|
Azərbaycanı innovasiya indeksinə görə Mozambikdən geri qoyan səbəblər...
Azərbaycan patent alınması üçün ölkənin 1 milyon sakininə hesablanan müraciətlərin sayına görə reytinq sıralamasında dünya ölkələri arasında 85-ci yeri tutub. Bu göstərici ilə ölkəmiz Ermənistan, Gürcüstan kimi qonşu dövlətlərdən, hətta Mərakeş, Mozambik, Keniya kimi Afrika dövlətlərindən də geridə qalıb. Qeyd edək ki, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) tərəfindən hər il Qlobal İnnovasiya İndeksi dərc edilir. 

Bu indeks üzrə ölkələrin reytinqi, patent alınması üçün ölkənin 1 milyon sakininə hesablanan müraciətlərin sayına görə müəyyən edilir. Reytinqdə yüksək yerlər tutan ölkələr üçün innovasiyalı iqtisadiyyata zəmin olan yaxşı infrastruktur, eləcə də insan kapitalına investisiya yatırmaq istəyi xarakterikdir. 2016-cı ilin nəticələrinə görə, bu reytinqdə birinci yeri keçən il olduğu kimi yenə İsveçrə tutur. 

Onun ardınca isə İsveç, Böyük Britaniya, ABŞ, Finlandiya və Sinqapur gəlir.  İnnovasiya reytinqi siyahısında ümumilikdə 128 ölkənin reytinqi dərc edilib. Estoniya 24-cü yeri tutmaqla, keçmiş sovet ölkələri arasında ən yaxşı nəticəyə malikdir.
 
 Qonşularımızdan Türkiyə 42, Rusiya 43, İran isə 78-ci yerdə qərarlaşıb. Cənubi Qafqaz ölkələri arasında ilk yeri 60-cı pillədə Ermənistan tutur. Gürcüstan 64, Azərbaycan isə 85-ci yerdədir. Azərbaycan reytinq cədvəlində nəinki qonşu ölkələrdən, hətta Mozambik, Keniya, Ruanda, Mərakeş kimi Afrika ölkələrindən də geri qalır.

Ölkəmizin innovativ texnologiyalarla bağlı əqli mülkiyyət inkişaf göstəriciləri üzrə geri qalmasının səbəblərinə gəlincə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanın bu qədər geridə qalması arzuolunmaz bir haldır: “İT sahəsində əqli mülkiyyətlə bağlı müraciətlər, hansısa layihələrin, innovasiyaların ortaya çıxmasını özündə əks etdirir. Gərək bu istiqamətdə gəlişmələr olsun ki, müraciətlər də edilsin. Azərbaycanda son dövrlərdə İT sahəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafına Dəstək Fondu yaradıldı və mən də o fondun müşahidə şurasının üzvüyəm. İndi bizim özümüz də bu işlərdən razı deyilik. Düşünürəm ki, bu, beynəlxalq təşkilatların da hesabatlarında öz əksini tapıb və müəyyən dərəcədə reallığı əks etdirir. Bizdə bu sahədə görüləcək işlər daha çoxdur. Müəyyən addımlar atılsa da, nəticə ürəkaçan deyil. Hələ ki İT sahəsində hər hansı böyük layihələr, dünya miqyasında tanınan yeniliklər edə bilməmişik”. 

O.Gündüz qeyd etdi ki, istər elm sahəsində, istərsə də biznes sahəsində hələlik qlobal miqyasda tanınan, əqli mülkiyyət təşkilatlarında qeydiyyatdan keçən layihələrin sayı elə də çox deyil: “Çıxış yolu odur ki, hökumət bu sahəyə daha ciddi dəstək göstərməlidir. Son dövrlərdə prezident də öz çıxışlarında bildirib ki, artıq neft erası bitib, resurslara arxalanmaq  dövrü başa çatıb, investisiyalar qeyri-neft sektoruna yatırılmalıdır. Qeyri-neft sektoru da əsasən informasiya texnologiyaları sahəsidir. Birincisi, hökumətin bu sahəyə diqqəti artmalıdır, buraya investisiyalar qoyulmalıdır. Bizdə mühit belədir ki, bizim sahibkarlar daha çox biznesə, ticarətə, mağazaya, pərakəndə satışa investisiya qoymağa meyllidir, nəinki İT sahəsinə. Ona görə də bu sahəyə diqqəti çəkmək lazımdır. Dövlət qurumları innovativ texnologiyaları dəstəkləmək üçün böyük həcmli qrantlar ayırmalıdırlar. İnformasiya Texnologiyalarının İnkişafına Dəstək Fondunun verdiyi qrantlar cüzidir, 10-15 min manatdır. Bu məbləğ artırılmalıdır”. 

Ekspertin fikrincə, paralel olaraq təhsil sistemində ciddi islahatlar olmalıdır, bünövrədən başlamaq lazımdır: “Hazıra təhsildə təmayülləşmə gedir, bu yaxşı bir haldır. Lakin kompüter, riyaziyyat üzrə olan istiqamətdə informatikanı ləğv  ediblər. Əlbəttə, o zaman həmin şagirdlərdən innovativ yeniliklər gözləməyə dəyməz. Yəni bu kompleks bir işdir, bütün sahələri əhatə edir. Bu açıqlanan reytinqlər də göstərir ki, biz bu sahədə işlərimizi canlandırmalıyıq”. 
Cia.az