|
“Əraziləri azad etməkdən imtina - müharibə deməkdir”
Apreldəki 4 günlük müharibədən 4 aydan artıq vaxt keçir. Təəssüf ki, həmin kritik olaylardan sonra sülh prosesinin intensivləşəcəyinə, status-kvonun dəyişəcəyinə bəslənən ümidlər doğrulmadı. İlk baxışda problemin kardinal həllinə girişmiş kimi görünən ATƏT-in Minsk Qrupu həmsədrləri daha sonra ənənəvi mövqelərinə qayıtdılar və 4 günlük müharibənin əsas dərsini unutdular. 
 
Bu dərs ondan ibarətdir ki, status-kvonun əvvəlki kimi uzadılması artıq yolverilməzdir və böyük müharibəyə gətirə bilər. Doğrudur, son zamanlar nisbətən Rusiya rəhbərliyi müəyyən fəallıq göstərir. Lakin bu da əfsuslar olsun ki, problemi yerindən tərpətmək üçün yetərli deyil. Əsas əngəl isə həmənkidir - işğalçı Ermənistan Rusiyaya arxalanaraq ipə-sapa yatmır, güzəşti yaxına belə buraxmır. Nə vaxta kimi? 

*****  
 
“Əgər Ermənistan beş rayonun qaytarılmasına razı olmasa, bu, müharibə demək olacaq”. Bu fikri rusdilli 1news.az-a müsahibəsində politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, ermənilər əslində beş yox, yeddi rayonu azad etməlidirlər, çünki həmin rayonlarla bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri var. “Ancaq bizim haqqımız çatır tələb edək ki, erməni silahlı qüvvələri bütün işğal edilmiş ərazilərdən çıxsın” - politoloq deyib.
 
Musabəyov Rusiya prezidenti Vladimir Putinin “tərəflər elə bir həll variantı tapmalıdır ki, hər ikisi üçün kompromisli olsun və heç bir tərəf özünü məğlub saymasın” sözlərinə də münasibət bildirib: “Qalib və məğlub olmasın yanaşması 20 ildir təkrarlanan ümumi sözlərdir. Bəs bunun ardınca nə olacaq? Belə bəyanatlar yalnız cavabdan qaçmaq anlamına gəlir və onların real məzmunu hələlik açılmamış qalır”.

Xatırladaq ki, AzərTAc-a müsahibısində Putin həmçinin bunu söyləyib: “Kompromisin əldə edilməsi ərazi bütövlüyü prinsipi ilə öz müqəddəratını təyin etmə prinsipinin optimal balansını tapmağı nəzərdə tutur. Nizamlamanın yekun hədəfi elə bir anlaşma olmalıdır ki, tərəflərdən heç biri özünü nə qalib, nə də məğlub hiss eləsin, güzəştlər qarşılıqlı olsun, qazanc həm Azərbaycan, həm də Ermənistan ictimaiyyəti üçün aydın olsun. Rusiya münaqişə tərəflərini qane edən həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birgə nizamlamanın qarantı kimi çıxış etməyə hazırdır”.
R. Musabəyov isə hesab edir ki, Azərbaycan onun ərazi bütövlüyünə xələl gətirən təklifləri heç vaxt qəbul etməyəcək: “Yerdə qalanlara isə baxmaq olar. Əfsus ki, Ermənistan öz növbəsində bunda təkid edir: ”Biz nəyi istəyirsiniz nəzərdən keçirə bilərik, amma Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmyacaq". Bu iki mövqeni də uzlaşdırmaq mümkün deyil. Madrid prinsiplərinin mahiyyəti də ondan ibarətdir ki, bu məsələ mötərizə xaricinə çıxarılırdı. Erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasına dair praktik addımlar hansı ardıcıllıqla həyata keçiriləcək, bu, hələ də aydın deyil".
 
Ekspertin fikrincə, reallıq ondan ibarətdir ki, Rusiya erməniləri başa salacaqmı ki, onların öz tələblərində inadkarlıq göstərməsi müharibəni tətikliyə bilər və o halda Rusiyanın Ermənistana dəstəyinə bel bağlamaq lazım gəlməyəcək? “Əgər bu, ermənilərə anlaşıqlı şəkildə izah olunacaqsa, o zaman işğalçı qüvvələrin Azərbaycan ərasizindən çıxarılmasına dair təkliflər reallaşacaq. Əgər onlara anlaşıqlı şəkildə bu izah edilməsə, bizə isə deyilsə ki, Ermənistanda mürəkkəb vəziyyət mövcuddur, Serj Sərkisyan belə qərarı vermək imkanında deyil, odur ki, səbir edib, bu, məsələni hillindən qaçmaq demək olacaq, o halda Azərbaycan məsələni öz imkanlarından çıxış edərək yoluna qoymaq barədə fikirləşəcək” - ekspert əlavə edib.

Bu yol isə bəllidir - hərb variantı.  
 
***** 
 
Öz növbəsində erməni politoloq Armen Minsayan hesab edir ki, hazırda Qarabağ nizamlanmasında aktivlik müşahidə olunur və bu da birbaşa Rusiyanın vasitəçilik fəaliyyətinin fəallaşması ilə, həmçinin çoxtərəfli formatda fəallaşması ilə bağlıdır.
“Rusiya regionda müəyyən qərarlara gəlmək istəyir - təbii ki, öz maraqlarını nəzərə almaqla. Bəs aparılan danışıqlar müxtəlif informasiyalara rəğmən, hansı nəticələrə gətirdi? Aydındır ki, biz Madrid prinsiplərinin hansısa yenilənmiş versiyasını görürük. Bu prinsiplər də vasitəçi ölkələrin bəyanatlarında dəfələrlə səslənib” - erməni ekspert qeyd edib.

V.Putinin məlum bəyanatına münasibət bildirən Martirosyan deyib: “Hər kəsin nəzər-nöqtəsinə görə, kompromis - birdir. Problem də ondadır ki, tərəflərin kompromisləri üst-üstə düşmür. Dəyişən yeganə faktor Rusiyanın vasitəçi qismində fəallaşmasıdır, belə deyək, onun bu mərhələdə konflikti həll etmək istəyidir. Ancaq bu birmənalıdır ki, Rusiya da daxil, bütün vasitəçi-dövlətlər həmişə bəyan ediblər ki, tərəflər özləri qərara gəlməlidir. Münaqişənin həlli üçün kompromis hər iki tərəfdən olmalıdır. Amma problem ondadır ki, hər bir tərəf kompromisi məğlubiyyət kimi qəbul edir. Hər iki ölkədə müəyyən maksimalist yanaşmalar var və bu yanaşmadan istənilən şəkildə bir addım geri çəkilmək onlar üçün məğlubiyyət anlamına gəlir”. 

Politoloqa görə, Rusiyanın vasitəçi qismində mövqeyi ondan ibarətdir ki, nə qalib, nə də məğlub olmalıdır:“Kompromis nədən ibarətdir, bunu danışıqlar prosesinin gedişi göstərəcək. Mən düşünürəm ki, Rusiya və başqa həmsədr dövlətlər tərəflərin kompromisə gəlməsinə meyllidir”. 

“Bəs iki ölkənin cəmiyyətləri nə dərəcədə güzəştlərə hazırdır” sualına erməni analitik belə cavab verib:“Fikrimcə, nə erməni, nə də Azərbaycan cəmiyyəti konfliktin kompromisli həllinə hazır deyil. Belə bir şey yoxdur, vəziyyətin başqa bir situasiyaya transformasiya zərurəti var. Və bu da danışıqlar masası arxasında müzakirələrin gedişində yox, uzunmüddətli işin nəticəsində baş verməlidir. Həm cəmiyyətdən, həm də onun ayrı-ayrı təbəqələrindən nəhəng iş tələb olunur. Çünki münaqişə bütün cəmiyyətin problemidir. 1-2 il ərzində hansısa qərara gəlib hansısa kağızı imzalamaq və həyata keçirmək mümkün deyil. Düşünürəm ki, hazırda köklü şəkildə elə bir şey dəyişməyib ki, konfliktin həlli üçün ciddi zəmindən danışmaq mümkün olsun”.
 
***** 
 
Bu da erməni şərhçisinin məsələyə yanaşması. Aydındır ki, o da Azərbaycanla Ermənistanı tərəzinin eyni gözünə qoymağa çalışıb. Lakin Azərbaycanın Ermənistandan ən əsas fərqi odur ki, Ermənistan işğalçıdır. İşğalçı ilə işğala məruz qalandan isə eyni şey - kompromis tələb oluna bilməz. 
 
İşğalçı şərtlə danışa, şərt də qoya bilməz. Bu üzdən Qarabağ məsələsində ən birinci addımı erməni tərəfi atmalıdır - işğal siyasətinə son qoymaqla. Bunu ondan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, beynəlxalq hüquq tələb edir - əgər belə bir hüquq hələ qüvvədədirsə. 
 
Həmin beynəlxalq hüququn normalarına görə, həmçinin işğal altındakı ərazilərin qaytarılması heç də Ermənistanın güzəşti sayıla bilməz. Rəsmi İrəvan bunu güzəşt kimi gözə soxa bilməz. Təcavüzə məruz qalan Azərbaycanın ən böyük güzəşti isə o ola bilər ki, təcavüzkarın öz işğalçı qüvvələrini ərazilərimizdən xoşluqla çıxarması üçün müəyyən qədər gözləsin, ona möhlət versin. Bu vaxt limiti də artıq bitib. 
 
Demək, məsələnin dinc yolla həllinin bundan sonra da uzadılması müharibəni - çıxmaq istəmədiyi torpaqlardan işğalçını zorla çıxarmaq üçün sonuncu vasitəni labüd edəcək. Hər halda, BMT Nizamnaməsinin, Qarabağa dair BMT qətnamələrinin Azərbaycana verdiyi bu müstəsna hüququ onun əlindən heç kim, o cümlədən həmsədr dövlətlər almayıb. Ermənistan gerçəkdən də müharibə istəyirsə, onu alacaq. Yox, sülh arzu edirsə - onun da yolu bəlli: işğala təcili son qoymaq, Dağlıq Qarabağın Azərbaycanın tərkibində yüksək statusuna qane olmaq.
musavat