|
Rusiya Azərbaycanla yanaşı Türkiyəni də Avrasiya İttifaqına qoşmaq istəyir
Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasından sonra ölkənin iqtisadiyyatının səviyyəsi, nə əldə etməsi, nələri itirməsi ilə bağlı erməni cəmiyyətində müzakirələr başlayıb. Bir sıra ekspertlər, jurnalistlər, siyasətçilər prezident Serj Sərkisyanı Ermənistanı Avrasiya İttifaqına qoşmaqla böyük səhvə yol verməkdə ittiham edirlər. Açıq şəkildə bildirilir ki, Ermənistan Kremlin Avrasiya İttifaqı bataqlığına düşdü.
 
Ermənistanda Avrasiya İttifaqına üzvlüyün davam etməsinin ölkənin xeyrinə, yoxsa zərərinə olduğu müzakirələrinin meydana gəldiyi bir vaxtda Azərbaycanın Avrasiya İttifaqına üzvlük məsələsinin yenidən aktuallaşacağı barədə xəbərlər yayılmaqdadır. Qeyd edilir ki, Türkiyə ilə Rusiya arasında münasibətlərin düzəlməsi Rusiya Azərbaycanın sözügedən ittifaq daxil olması məsələsini ciddi şəkildə gündəmə gətirir, hətta bu istəyini reallaşdırmaq üçün Ankaranın yardımından istifadə etməyə çalışır. 

Bəs Ermənistanda Avrasiya İttifaqına üzvlüklə bağlı narazılıqların meydana gəldiyi bir zamanda Azərbaycanın bu İttifaqa daxil olması gözlənilirmi? Azərbaycana bununla bağlı Kremldən təzyiq ola bilərmi? Bu halda Azərbaycan hansı addımları atmalıdır? 

Sabiq baş nazir, AXP sədri Pənah Hüseyn bildirdi ki, Ermənistanda Avrasiya İttifaqı ilə bağlı baş verən hadisələrdə ən azı yarı oyun elementi var: “Deməzdim ki, oradakı bütün qüvvələr sözləşmiş şəkildə hərəkət edirlər. Orada həqiqətən indiki Ermənistan iqtidarı əleyhinə çıxış edən qüvvələr var. Onlar Avrasiya İqtisadi İttifaqına daxil olmağın zərərli olduğu şüarlarından da Serj Sərkisyanın əleyhinə istifadə edirlər. Bundan əlavə, orada Rusiyaya qarşı olan müəyyən azsaylı qüvvələr var. Müəyyən qərbmeylli qüvvələr mövcuddur. Ancaq ölkədə siyasi ab-havanı müəyyən eləyən onlar deyil. O ki qaldı Azərbaycanın Avrasiya İttifaqına qoşulması məsələsinin gündəmə gəlib-gəlməyəcəyinə, bu, Türkiyə ilə Rusiyanın yaxınlaşmasından əvvəl də gündəmdə idi. Lakin gündəmdə olmaq hələ bu məsələnin gerçəkləşməsi demək deyil.  Amma artıq bu məsələ xeyli müddətdir ki, Azərbaycanda və Rusiyada müzakirə olunur. Hətta xeyli müddətdir ki, Türkiyənin də Avrasiya İttifaqına qoşulması ilə bağlı Qazaxıstan prezidentinin təklif xarakterli işarələri gündəmə gəlir. Türkiyənin Avrasiya İttifaqına qoşulması ehtimalını Ermənistandan narahatlıqla gündəmə gətirirlər. Amma bu ehtimalın həyata keçməsi çox ciddi geosiyasi dəyişiklik demək olardı. Regionda geosiyasi mənzərəni ciddi dəyişdirərdi və yeni situasiya yaradardı”.
 

P.Hüseyn qeyd etdi ki, Azərbaycan Avrasiya İttifaqı məsələsindən özünün müəyyən maraqlarını həm müdafiə eləmək üçün, həm də Qarabağ məsələsində mümkün olduğu qədər nəyisə əldə eləmək üçün istifadə eləməyə çalışır: “Qarabağ məsələsi ilə bağlı konkret olaraq çox ciddi mühüm dəyişiklik olmasa, ən azından Dağlıq Qarabağ ətrafındakı rayonlarımız azad edilməsə, Azərbaycanın Avrasiya İttifaqına qoşulması problematik görünür, hətta mümkünsüz görünür. Biz də hesab edirik ki, qeyd etdiyimiz məsələ baş vermədən Avrasiya İttifaqına daxil olmaq məsələsi gündəmə gətirilməməlidir. 
 
Bu, Azərbaycanın taleyi ilə bağlı çox mühüm məsələdir. Azərbaycanın daxili siyasətinə də bu prosesin ciddi təsirləri ola bilər. Biz çox qarışıq bir mərhələdəyik. Bu mərhələnin yaxın dövrdə aydınlaşacağı elə də sadə görünmür. O baxımdan, istər Azərbaycan iqtidarı, istər Azərbaycan siyasi müxalifəti yaranmış vəziyyəti oturub düşünüb təhlil eləməlidir, öz mövqeyini müəyyənləşdirməlidir. Uzun müddət belə bir qeyri-müəyyən vəziyyətin davam eləməsi bizim maraqlarımız, perspektivlərimiz üçün də ciddi problemlər yaradır".  
Cia.az