək nədir. Analizlərinə də 120 manat xərcləmişdik. Axşam qonşum dedi ki, neynirsən həkimi, apar duzlu gölə. Bax, 5 gündür gəlirik, girir suda özü üçün oynayır, artıq uşağın boynundakı yara tam sağalmaq üzrədir. Bir şeyi bilirəm ki, bu su Allahın möcüzəsidir”.
 
Gölün sahili boyu qara və yodlu palçıqla doldurulmuş vannalar qoyulub. Palçıq vannalarından birinin sahibi, belə demək mümkünsə, “çörəyi palçıqdan çıxan” gənc deyir ki, əslində 50 qəpik bu qədər əziyyətin müqabilində qiymət çox aşağıdır: “Amma biz camaatın vəziyyətini nəzərə alırıq. Bu palçığı gölün dibindən ovuc-ovuc yığırıq. Çox əziyyətli işdir. İnan inandığımıza, olur ki, baxıram yaşlıdır, kasıbdır, heç pul götürmürəm. Görürəm kimsə təkid edir, deyirəm inşallah sağalandan sonra gəlib hörmət edərsən. Bu gün camaat od qiymətinə dərmanlar alıb içir, heç bir faydası olmur. Amma bura bir həftə 10 gələn adam artıq xeyrini görür. Bunun qarşılığında 50 qəpik, 1 manat nədir ki?” Adının çəkilməsini istəməyən gənc qarabağlı olduğunu deyir. Onu da əlavə edir ki, burada gölün dibindən palçıq yığıb satan 11 nəfər də onun həmyerlisidir: “Mən 7 ildir burda işləyirəm. Hələ görməmişəm ki, kimsə gəlib şikayətləsin, desin boş yerə bura gəldim. Ən azı adamların əsəbləri sakitləşir, rahatlanıb gedirlər”. Maraqlıdır, burada 12-ci adamın palçıq yığıb satması mümkündürmü? Sualın cavabında gülərək “yox, kimin nə ixtiyarı var, buralar nəzarətsiz deyil ki” söyləyir.
 
Qeyd edək ki, rəsmi qurumlar 16 il əvvəl “Duzlu gölü”n xəstəlik mənbəyi olmasını, buradakı antisanitariya vəziyyətini nəzərə alaraq orada çimməyi qadağan ediblər. Hesab olunur ki, şəfa ardınca gələnlər əslində potensial xəstələrə çevrilə bilər, çünki burada insanların xəstəliyə yoluxması mümkündür. Ancaq bu qadağaya heç kim məhəl qoymur və insanlar şəfa tapmaq üçün bu ünvana daha çox üz tutur. Elə söhbət etdiyimiz şəxslər də dedilər ki, əvvəlki illərlə müqayisədə gələnlər daha çoxdur.
 
***
 
Söhbət etdiyimiz tanınmış həkim, müalicəsində daha çox təbii üsullara üstünlük verən Seyfəddin Əsəd isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ora birmənalı şəkildə möcüzə bir yerdir: “Oynaq ağrıları, dəri xəstəlikləri, duzlaşma, sinir, əzələ ağrıları, revmatizmin müalicəsində əvəzsizdir və çox gözəl effekt verir. Üstəlik, Duzlu göl zob xəstələri üçün də əvəzsizdir. Orada həm duz, həm də yod var. Gölün içərisində xırda qurdlar olur, amma onlar təhlükəsizdir, duzun içində yaşayır və insana heç vaxt heç nə eləmir. S.Əsəd dedi ki, ötən il özü də gölə müalicə məqsədilə gedirmiş, amma bu il vaxt tapa bilmədiyindən yalnız bircə dəfə ora baş çəkə bilib, özü də gecə: ”Vaxtım  olsa, hər gün gedərəm."
 
Həkim Duzlu göldə müalicə olunmaq istəyənlərə məsləhətlərini də verdi: “Çalışmaq lazımdır ki, ora gündüz saat 4-də, 5-in yarısında gedəsən. Duzlu suyun içində çox qalmağın heç bir ziyanı yoxdur. Palçığın effekti isə o vaxt güclü olur ki, adamın bədənində quruyur. Bəzən adamlar qaydaları bilmədiyi üçün göldən çıxandan sonra duş qəbul edirlər. Amma mən məsləhət görürəm ki, duz bədəndə axşam yatana kimi qalsın. O vaxta qədər bədən tərləyəcək. Ondan sonra isə duş qəbul edib yatmaq lazımdır. Bu zaman müalicənin effekti daha güclü olacaq”.
 
 S.Əsəd Duzlu göldə xəstəliklərə yoluxma təhlükəsi barədə iddiaları təkzib etdi: “Duzlu suda xəstəliklərə yoluxma ehtimalı heç cür mümkün deyil. Həmçinin dəri xəstəliklərinin yayılması mümkün deyil. Əksinə, bu su dəri xəstəliklərinin sağalmasına çox gözəl təsir göstərir. Oynaq ağrılarının aradan qaldırılması baxımından suyun effekti əvəzsizdir. Rayonlardan adamlar gəlir, yaxınlıqda kirayə ev tuturlar, bəzən sürünə-sürünə gəlib müalicə kursunu qəbul edib gedirlər. Effekti olmasaydı, insanlar bura gəlməzdilər. Mən efirdəki çıxışlarımda da hər zaman bu gölün müalicəvi əhəmiyyətindən danışıram”.
 
S.Əsəd sovet dövründə duzlu gölün guya araşdırıldığı və ziyanlı olması səbəbindən burada sanatoriya tikilməsi planının təxirə salınması barədə iddiaları absurd sayır: “Sovet dövründə kim idi oranı arayıb-axtaran? O zaman bu göl heç gözə görünən şey deyildi. Bu, yeganə sudur ki, öz-özünə təbii filtrasiya var orda. Nə qədər pas tökülür, adamlar palçıqlı, yodlu bədənini orda yuyur, səhər görürsən yenə də su əladır, yüksək səviyyədədir”.
 
Ancaq buradakı şəraitsizlik, natəmizlik də çoxlarını narahat edir. Belə fikirlər də var ki, buralar abadlaşsa, sadə camaatın bura gəlişi çətinləşəcək. Əslən Füzuli rayonundan olan orta yaşlı bir həmsöhbətim bunları bildirdi: “İndi giriş 50 qəpikdirsə, abadlaşdırandan sonra giriş azı 5-10 manat olacaq. Ancaq heç olmasa burda pul qazananlar təmizliyə baxsaydılar. Bəzən gölün ətrafında üfunətdən baş çatlayır, elə  bil ki, yaxınlıqda heyvan cəsədi var. Düzdür, bura gələnlərin özləri də günahkardır. Burada istirahət edənlərin bir çoxu özlərindən sonra zibil yığnağını qoyub gedirlər, ətrafda qarpız-yemiş, kağız, sellofan qabıqları, yemək qalıqları qalaqlanır. Gərək səliqə-səhmana özümüz baxaq, diqqətli olaq, sərvətlərimizə dəyər  verək. Əgər Allah bizə belə möcüzəni qismət edibsə, onun qayğısına qalmalıyıq, daha zibilliyə çevirməməliyik”.
 
“Buraya çox imkanlı adamlar, məmurlar da gəlirlər. Bir də görürsən çox baha maşınlardan düşürlər, qara eynəkdə, baş geyimində gölə girirlər, ya bədənlərini palçıqlayırlar ki, ətrafdakıların diqqətini cəlb eləməsinlər, tanınmasınlar. Onlar buranın faydasını görüblər ki, gəlirlər də. Yoxsa pulunu ”balta kəsməyən" adamlar niyə özlərini bu palçığa bulaşdırsınlar ki" - bunu da özünü quma basdırmış digər həmsöhbətim deyir.
 
***
 
Duzlu gölün gölün sahili boyu zibilqabılar qoyulub. Ancaq bura zibilin çox az hissəsi yığılır, əksəriyyət əlinə düşəni ətrafa tolazlamağa üstünlük verir. Təqribən 200-300 metrlikdə isə “Yodlu göl” var. Nisbətən kiçik olan bu göldə də xeyli adam çimirdi. Adamlar bədəninə yodlu palçığı sürtəndən sonra gölə girir və dincəlirlər. 
 
Bir həmsöhbətim deyir ki, bədənindəki səpkiləri məhz bu suda sağalda bilib. Başqası isə boğazındakı ağrılardan əziyyət çəkdiyini, bir həftə ərzində yüngülləşdiyini deyir: “Həkimə gedirsən, adamda olmayan xəstəlikləri "tapır", yüz cür dərman yazır, adamda yeni xəstəliklər yaranır. Heç olmasa bilirik ki, hətta bu suyun xeyri olmasa belə, ziyanı da yoxdur".
 
Beləcə, son zamanlar həkimlər, səhiyyə, dərman preparatları barədə yayılan neqativlər, bahalıq və s. amillər insanların bir çoxunu yolunu Duzlu göldən, “Yodlu göl”dən salmağa vadar edib. Elə biz də imkan düşmüşkən bu duzun, palçığın, yodun faydasından bəhrələnməyə çalışdıq. Ancaq deyilənlərə inansaq, azı 7-10 günlük kurs qəbul etmək lazımdır ki, faydasını hiss edəsən. Nə deyirik, təki Allah şəfa versin!
musavat