Azərbaycanda Konstitusiya dəyişikliklərini nəzərdə tutan referendumun təyin edilməsindən xeyli vaxt keçsə də adətən seçki və referendum kimi ciddi hadisələrə dərhal münasibət ortaya qoymaları ilə seçilən beynəlxalq təşkilatlardan heç bir reaksiya yoxdur. Budəfəki referenduma heç kim nə müsbət, nə də mənfi tonda hər hansı mövqe bildirməyib. Bir laqeydlik olduğu açıq şəkildə ortadadır.
Beynəlxalq təşkilatların reaksiyasızlığını müxalifət partiyaları fərqli şəkildə dəyərləndirir. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, artıq həm beynəlxalq ictimai rəydə, həm də daxili ictimai rəydə formalaşan ümumi fikir bundan ibarətdir və bu çox təhlükəli tendensiyadır ki, artıq heç kim Azərbaycanda demokratik seçki keçiriləcəyinə inanmır və gözləmir. Referenduma heç bir şəkildə fikir bildirilməməsi bundan qaynaqlanır: “Beynəlxalq birlik Azərbaycandakı demokratik qüvvələrin də hakimiyyətə hər hansı təsir etmə gücünün olmadığını bildiyindən, cəmiyyətin reaksiyasızlığını gördüyündən gözləmə rejiminə keçib. Daxildəki vəziyyətə uyğun davranış sərgilənir”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də hesab edir ki, xalq siyasi baxımdan aktiv olmadığı, müxalifət zəif və xalqa təsir edə bilməyəcək durumda olduğu üçün beynəlxalq təpki, reaksiya yoxdur: “Ən qorxulu cəhət də məhz xalqın passiv olması və müxalifətin zəifliyidir. Sosial-siyasi partlayışlar və gözlənilməz xaos situasiyaları bir qayda olaraq məhz bu cür cəmiyyətlərdə meydana gəlir. Dünya təcrübəsində buna çoxsaylı misallar var. Xalqın siyasi passivliyi və zəif müxalifət sosial partlayışlar üçün əlverişli zəmindir. Referenduma beynəlxalq diqqətin olmaması da yaxşı əlamət deyil”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə hakimiyyətin heç nədən çəkinmədən Konstitusiyanı dəyişməsi - referenduma getməsində beynəlxalq birliyin, xüsusən Qərbin zaman-zaman yürütdüyü ikiüzlü siyasətin də rolunun olduğunu düşünür: “Biz millət olaraq, öz maraqlarımızı qorumağı öyrənməliyik. Bizə son 25 ildə Qərbdən eşitdirilən insan haqları və demokratiya barədə lay-layların yuxu üçün edildiyini görməmək olmur. Azərbaycanda da eyni halın şahidiyik. Ölkəmizi transmilli şirkətlər və böyük Qərb dövlətləri sümürür. Türkiyənin AKP iqtidarının ”qarmaqdan" çıxdığını duyduqda təşəbbüsləri “darbə” oldu. Baxın, sentyabrın 26-da Ana Yasamızın antidemokratik istiqamətə dəyişdirəcək referenduma bir təpki varmı Qərbdən? Olmayacaq da. Çünki hakimiyyətimizlə iş birliyindədirlər. Bunlara hakimiyyət, özlərinə neft, qaz lazımdır. Ona görə də referenduma heç bir münasibət bildirmirlər. Xüsusilə də 15 iyul çevriliş təşəbbüsünün - Türkiyəni öz vassalına çevirmək cəhdinin arxasından Qərb çevrələrinin adının çıxmasından sonra geopolitik baxışlarıma əsaslı düzəlişlər etmişəm. Qərb siyasətinin marginallığı, praqmatizminin eybəcər siması, daha düzü, simasızlığı daxilimdə narahatlıq və ikrah yaradıb. Deməli, onlar üçün də dəyərlər deyil, maraqlar öndədir. Onlar demokratiyanı deyil, öz maraqlarını hər işdən yuxarıda tuturlar".
musvat
