|
YAP-çı deputat Qərbi topa tutdu -
Son günlərdə REAL-ın icraçı katibi Natiq Cəfərlinin həbsi ilə başlayaraq, bəzi siyasi baxışları olan şəxslərin saxlanılması bir çox məsələləri gündəm edib. Bu həbslərin fonunda əsas müzakirə mövzusu olan məsələ isə Azərbaycan-Qərb münasibətlərinin yenidən pisləşə biləcəyi yöndədir. 

Ekspertlərə görə, bununla Qərb dairələrinə bəhanə verilir. Çünki belə həbslər olan zaman ilk reaksiyalar xarici təşkilatlardan gəlir. Məhz bunun nəticəsində ötən ilin sonlarında Azərbaycanla Qərb arasında münasibətlər kəskinləşmiş, lakin ölkə iqtidarı bu ilin əvvəllərindən başlayaraq, tanınmış bəzi şəxsləri azad etməklə bu gərginliyi aradan qaldıra bilmişdi. Amma münasibətlərin soyuqlaşa biləcəyi ehtimalları son günlərin həbsləri ilə yenidən artmaqdadır. Hazırda əsas suallardan biri də həbslərin indiki zamana təsadüf etməsi ilə bağlıdır. Referendum öncəsi bu həbslər lazım idimi?
 
YAP-ın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı beynəlxalq təşkilatların siyasi məhbus adından təzyiq vasitəsi kimi istifadə etdikləri qənaətindədir: “Azərbaycanda siyasi məhbus yoxdur. Sadəcə, beynəlxalq qurumlar bu addan istifadə etməklə təzyiq metodunun ən uğurlu yolunu arayırlar. Hansı ölkəyə təzyiq etmək istəyirlərsə, ilk növbədə, siyasi məhbus variantını önə çəkirlər. Uzun müddət xarici təşkilatlar siyasi məhbus termininin mənasını belə tapa bilmədilər. Çünki demokratik ölkələrdə siyasi baxışlara görə həbslər olmur. Şimalı Koreya kimi ölkələrdə bu hallar ola bilər. Azərbaycan demokratiyaya əməl edən sivil ölkədir. Biri cinayət əməli törədir, nəticədə həbs edilir, başlayır ki, mən filan partiyanın üzvüyəm, toxunulmazlıq hüququm var. Bu bizim partiyaya da aiddir. Heç kimin belə bir hüququ yoxdur, yalnız bəzi şəxslərdən başqa. Zaman-zaman bu şəxslərin də üzərindən həmin hüquqlar götürülüb. Hüseyn Abdullayev, Gülər Əhmədova olaylarını xatırlayanlar yaxşı bilirlər. Bir tərəfdən hüququn aliliyi, digər tərəfdən isə toxunulmazlıqdan danışılır. Natiq Cəfərlinin siyasi baxışına görə həbs edilməsinə inanmıram. Görünür, fəaliyyətində qanun pozuntusu olub. Həbsxanalarda elə məhbuslar ola bilər ki, YAP üzvü olsunlar. Hazırda belə şəxslər var. Partiyamızın üzvü olanlar daha çox qanuna əməl etməli, örnək olmalıdırlar. Referendumun bəhanə edilməsi ilə razı deyiləm. Azərbaycanda 700 mindən çox YAP üzvü var. Onlar və qohumları kifayət edir ki, istənilən seçkidə qalib olaq. Bu baxımdan, formalaşan fikirləri əsassız hesab edirəm”.
 
Xanım deputat Qərbin ünvanına sərt tənqidlər də səsləndirdi: “Qərb artıq ifşa olunub. Zaman-zaman Qərbin niyyətləri, hansı məqsədə qulluq etdikləri, fəlsəfələrinin ifşa olunması hallarının şahidi olmuşuq. Son zamanlarda bu proses daha da sürətlənib. Qərbin qaçqınlara, sulara qərq olunan insanlara, əzilən və qırğına məruz qalan xalqlara qarşı biganə münasibətləri onların iç üzünü ortaya çıxarıb. Sadəcə, bəzi ölkələr ağalıq etmək niyyətindədir. Suriya, İraq, Liviya, Əfqanıstan və bu kimi ərazilərdə özləri qəsdən problemlər yaradıblar. Onlarda nə ədalət ola bilər? Ümumiyyətlə, ədalətli ola bilərlər? Allahın yaratdığı insanı qorumayan Qərbin nəyindən danışmaq olar? Onlardan nə örnək götürə bilərik? Orta Şərqdən olan qaçqınların taleyini müdafiə etsinlər, ondan sonra danışsınlar. Türkiyənin başına hansı oyunların açıldığı gözümüzün qabağındadır. Parisdə terror olan kimi Qərb ölkələrinin rəhbərləri orada divar çəkmək istədilər. Amma biz daim terrordan əziyyət çəkən xalq olmuşuq. Bir dəfə də olsun ki, bizə qarşı həmrəy olmadılar. İkili riyakarlıqdan əl çəkmədilər. Bizi işğala məruz qoyan erməniləri də eyni masada oturtdular. Türkiyəni də burada nümunə gətirə bilərik. 15 iyul hadisəsi isə hesab edirəm ki, dünyaya demokratiya dərsi keçən Qərbin utancı idi. Bundan xəcalət hissi keçirib utanmadılar - 15 iyulda reaksiya vermədiklərinə, həmrəylik göstərmədiklərinə görə. Halbuki Türkiyənin Avropa üçün böyük önəm daşıdığını bilirlər. Biz müstəqil dövlətik. Qərbin hansısa bir məsələyə münasibətinin necə olacağı bizim üçün önəm daşımamalıdır. Qoy Qərb desin ki, Azərbaycan nə deyə bilər. Böyük-kiçik qardaş anlayışları artıq yoxdur”.
 
 
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə son həbslərdən narahatdır. O hesab edir ki, Qərb tərəfindən təzyiqlərin yeni mərhələsi başlaya bilər: “Yunuslar, İntiqam Əliyev, Xədicə İsmayıl, Rəsul Cəfərov kimi tanınmış məhbusları azad etdikdən sonra belə həbslər həyata keçirmək nəyə lazım idi? Demək kiməsə lazımdır. Hakimiyyətdə kimlərsə bunda maraqlıdır. İstəyirlər ki, Azərbaycan Qərblə baş-başa dursun. Son günlərdə deputatın villalarını göstərirlər, hazırda həbsxanada milyonları mənimsəyən şəxslər var, eləcə də milyonlarla kredit götürüb bunu ödəməyənlər var, bunun müqabilində Natiq Cəfərlini tutmaq absurddur. Demək, məqsəd Qərbdən gələn təzyiqləri artırmaqdır. Kimsə bundan məharətlə istifadə edir. Azərbaycana qarşı yeni-yeni layihələr hazırlanacaq, gündəmdən çıxan layihələr gündəmə gətiriləcək. Mitinq yoxdur, dövlətə qarşı təhlükə daxildə görünmür. Sadəcə, hakimiyyətə qarşı tənqidlər var idi ki, bu da normaldır. Sivil dövlətlərin hamısında belədir. Partiyalar, QHT-lər passiv fəaliyyətdədir. Belə vəziyyətdə yeni həbs dalğaları həyata keçirməyin nə mənası ola bilər ki? Demək, burada gizli məqsəd var”.
musavat