Avqustun 18-nə gecə İstanbulda azərbaycanlı iş adamı Rövşən Əliyevin “Range Rover” markalı avtomobili killerlər tərəfindən gülləbaran edilib.
Nəticədə iş adamı ağır yaralanıb, sürücüsü isə hadisə yerində ölüb.
Xəbərə görə Rövşən Əliyevin 90 ND 011 dövlət nömrə nişanlı “Range Rover”i İstanbulun Beşiktaş səmtindəki oteldən çıxarkən yaxınlıqda pusqu qurmuş killerlər səsboğucu taxılmış avtomat silahlarla avtomobili güllə yağışına tutub. Hadisə yerli vaxtla saat 00.30 radələrində Beşiktaş Cihannüma məhəlləsi, Saray küçəsində baş verib. Avtomobil otelin 10 metrliyində pusqu qurmuş killerlər tərəfindən atəşə tutulub, maşına çoxlu sayda güllə dəyib. Killerlər istifadə etdikləri silahları hadisə yerində ataraq piyada qaçıblar. Hadisədən sonra bölgəyə çoxlu sayda polis səfərbər edilib, o cümlədən zirehli polis avtomobili təhlükəsizlik tədbirlərinə cəlb olunub.

Hadisənin baş verdiyi yerin yaxınlığında park edilmiş şübhəli avtomobil polislər tərəfindən araşdırılıb. Sürücü Florance Nightingale xəstəxanasına aparılıb və orada keçinib. Yaralı iş adamı Rövşən Əliyevin isə Şişli Etfal Xəstəxanasına aparıldığı bildirilir. Polis qaçan killerlərin axtarışına başlayıb.
Mənbələr iş adamının Barbaros Bulvarı, Yıldız Küçəsində yerləşən oteldə “toplantıda” iştirak etdiyini bildirir. Ehtimal olunur ki, Rövşən Əliyev öz avtomobili ilə Azərbaycandan bu toplantıya qatılmaq üçün gedib. Hadisənin kriminal “razborka” olduğu ehtimalı var.
Virtualaz.org
Cia.az
