26 sentyabrda keçiriləcək referendumla bağlı hakim Yeni Azərbaycan Partiyasının yaratdığı “Yeni Azərbaycan” təşəbbüs qrupu təşviqat qrupu kimi Mərkəzi Seçki Komissiyasında qeydə alınmaq üçün lazım olan 40 min imzanın əksəriyyətini toplayıb. Yaxın günlərdə imzatoplama kampaniyası başa çatdırılacaq.
Partiyadan verilən məlumata görə, “Yeni Azərbaycan” təşəbbüs qrupu rayonların əksəriyyətində imzatoplama kampaniyasını uğurla başa çatdırıb.
Müxalifət düşərgəsində yeganə təşəbbüs qrupunu isə Müsavat Partiyası yaradıb. “Respublika” adlanan təşəbbüs qrupunun imzatoplama kampaniyasının nə yerdə olduğuna gəlincə, partiyanın Divan üzvü Razim Əmiraslanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, MSK-dan alınan imza vərəqələri 70-ə yaxın rayon təşkilatlarına göndərilib. Artıq beş-altı gündür rayon təşkilatları bütün gücünü imzatoplama kampaniyasına yönəldib: “Vaxtın uğursuz, eyni zamanda havaların çox isti keçməsinə baxmayaraq, imzatoplama kampaniyası çox uğurla gedir. Bilirsiniz ki, Müsavat Partiyasının yüzlərlə çox təcrübəli seçki mütəxəssisləri var. Yəqin ki, yaxın günlərdə imzatoplama kampaniyasını uğurla başa çatdıracağıq. Məlumat üçün deyim ki, bu günə kimi 70-80 faiz imzalar yığılıb.
YAP-ın imzatoplama kampaniyasını əksər rayonlarda başa çatdırmasına gəldikdə, hər kəsə bəllidir ki, YAP adətən imzatoplama işini inzibati resursların, büdcə təşkilatlarında çalışan insanların hesabına toplayır. Əvvəlki illərdə YAP-ın namizədlərinə imzaların mənzil istismar sahələrinin rəislərinin kabinetlərində toplandığı barədə məlumatlar yayılmışdı".
R.Əmiraslanlı məlumat verdi ki, Müsavat Partiyasının referendumla bağlı mövqeyinin və addımlarının necə olduğu ilə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi maraqlanıb. Səfirliyin siyasi məsələlər üzrə katibi Ceyms Holder avqustun 12-də Müsavat Partiyasının qərargahına gəlib. Partiyanın Mərkəzi İcra Aparatında olan diplomat partiyanın rəhbərliyinə daxil olan şəxslərlə qarşıdan gələn referendum da daxil olmaqla, bir sıra məsələlər haqqında geniş fikir mübadiləsi aparıb. Qonağın diqqətinə referendumla bağlı Müsavat Partiyasının mövqeyi, hazırlıqları haqqında məlumat çatdırılıb.
Cia.az
