|
BSU rəhbərliyi mozaikaları niyə sökdüklərinə aydınlıq gətirdi, rus dili qadağasını təkzib etdi
Bakı Slavyan Universitetinin (BSU) fasadındakı mozaikaların yeni təyin edilmiş rektor Nurlana Əliyevanın tapşırığı ilə sökülməsi bir neçə gündür ki, medianın və sosial şəbəkələrin gündəmini zəbt edib. 46 illik mozaiklərin tarixi abidə olduğunu iddia edən vətəndaşlar və tələbələr sözügedən hadisəyə öz etirazlarını bildiriblər. Dünən isə facebookda  rektorun universitetdə tələbələrə rus dilində danışmağı qadağan etdiyi, qadağaya əməl etməyənlərin cəzalandırılacağı barədə məlumatlar yayılıb. 
 
 
“Yeni Musavat”ın əməkdaşı həm söküntü işləri ilə tanış olmaq, həm də gündəmə gələn qadağa məsələsini yerində aydınlaşdırmaq üçün universitetdə olub. 
 
Biz universitetə çatanda günün qızmar vaxtı olsa da, binanın fasadında təmir işləri davam edirdi. Universitetə yaxınlaşıb foto çəkməyə başlamışdıq ki, fəhlələrdən biri qışqıra-qışqıra yoldaşına işarə edir:  
 
- Yenə gəldilər. Şəkil çəkirlər.

- Qoy, çəksinlər, onsuz heç nə dəyişməyəcək.
 
Oradan ayrılıb universitetin qapısına yaxınlaşırıq. Mühafizəçi rektorun olmadığını, qəbul gününün cümə günü olduğunu bildirir və əlavə edir ki, universitetdə prorektor Əbülfəz Nağıyevdir. Onunla görüşmək istədiyimizi bildirdikdən sonra mühafizəçi prorektora xəbər verir və onun müşayiəti ilə ikinci mərtəbədə yerləşən kabinetə yollanırıq. 
 
Bizi qapıda qarşılayan prorektor əvvəlcə çalışdığımız media orqanına mənsub sənədə baxır. Gəliş səbəbimizi öyrəndikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətin məktubunu bizə uzadaraq söhbətə başlayır:  “Xahiş edirəm ki, bu məktubu diqqətlə oxuyun. O zaman sizə hər şey aydın olacaq”. 
 
Məktuba nəzər yetirməyimizi gözləyir və bir neçə dəqiqədən sonra davam edir: “Siz də şahid oldunuz ki, mozaikalar tarixi abidə deyil. Tarixi abidə olsaydı, biz onu sökməzdik. Biz kiməsə, daha doğrusu, özümüzə başağrısı olmasını istəməzdik. Yəqin ki, universitetə daxil olanda təmir işlərini gördünüz. Mətbuatda isə bu haqda heç nə yazılmır. Heç kim gəlib həqiqətlə maraqlanmır, sosial şəbəkələrdə yayılan məlumatlara inanır. Həmin mozaikalar tarixi abidə deyil, tarixi abidə olsaydı, universitetin binası da tarixi abidə siyahısına düşərdi. Mozaikaların sökülməsinin əsas səbəbi tökülməsi idi. Gün ərzində 5-6 daş tökülürdü, alt hissələr tamamən sıradan çıxmışdı, bərpası mümkün deyildi. Onları kərpicin üzərinə yapışdırıblar. Ona görə akt tərtib olundu, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edildi, mütəxəssislər gəlib baxdılar, məsləhət görüldü ki, sökülsün. Universitet tamamilə təmir olunur. Foyedə Heydər Əliyev Muzeyi olacaq. Yeni lift quraşdırılır. Müasir, 600 nəfərlik akt zalı  hazırlanır. Fasad da memar tərəfindən Şərq üslubunda düzəldilir. Orada milli ruhumuza oxşar olmayan heç nə olmayacaq. Mətbuat bunları işıqlandırmır. Elə bilirlər ki, burada kortəbii iş görürlər. Amma elə deyil. İnformasiya-kommunikasiya texnologiyalarına cavab verən otaqlar düzəldirik. Elektrik işləri görülür, yeni internet çəkilir. Müşahidə kameraları qurulacaq, bütün bunlar internet üzərindən idarə olunacaq. Mozaika ilə bağlı səhv məlumatlar yayırlar. Media nümayəndələri universitetə bu gündən başlayaraq gəlib, gerçəkdə olanlarla maraqlanır. İnanırıq ki, jurnalistlər bundan sonra yalan məlumatlar yaymayacaqlar”.
 
Ə.Nağıyev rektor Nurlana Əliyevanın tələbələrə rus dilində danışmağı qadağan etməsi barədə yayılan məlumatlara da aydınlıq gətirib: “Rus dilində danışan tələbələrə cəza veriləcəyi barədə xəbər yayanlar yeni rektoru gözü götürməyənlərdir. Nurlana Əliyeva elə qadağa qoymayıb. Sadəcə, hamı bilməlidir ki, Azərbaycan dili dövlət dilimizdir. Vəssalam. Kim istəyir, rus-ingilis dilində danışsın. İnsanlar niyə hər deyilənə inanır?! Heç bir inzibati qaydada Azərbaycan dilində danışmayanların cəzalandırılacağı yazılmayıb. Cinayət Məcəlləsində də yoxdur. Heç kim xarici dili qadağan edə bilməz”.
 
Prorektor tez-tez mətbuatda yeni rektorla bağlı yayımlanan neqativ xəbərlərə də münasibət bildirib: “Rektor yeni gələndə məlumat yayıldı ki, müəllim və tələbələr vahid formaya keçəcək. Hər kəs bunu tənqid etməyə başladı. Vahid formaya keçmək Təhsil Nazirliyinin kollec və məktəblərə tətbiq etdiyi qaydadır. BSU-da belə qayda tətbiq edilməyib. Yenə də deyirəm, yeni rektoru gözü götürməyənlər həqiqəti əks etdirməyən xəbərlər yayırlar. Onu da əlavə edim ki, universitet sentyabrın 15-i tam hazır olacaq. Mətbuat nümayəndələrini də dəvət edirik, gəlib işıqlandırsınlar”.
musavat.com