Bakı şəhərindən ölkəmizin şimal və şimal-qərb hissəsinə giriş və çıxışı təmin edən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yollarının müxtəlif hissələrdə nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlər “Azəravtoyol” ASC-nin mütəxəssisləri tərəfindən aşkar edilib və bu maneələr aradan qaldırılıb.
Bu barədə virtualaz.org-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Belə ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində, magistralın yaşayış məntəqələrindən keçən sahələrində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 17.6 min m2 piyada səkisi tikilib. Səkilərin kənarlarına 10.9 min p/m səki daşları quraşdırılıb. Avtobusların ümumi hərəkətə mane olmadan dayanaraq sərnişinləri mindirib-düşürməsi üçün xüsusi “cib”li dayanacaqlar tikilib. Yağış sularının yolun hərəkət hissəsindən nizamlı axınını təmin etmək məqsədi ilə isə yolboyu lazım olan hissələrdə 490 p/m yağış-kanalizasiya xətti tikilib. Bundan başqa hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən hissədə ayırıcı zolaqda uzunluğu 9 000 metr olan dəmir-beton təhlükəsizlik sədləri qoyulub və xüsusi siqnal dirəkləri də quraşdırılıb. Bununla da M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.
Cia.az
