Azərbaycanda fiziki şəxslər tərəfindən mobil telefonların ölkəyə gətirilməsinin məhdudlaşdırılması planlaşdırılır. Avqustun əvvəllərində mətbuatda bu haqda informasiyalar yayılmışdı. Telekommunikasiya bazarında çalışan mənbə mətbuata açıqlamasında bildirmişdi ki, hər bir Azərbaycan vətəndaşı iki ildən bir şəxsi istifadə üçün ölkəyə bir mobil telefon gətirə biləcək.
İlkin məlumatlara görə, yaxın gələcəkdə qüvvəyə minəcək olan bu yeni üsul dövlət büdcəsinə daxilolmaların artırılmasına imkan verəcək. Hazırda Azərbaycanda xaricdən gətirilən qeydiyyatsız mobil telefon bazarının həcmi ümumi bazarın 80%-i qədərdir. Yeni qaydaların tətbiqi rəsmi distribütorların fəaliyyətinə müsbət təsir göstərəcək, çünki bəzi şirkətlər müflisləşmə həddindədirlər.
Yeni qaydaların tətbiqi ilə bağlı telefon bazarında dəyişən vəziyyəti öyrənmək üçün paytaxtdakı bir neçə telefon satışı mərkəzinə baş çəkdik. Satıcılar bildirdilər ki, son dövrdə telefonlar dolların bahalaşmasına müvafiq olaraq bir qədər də bahalaşıb. Bununla yanaşı, fiziki şəxslərin ölkəyə mobil telefon gətirməsinə qoyulan məhdudiyyət də bazar iştirakçılarını bir qədər sıxışdırıb.
“28 may” metrostansiyası ətrafında fəaliyyət göstərən mağazalarda çalışan satıcıların sözlərinə görə, dolların son günlər cüzi də olsa bahalaşması mobil telefonları qiymətlərini bahalaşdırıb: “Son 1 aydır ki, mobil telefonların qiymətləri durmadan artır. Bunun nəticəsində mobil telefon bazarında durğunluqdur. Dolların qəpik-qəpik qalxması telefonları manat-manat bahalaşdırır. Qiymətlər demək olar ki, günə 1 manat qalxır”.
Rahil adlı satıcı bildirdi ki, monopoliya olmasaydı fərdi şəxslərə qoyulan telefon gətirmə qadağası onların işinə yarayardı: “Monopoliya olmasaydı, yeni qaydanın tətbiqi bizə sərf edərdi. Yəni indi telefon monopoliyası ilə məşğul olan şirkətlərdən məcbur şəkildə almalı olacağıq. Bir-iki distribütor var ki, telefon bazarında at oynadırlar, istədikləri qiymətləri qoyurlar. 5-ə alıb, 25 satırlar. Yəni, bundan sonra telefonlar bir qədər də bahalaşa bilər”.
Nizami rayonunda, “Neftçilər” metrostansiyası yaxınlığında telefon dükanında çalışan, başqa bir satıcı da bu cür vəziyyətin yalnız distribütorların işinə yaradığını dedi: “Çoxları elə bilir ki, ölkəyə telefon gətirmə qadağası satıcıların xeyrinə olur. Bu, belə deyil. Yenə də burada qazanan distribütorlardır. Burada ən çox ziyan telefon satışı ilə məşğul olan sahibkarlara dəyəcək. Çünki əvvəlki kimi xaricdən müxtəlif yollarla ucuz qiymətə mobil telefonlar gətirə bilməyəcək. Məcbur qalıb monopolist şirkətlərin qoyduğu qiymətə baha alacaqlar. Bu zaman sahibkarlar da qiymətləri qaldıracaqlar. Sonda alıcılıq azalacaq, həmin mağazalar müflisləşəcək”.
Telefon mağazalarının icarə haqlarına gəlincə, qiymətlər olduqca bahadır. Misal üçün, 25-30 kvadratmetrlik mağazanın icarə haqqı 4-5 min manat civarındadır. İcarə haqları bu qədər baha olduğu üçün satıcılar ayın sonunda borclu qalmalı olur.
Qeyd edək ki, ölkəyə qaçaq yolla mobil telefonlar gətirilir, vergi və gömrük rüsumu ödənilmədiyi üçün bazar ucuz qiymətə daxil olur. Distribütorlarda isə eyni məhsulun qiyməti ucuz telefonlarda 20-30, bahalı telefonlarda 60-70 manat baha olur. Gözlənilən yeni qaydalara əsasən, xaricdən alınan telefonların qeydiyyatı vətəndaşın şəxsiyyət vəsiqəsi və ya xarici pasportundakı identifikasiya nömrəsi əsasında həyata keçiriləcək. Qeydiyyat zamanı vətəndaşa bildiriləcək ki, o yeni telefonun qeydiyyatı üçün yalnız iki ildən sonra müraciət edə bilər.
Son iki ildir ölkəyə xaricdən gətirilən telefonlara məcburi “IMEI” qeydiyyatı istənilirdi. 30 gün içində “IMEI” qeydiyyatdan keçməyən telefonlar bağlanılırdı. Yeni qadağaya əsasən, hər bir vətəndaş ancaq 2 ildə 1 dəfə “IMEI” qeydiyyatdan keçirə biləcək. Güman edilir ki, indiyədək xaricdən qeydiyyatsız gətirilən telefonlara görə, büdcə hər il 50 milyon dollar vergi itirir. Belə ki, hər ay mobil qurğuların İMEİ-kod sistemində 50 min yeni telefon qeydiyyatdan keçirilir. Halbuki, rəsmi telefon idxalı 20 mindən artıq deyil. Mobil telefonların əksəriyyəti bazara qaçaqmalçılıq yolu ilə gətirilir, bir hissəsi isə ölkə daxilində şəxsi istifadə üçün alınır.
Mobil telefon bazarındakı durumu dəyərləndirən iqtisadçı ekspert Rəşad Həsənov da bildirdi ki, əgər fiziki şəxslərin ölkəyə mobil telefon gətirməsinə qadağa qoyulubsa, bu, bazardakı mobil telefonların sayına da öz təsirini göstərəcək: “Nəzərə almaq lazımdır ki, bir çox hallarda fiziki şəxslər tərəfindən ölkəyə gətirilən mobil telefonlar hansısa formada vergidən yayınaraq ölkə bazarlarına daxil olur, bu da vətəndaşların daha aşağı qiymətə telefon əldə etməsinə şərait yaradırdı. Ancaq yeni qayda ölkəyə distribütor şirkətlərindən kənar daxil olan mobil telefonların sayını azaldacaq. Bu isə son nəticədə distribütor şirkətlərin bazarda qiymətləri diktə etməsinə gətirib çıxara bilər. Bu əvvəllər də mövcud idi.
Dövlət Gömrük Komitəsi tərəfindən də bu haqda bir neçə dəfə açıqlama verilmişdi ki, ölkədə satılan telefonların sayı 1 milyondan artıq olduğu halda, rəsmiləşdirilən telefonların sayı 50 min, 100 min olur. Yəni ölkəyə gətirilən telefonların hamısının rəsmiləşdirilməsi ilə bağlı problemlər var idi. Burada bəzi gömrük işçilərinin də marağı var idi, çünki qarşılıqlı razılaşma əsasında baş verirdi. O zaman fiziki şəxslərin ölkəyə gətirdiyi telefonlar da bazara öz təsirini göstərə bilirdi. Lakin bu məhdudiyyətlər distribütor şirkətlər üçün daha münbit şərait yaradır. Onlar istədikləri qiymətə telefonları bazara çıxara biləcəklər. Ancaq bir məsələni də diqqətdə saxlamaq lazımdır ki, ölkədə alıcılıq qabiliyyəti aşağıdır. Belə bir şəraitdə mobil telefon bazarında şirkətlər əvvəlki qədər marja tətbiq edə bilmirlər. İlk vaxtlarda bu qərar dövlət büdcəsinə daxilolmaların həcmini artıra bilər. Lakin gələcəyə baxdıqda, bu hallar bazarda alıcının zərərinə bir tendensiyanın formalaşmasına səbəb olacaq".
Cia.az
