|
MSK-da mühüm toplantı:
Avqustun 18-də Mərkəzi Seçki Komissiyasında(MSK) sentyabrın 26-na təyin edilən referendumla bağlı dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib. 
 
Qurumdan verilən məlumata görə, müşavirədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, MSK sədri Məzahir Pənahov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, ədliyyə nazirinin müavini Azər Cəfərov, baş prokurorun birinci müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Oruc Zalov və Bakı şəhəri üzrə dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Çıxış edən Məzahir Pənahov deyib ki, referendum  Azərbaycanda sabitliyin qorunmasına xidmət edir:“Azərbaycan sürətlə inkişaf edir, əhalinin həyat şəraiti yaxşılaşır. Biz bütün seçkiləri yüksək standartlarla keçirmişik, bu referendumu da yüksək səviyyədə keçirməliyik. Azərbaycan prezidenti İlham Əliyevin reytinqi çox yüksəkdir. Ancaq bəzi güclər hansısa ölkələrin daxili işlərinə qarışmaq istəyirlərsə, buna seçki yolu ilə qarışırlar. Azərbaycanı istəməyən qüvvələrə, insanlara bəhanə verməməliyik. Aşağı seçki komissiyalarını, seçiciləri, seçki subyektlərini nə qədər maarifləndirsək, buna o qədər çox nail olacağı. Çalışacağıq ki, qarşıdan gələn referendum Azərbaycan tarixinə qızıl hərflərlə yazılsın”.
 
Zeynal Nağdəliyev isə bildirib ki, 10 il əvvəl ilə müqayisə edilsə, Azərbaycanda seçki proseslərinin təşkili müqayisə edilməyəcək səviyyədədir: “Qarşıdan gələn referendum da yüksək səviyyədə keçiriləcək. Seçki Məcəlləsinin heç bir müddəası pozulmamalıdır. Heç bir seçki məntəqəsində belə hala yol verilməməlidir. Maraqlı tərəflərin təxribatları, niyyətləri ola bilər, biz bunların qarşısını almalıyıq. Azərbaycanda sabitlikdir, prezident İlham Əliyevin yüksək nüfuzu var. Belə ab-havaya söykənərək konstitusiyaya dəyişiklik təklif edilib. Hər birimizin borcu odur ki, fəaliyyətimizlə bu ab-havaya kömək edək, xələl yetirməyək. Prezident hər birimizə tapşırıb ki, seçkilər qanunun hər bir müddəasına riayət edilməklə, keçirilməlidir. Əsas məsələlərdən biri də seçki komissiyalarının şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə hər şey yüksək səviyyədədir. Bu gün artıq seçicilər üçün daha yaxşı şəraitin yaradılması, səsvermə otaqlarının daha da genişləndirilməsinə diqqət yetirməliyik. Hazırda qarşımızda dayanın məsələlərdən biri odur ki, sentyabrın 3-dən başlayacaq təşviqat kampaniyası ilə bağlı açıq və qapalı yerlər müəyyən edək. Artıq təşviqat kampaniyası üçün 128 açıq və qapalı yer müəyyən edilib, onlar mətbuatda dərc ediləcək. Şəffaflıqla əlaqədar seçki məntəqələrində 1000 veb-kamera quraşdırılıb, seçki məntəqələrinin 20 faizi veb-kameralarla təmin edilib. Səslərin sayılması prosesi daha qısa vaxtda, tez, sürətli təşkil edilməlidir. Bu sahədə təkmilləşmə üçün veb-kameralardakı görüntülərin təşkili vacibdir. Referenduma çıxarılan məsələlər Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi ilə əlaqədardır. Eyni zamanda daha çevik idarəetmənin təmin edilməsi üçün təşəbbüslər irəli sürülüb. Artıq seçici nə baş verdiyini görür, oxuyur, müqayisəli təhlil də var. Əsas odur ki, seçicinin hüquqlarının həyata keçirilməsində hər hansı maneə olmasın. Bizim işimiz təşkil etməkdir. Əminəm ki, bu referendum əvvəlkilərdən daha yüksək səviyyədə keçiriləcək”.

Ziyafət Əsgərov da çıxışında deyib ki, Azərbaycanda referendum keçirilməsi təcrübəsi var, bu təcrübə 26 sentyabrda da referendumun yüksək səviyyədə keçirilməsində özünü göstərəcək: “Bu gün dünyada heç bir dövlət deyə bilməz ki, mən tam hüquqi dövlətəm. Mərhum prezident Heydər Əliyev deyirdi ki, demokratiyanın başlanğıcı var, sonu yoxdur.  Biz hüquqi dövlət quruculuğunda da ən yüksək səviyyəyə çatmaq üçün bu dəyişiklikləri həyata keçirməliyik. Xalqın iradəsinə cavab verməyən məsələləri qəbul etməməliyik. Bu referendum isə xalqın iradəsinə cavab verir və biz bunu həyata keçirməliyik. Referendumda qəbul edilən məsələlər xalqın iradəsini əks etdirir. Hər bir referendum aktı cəmiyyətin siyasi, iqtisadi barometridir. Referendum keçirilirsə, deməli, buna ehtiyac var”.
Rüstəm Usubov isə bildirib ki, prokurorluq orqanlarının referendumla bağlı əsas işi daxil olan şikayətlərə baxmaq, referenduma çıxarılmış məsələlərin mahiyyətini izah etməkdir. Baş prokurorun birinci müavini xəbərdarlıqlar da edib: “Fiziki və hüquqi şəxslərin seçki və referendum prosesinə müdaxilə etməsi yolverilməzdir. İndidən bəziləri referenduma ləkə salmağa, ”Konstitusiyaya dəyişikliklərə yox" vərəqələri yaymağa çalışırlar. Prokurorluq və hüquq-mühafizə orqanları belə halların qarşısını qətiyyətlə alacaq. Referendumun ən yüksək səviyyədə keçirilməsini təmin edəcəyik".

Oruc Zalov da çıxışında xəbərdarlıq edib. O qeyd edib ki, referendum zamanı ictimai asayişin qorunması üçün daxili işlər orqanları tərəfindən bütün tədbirlər görüləcək. Referendum ərəfəsində razılaşdırılmamış yürüşlərin, mitinqlərin, piketlərin keçirilməsinə imkan verilməyəcək: “Bu prosesə xələl gətirmək istəyənlərə heç bir imkan verilməyəcək. Seçki komissiyalarının müraciətindən 10-15 dəqiqə sonra polis qanun pozuntusu olan ünvanda olacaq. Qeydə alınmış təşviqat qrupları ayrılmış açıq və qapalı yerlərdə öz təşviqatını aparacaq. Bundan kənarda keçiriləcək aksiya və tədbirlərə yol verilməyəcək. Referendum günü seçki prosesinə xələl gətirmək istəyənlərin qarşısını almaq üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq”.
 
Onu da qeyd edək ki, referendumla bağlı YAP-ın yaratdığı “Yeni Azərbaycan” təşəbbüs qrupu artıq MSK tərəfindən təşviqat qrupu kimi qeydə alınıb. Müsavat Partiyası isə yaratdığı “Respublika” təşəbbüs qrupunun təşviqat qrupu olaraq qeydə alınması üçün lazımi sənədləri və 40 imzanı hələ ki, MSK-ya təqdim edtməyib.
musavat